3 May – Türkçülüyün TARİXİ ZAMAN YOLU
Bu gün – 3 may – türk dünyası üçün təkcə bir xatirə və bayram deyil, həm də ideoloji oyanışın, milli birliyin və tarixi ədalətin səsi olan mübarizə günüdür. 81 il əvvəl başlayan bu ideoloji hərəkat zamanla milyonlarla türkün mənəvi dünyasında mühüm yer tutdu. Bu gün artıq türk kimliyinin rəmzi, milli iradənin simvolu və ortaq gələcəyin işarəsi kimi qəbul olunur.
3 mayın təməli 1945-ci ildə Nihal Atsız, Zeki Velidi Toqan və Reha Oğuz Türkkan kimi öncül türkçü ziyalıların Tophane hərbi həbsxanasında təşkil etdiyi sadə, lakin dərin mənalı mərasimlə qoyuldu. Həmin gün türkçülük yolunun yalnız ideologiya deyil, həm də müqəddəs bir mübarizə forması olduğunu ortaya qoydu.
Türk millətçiliyinin nəzəri əsaslarını formalaşdıran Ziya Gökalpın “Vətən nə Türkiyədir Türklərə, nə Türküstan; vətən böyük və əbədi bir ölkədir – Turan!” fikri, bu hərəkatın əsas sütunlarından birinə çevrilib. Bu fikir, sadəcə nostalji deyil – türk xalqlarının ortaq strateji vizionu, siyasi və mədəni xəritəsidir.
Bu gün türklər Macarıstandan Çinə qədər uzanan geniş coğrafiyada yaşayır. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan kimi müstəqil dövlətlər, eləcə də müşahidəçi üzv olan Macarıstanın daxil olduğu Türk Dövlətləri Təşkilatı bu birliyin siyasi əsaslarını formalaşdırır.
Lakin bu birlik, təkcə dövlətlərlə məhdudlaşmır. Rusiya, Çin, İran, Suriya, Hindistan və digər ölkələrdə yaşayan milyonlarla türk etnik azlıq olaraq hələ də ciddi haqsızlıqlarla qarşı-qarşıyadır. Rusiyada muxtar respublikalarda hüquqların məhdudlaşdırılması, Çində Uyğur türklərinə qarşı sistemli repressiyalar, İranda Azərbaycan və Qaşqay türklərinin assimilyasiya siyasəti, Ermənistandan deportasiya edilən Qərbi Azərbaycan türklərinin doğma yurdlarına dönməsinə qoyulan qadağalar ümumtürk məkanında ortaq dərd kimi çıxış edir.
Türk kimliyi uğrunda mübarizə aparan ziyalılar tarixin ən acı sınaqlarından keçib. Sovet rejimi dövründə pantürkçülük damğası ilə minlərlə alim, şair və siyasətçi – Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Cəfər Cabbarlı kimi fikir adamları repressiyaya məruz qaldı. Deportasiyalar, sürgünlər və mədəni repressiyalar Türküstan, Krım, Qafqaz və İranda türk toplumunu zəiflətmək məqsədi güdürdü.
Bu gün isə türklər bir çox coğrafiyada öz ana dillərində təhsil almaq imkanından məhrumdurlar. Mədəniyyətləri görməzdən gəlinir, siyasi iştirakları məhdudlaşdırılır. İranın hazırkı prezidenti Məsud Pezeşkianın türkcə şeir oxumasına qadağa qoyulması, Güney Azərbaycanda türk dilində məktəblərin olmaması, Qaşqay türklərinin kimliyinin fars adları altında gizlədilməsi bu siyasətin müasir təzahürüdür.
Azərbaycan Prezidenti İlham Əliyevin “Əgər İranda erməni dilində məktəb varsa, niyə azərbaycanlıların ana dilində məktəb olmasın?” bəyanatı bu haqsızlıqlara verilmiş ən açıq cavablardan biridir. Bu, təkcə regional deyil, ümumtürk məsələsidir.
Türk dünyasının qarşısındakı ən ciddi çağırışlardan biri isə öz daxilində bir-birinə yetərincə dəstək verməməsidir. Kipr, Çin, Yunanıstan, Bolqarıstan, Suriya və digər bölgələrdə yaşayan türklərin yaşadığı haqsızlıqlara qarşı bəzən laqeyd münasibət bu problemin daha da dərinləşməsinə yol açır.
3 May bu baxımdan yalnız bir tarix deyil, həm də ideoloji oyanışın, milli həmrəyliyin və strateji düşüncənin yenidən formalaşdığı bir gündür. Bu gün türklər üçün ortaq gələcəyin dizaynına başlamaq, milli dəyərləri müdafiə etmək və bir amal ətrafında birləşmək üçün çağırış günüdür.
Rafi Müslümov