150 illik media SALNAMƏSİ: Jurnalistlər öz təəssüratlarını BÖLÜŞDÜLƏR
“Azərbaycan mətbuatının bu gün 150 illiyi qeyd olunur. Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə bir sıra tədbirlər keçirildi, III Şuşa Media Forumu baş tutdu”.
Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna.az” saytının baş redaktoru, Əməkdar jurnalist Elçin Şıxlı deyib.
Müsahibimiz Azərbaycan milli mətbuatının 150 illiyi ilə bağlı təəssüratlarını bölüşüb:
“Mən belə başa düşürəm ki, bu cür tədbirlərin keçirilməsi 150 illik yubiley üçün tamamilə təbiidir. Çünki 150 il, hətta tarixi baxımdan belə, az müddət deyil. Azərbaycan mətbuatının inkişafını mən üç mərhələyə bölürəm. Birinci mərhələ 1875-ci ildə “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə başlanır. İkinci mərhələ isə Sovetlərin Azərbaycanı ilhaq etməsinə qədərki dövr və ardınca gələn 70 illik sovet jurnalistikası dövrüdür. Üçüncü mərhələ isə müstəqil Azərbaycan dövründə jurnalistikanın inkişafıdır”.
Onun sözlərinə görə, bütün bu mərhələlər yavaş-yavaş, addım-addım keçilən, 150 il ərzində formalaşan uzun, çətin, lakin şərəfli bir yolun hissələridir:
“Xüsusilə də 1991-ci ildən etibarən Azərbaycan mətbuatı, Azərbaycan jurnalistikası böyük bir yol qət edib. Artıq təxminən 35 ildir ki, biz müstəqil şəkildə yazıb-yaradırıq. Burada təbii ki, dövlətin və hökumətin rolunu danmaq olmaz. Çünki mətbuata kifayət qədər diqqət yetirilir, jurnalistikaya dəyər verilir. Amma mən belə düşünürəm ki, biz hələ inkişaf mərhələsindəyik. Yəni, dayanmaq olmaz və dayanmamalıyıq da… Bir daha hamını təbrik edirəm və inanıram ki, Azərbaycan jurnalistikasının daha parlaq, daha yüksək və daha peşəkar səviyyəyə çatacağı günlər hələ qarşıdadır”.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət isə hesab edir ki, Azərbaycan mətbuatı 150 illiyini açıq alınla, üzüağ qarşılayır.
Onun sözlərinə görə, bu gün bizim mətbuatımız dünya səviyyəsində sözünü deyə bilən, ayaqda durmağı bacaran və yetərincə də kəskin bir media orqanına çevrilib:
“Mən əminəm ki, Həsən bəy Zərdabi “Əkinçi” qəzetini təsis edərkən, bu gün gəldiyimiz səviyyə onun ağlına belə gəlməyib. O, sadəcə olaraq, adi bir qəzet dərc edərək milləti maarifləndirmək məqsədini qarşısına qoymuşdu. Amma bu gün Azərbaycan mətbuatı təkcə milləti maarifləndirməklə məşğul deyil. Bizim mətbuatımız dünyanın hər tərəfində Azərbaycanın səsini çatdırır. Təkcə ana dilimizdə – türkcə, azərbaycanca deyil, eyni zamanda dünyanın ən populyar dillərində də Azərbaycan mətbuatına, Azərbaycan mediasına rast gəlmək mümkündür”.
“Bu, əlbəttə ki, arxada qalan 150 ilin verdiyi imkanlardan səmərəli istifadənin nəticəsidir. Düzdür, bu 150 ilin 116 ili haradasa Rusiyanın işğalı altında keçib və yerdə qalan 34 ildir ki, müstəqilik. Müqayisə etdikdə isə görürük ki, bu 34 illik müstəqillik dövründə Azərbaycan mediası 116 ildə keçdiyindən qat-qat artıq yol qət edib. Bu da bir daha göstərir ki, müstəqillik – doğrudan da inkişaf, irəliləyiş, böyük uğurlar deməkdir”, – deyə o, əlavə edib.
A. Həsrətin fikrincə, Azərbaycanın bugünkü mətbuatı bizim müstəqilliyimizin güzgüsüdür:
“Nə qədər müstəqilik, mətbuatımız da bir o qədər müstəqildir. Azərbaycan mətbuatı sözünü, səsini dünyaya çatdıra bilirsə, bu, elə Azərbaycan dövlətinin bir müstəqil dövlət olaraq səsini dünyaya çatdırmasının inikasıdır. Biz şərəfli bir yol keçmişik. 150 ili bir daha vurğulamaq istəyirəm: alnı açıq, üzü ağ gəlmişik. İrəlidə isə bizi daha böyük hədəflər gözləyir”.
Rafi Müslümov