Təhsildə dil siyasəti yenidən MÜZAKİRƏDƏ – Rus bölmələrinin gələcəyi necə olacaq?
Azərbaycanda rusdilli bölmələrin bağlanması mövzusu yenidən gündəmdədir. Sosial şəbəkələrdə və mətbuatda rusdilli təhsil bölmələrinin yığışdırılması məsələsi geniş müzakirə olunur.
Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Yenicag.az-a açıqlama verib.
O, bildirib ki, nəzəri müstəvidən bu mövzu ilə bağlı müxtəlif fikirlər irəli sürülə bilər, çünki hər sivil cəmiyyətdə fərqli mövqelər mövcuddur və vətəndaşların öz fikirlərini sərbəst şəkildə bildirmə haqqı var.
Ekspert öz mövqeyini belə açıqlayıb:
“Şəxsən mən də nəzəri müstəvidən çıxış edərək, rus dili bölmələrinin bağlanmasının, yaxud saylarının azaldılmasının tərəfdarıyam. Tam bağlanmasa da belə, ingilis dili bölmələrinə münasibət necədirsə, rus dili bölmələrinə də münasibət o cür olmalıdır. Əgər qısa zamanda bu baş versə, şəxsən bunu təhsil adına tarixi və ciddi hadisə hesab edərəm!”
Amma məsələnin praktiki tərəfləri də mövcuddur ki, bunlar nəzəri müddəalarla tam uyğun gəlməyə bilər:
“Doğrudan da düşünəndə belə bir sual yaranır: Rus dilində təhsilə bu qədər, hədsiz aşırı münasibət nəyimizə lazımdır? Rus dili süni intellekt əsrinin informasiya mühiti üçün ingilis dili, çin dili, alman, fransız və ispan dilləri qədər önəmli deyil. Bu dillə tədris, bu dillə ali təhsil insanı əmək bazarında da o qədər də ciddi üstünlük qazandırmayacaqsa, biz niyə bunu üstün tuturuq?”
Elmin Nuri qeyd edib ki, əgər əlavə dil öyrənmək məsələsidirsə, artıq repetitorluq və fərdi hazırlıq dövrü var və rus dili bölmələrinə ehtiyac qalmaya bilər.
“Fikrimcə, təhsilimizdə rus dili bölmələrinin sayı yaxın gələcəkdə azalmağa doğru gedəcək. Üstəlik, rusdilli bölmələrdə Azərbaycan dili, onun tarixi, ədəbiyyatı, milli dəyərlər və milli-maarifçilik faktorları o qədər ön plana keçməlidir ki, dil fərd üzərində öz prinsiplərini yürüdə bilməsin. Əksinə, bu prinsiplər dil üzərində hegemonluq səviyyəsinə qalxsın. Məhz belə olan təqdirdə biz rusdilli bölmələrin az da olsa fəaliyyət göstərmələrinə göz yuma bilərik,” — deyə ekspert fikrini tamamlayıb.
Məsimə Məmmədova