500 faizlik TƏHDİD: ABŞ və NATO Rusiyanın tərəfdaşlarını HƏDƏFƏ ALDI

media-hightechnic-468x90

“Rusiyanın enerji məhsulları, eləcə də faydalı metallar və digər xüsusi əhəmiyyət kəsb edən məhsullara yeni tariflərin tətbiq olunması ilə bağlı təkliflər mövcuddur. Bu, həmçinin Avropa İttifaqının 18-ci sanksiyalar paketində də əksini tapır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

media-resadbayramli1

Siyasi təhlilçi Rusiyaya qarşı tətbiq olunan sanksiyalar çərçivəsində NATO baş katibi Mark Rüttenin bu ölkə ilə ticarət əlaqələrini davam etdirən Hindistan, Çin və Braziliyanı təhdid etməsinin səbəblərini izah edib.

Onun sözlərinə görə, hər nə qədər bu paket hələ təsdiqlənməsə də, Amerika Birləşmiş Ştatları Konqresi tərəfindən hazırlanan sanksiyalar paketində də müvafiq məsələlər yer alıb:

“Məlumdur ki, ABŞ prezidenti Donald Tramp da bəyan edib ki, əgər 50 gün ərzində müvafiq addımlar atılmasa, yəni Ukrayna-Rusiya cəbhəsində atəşkəs elan olunmasa, o zaman Konqres tərəfindən təklif olunan qanunu təsdiqləməyəcək. Bu isə avtomatik olaraq sanksiya altına düşən məhsulları Rusiyadan alan ölkələrin birbaşa hədəfə alınması deməkdir. Eyni zamanda həmin məhsullara 500 faizlik tariflərin tətbiqi nəzərdə tutulur. Faktiki olaraq bu, təkcə Rusiya iqtisadiyyatına deyil, həm də bu məhsulları Rusiyadan ala biləcək ölkələrin iqtisadiyyatına olduqca ağır zərbə vura bilər”.

R. Bayramov əmindir ki, hazırda Rusiyadan müvafiq məhsulları alan əsas ölkələr Çin, Hindistan Braziliyadır:

“Düzdür, digər ölkələr də mövcuddur, lakin enerji və digər məhsulların əsas hissəsi məhz bu üç istiqamətə yönəlir. Bu təsadüfi deyil. Çünki Rusiya iqtisadiyyatı hər nə qədər zəifləsə, valyuta ehtiyatları azalsa da, müharibəni davam etdirmək üçün hələ də iqtisadi gücünü qoruyub saxlayır. Bu da, əsasən, adıçəkilən üç ölkə ilə ticarət münasibətləri sayəsində mümkün olur. Ona görə də NATO baş katibinin bu üç ölkəyə birbaşa çağırış etməsi faktiki olaraq xəbərdarlıq xarakteri daşıyır. Əgər sanksiyalar təsdiqlənərsə və bu ölkələr Rusiyadan məhsul almağa davam edərsə, onlar da birbaşa sanksiyalara məruz qala bilərlər ki, bu da onların iqtisadiyyatına ciddi zərbə vura bilər”.

Müsahibimiz düşünür ki, əgər müvafiq sanksiyalar tətbiq olunsa, bu, istər Braziliyada, istər Hindistanda, istərsə də Çində Rusiya məhsullarını alan ayrı-ayrı şirkətlərə mənfi təsir göstərəcək:

“Çünki heç bir ölkə öz iqtisadiyyatına zərbə vurmaq bahasına Rusiya iqtisadiyyatını ayaqda saxlamaq istəməz. Təbii ki, burada başqa məsələlər də var. Həmin ölkələrin enerji məhsullarına tələbatı da nəzərə alınmalıdır. Əvvəlcə aydınlaşdırılmalıdır ki, bu məhsullar Rusiyadan alınmadığı təqdirdə onların hansı alternativ mənbələrdən təmin olunması mümkündür. Əgər uyğun alternativlər tapılarsa, Rusiyadan asılılıq azaldıla bilər. Lakin alternativlər mövcud olmazsa, həmin ölkələrin Rusiyadan müvafiq məhsulları almaqdan başqa çıxış yolu qalmayacaq”.

Siyasi təhlilçi yekunda onu da bəyan edib ki, nələrin baş verəcəyini zaman göstərəcək:

“Bütün bunlardan əvvəl, NATO Baş katibinin bəyanatının reallaşmasından da öncə sözügedən sanksiyalar paketinin təsdiqlənməsi məsələsi dayanır. Qarşıda təxminən bir ay yarım vaxt var və bu müddət ərzində Rusiyanın davranışları, danışıqlara nə dərəcədə hazır olması və güzəştlərə nə qədər meylli olub-olmaması prosesin sonrakı gedişinə ciddi təsir göstərəcək”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600