İsrail ilə Suriyanın “sərhəd böhranı” böyüyür – Ərəb ekspert “Yeni Çağ”a şərh edir
Suriya ilə İsrail sərhədində gərginlik son günlər xeyli artıb. Suriya Xarici İşlər Nazirliyi (XİN) İsraildən 7 dekabr 2024-cü il tarixində mövcud olmuş sərhəd xəttinə tam şəkildə qayıtmağı tələb edir.
Yenicag.az xəbər verir ki, bu tələb 1974-cü il Golan Təpələri üzrə atəşkəs və qüvvələrin ayrılması razılaşmasının müddəalarına əsaslanır.
1974-cü ildə Birləşmiş Millətlər Təşkilatı, Suriya və İsrailin iştirakı ilə imzalanan atəşkəs sazişi Golan Təpələrində əməliyyatların dərhal dayandırılmasını, hər iki tərəfin razılaşdırılmış mövqelərə çəkilməsini və Beynəlxalq Sülhməramlı Qüvvələrin (UNDOF) nəzarətində tampon zona yaradılmasını nəzərdə tuturdu. Suriya XİN-in açıqlamasına görə, İsrail qüvvələri bu razılaşmada müəyyən edilmiş sərhəd xəttindən irəliləyərək 7 dekabrdan əvvəlki vəziyyəti pozub.
Belə ki, İsrail ordusu Kuneytra istiqamətində patrulları və hərbi karvanları artıraraq, əl-Samdaniyə–Şərq yoluna qədər irəliləyib. Yerli insan hüquqları təşkilatları və müşahidəçilər buna etiraz edərək, hər iki tərəf arasında danışıqların perspektivinə kölgə saldığını bildirirlər. Suriya XİN rəhbəri Asaad əl-Şəybani keçirdiyi brifinqdə vurğulayıb ki, dialoqun bərpası üçün yeganə şərt İsrailin əvvəlki sərhədlərə tam olaraq dönməsidir. O, BMT Təhlükəsizlik Şurasını və Ərəb Liqasını məsələni diqqətlə izləməyə və tezliklə konkret addımlar atmağa çağırıb.

Suriyalı siyasi şərhçi Abdulhadi Amiri “Yeni Çağ”a açıqlamasında bildirdi ki, Golan Təpələri region üçün strateji əhəmiyyət daşısa da, uzunmüddətli sülhün təmin edilməsi üçün tərəflər arasında qarşılıqlı etimadın formalaşdırılması vacibdir. Hazırda BMT sülhməramlı qüvvələri regionda yerləşsə də, təmas xəttində gərginliyin artması onların nəzarət imkanlarını məhdudlaşdıra bilər. Regionda sabitliyin qorunması üçün ABŞ, Rusiya və ATƏT kimi təsirli aktorların vasitəçilik səyləri davam edir.
Abdulhadi Amiri bildirir ki, əgər qarşılıqlı ritorika kəskinləşsə və hər iki tərəf geri çəkilməkdən imtina etsə, bu, təmas xəttində qarşıdurmanın yenidən alovlanması riskini gücləndirə bilər. Bu baxımdan, Suriya XİN-in tələbinə beynəlxalq ictimaiyyətin necə reaksiya verəcəyi, gələcək danışıqların taleyini müəyyən edəcək əsas amil olacaq.
Camal Cavanşir












