8 minə yaxın PSİXİ XƏSTƏ: Sosioloq həyəcan TƏBİLİ ÇALIR

media-hightechnic-468x90

Səhiyyə Nazirliyi və Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə yaydığı məlumata əsasən, Azərbaycanda psixi və davranış pozuntuları ilə qeydiyyata alınan şəxslərin sayı 8.376 nəfərə çatıb. Onların 6.219 nəfəri kişi, 2.157 nəfəri isə qadındır.

Bu statistika isə son illərlə müqayisədə ölkədə psixi sağlamlıqla bağlı problemlərin artdığını və ictimai narahatlığın gücləndiyini göstərir.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, bu artımın bir çox sosial səbəbi var.

“Psixi xəstəliklərin yayılmasının müxtəlif səbəbləri var. Məsələn, paytaxtda müşahidə olunan yüksək səviyyəli səs-kirliliyi, ictimai nəqliyyatın və nasaz avtomobillərin yaratdığı səs fonu insan psixikasına mənfi təsir göstərir. Bu cür hallar adi görünə bilər, amma, əslində, çox ciddi nəticələrə yol açır. Səs-kirliliyi psixoloji gərginliyi artıran mühüm amillərdəndir”, – deyə o qeyd edib.

Sosioloqun fikrincə, psixoloji gərginlik təkcə fiziki mühitlə deyil, həm də informasiya mühiti ilə bağlıdır:

“Hazırda virtual məkanda – mətbuatda, sosial mediada və sosial şəbəkələrdə informasiya kirliliyi hökm sürür. Hüquqa və əxlaqa zidd kontentlər, süzgəcdən keçməyən, sensasiya xarakterli paylaşımlar ictimai şüura mənfi təsir edir. Sosial şəbəkələr bir növ “boz zona”ya çevrilib. Mənəvi və əxlaqi dəyərlərin deqradasiyası getdikcə güclənir. Bu səbəbdən sosial şəbəkələrin fəaliyyətini tənzimləyən ayrıca qanunun qəbul olunması zəruridir”.

Ü. Şəfiyev informasiya məzmununun, əsasən, neqativ yüklü olduğunu, bunun da insanlar üzərində psixoloji təzyiq yaratdığını vurğulayıb:

“İnformasiyanın məzmununu analiz etdikdə aydın olur ki, pozitiv və tərbiyəvi dəyərlər daşıyan məlumatlar çox azdır. Əvəzində aqressiya doğuran və pessimist məzmunlu xəbərlər üstünlük təşkil edir. Bu isə cəmiyyətin kütləvi psixoloji vəziyyətinə mənfi təsir göstərir və psixoz halların artmasına səbəb olur”.

Sosioloq əlavə edib ki, kapitalist həyat tərzi də insanları psixoloji yükləməyə məruz qoyur:

“Kapitalist cəmiyyətlərdə insanlar bütün enerjilərini işə sərf edir, özlərini unudurlar. Asudə vaxta və mənəvi həyatlarına zaman ayıra bilmirlər. Bu da psixoloji balansın pozulmasına səbəb olur”.

Onun sözlərinə görə, artan psixoloji yük depressiya, melanxoliya və suisidal davranışların çoxalmasına yol açır:

“Cəmiyyətdəki neqativ hallar fərdlərə birbaşa təsir edir. Bu, bəzən stress, bəzən isə ağır psixoloji travmalarla nəticələnir. Son nəticədə isə intihar hallarının artmasına səbəb olur”.

Sosioloq xüsusilə sosial şəbəkələrdə yayılan, əxlaqa və hüquqa zidd kontentlərin kütləvi əhval-ruhiyyəyə neqativ təsir göstərdiyini bildirib:

“Adi bir xəbəri “şok, şok, şok” başlıqları ilə təqdim edirlər. Bu, insanları davamlı gərginlik və qorxu içində yaşamağa sövq edir. Məqsəd sadəcə “layk” və reytinq qazanmaqdır. Belə halların qarşısını almaq üçün hüquqi tədbirlər görülməlidir”.

Müsahibimiz həmçinin boşanma hallarının artması və insanların getdikcə tənhalaşmasının da psixoloji pozuntulara səbəb olduğunu bildirib:

“Boşanma sadə bir hadisə deyil. Bu, bir neçə ailə üzvünün psixoloji sarsıntı keçirməsi ilə nəticələnir. Sosial təcrid, tənhalıq, ailə institutunun zəifləməsi bu prosesləri daha da dərinləşdirir”.

Ü. Şəfiyev qeyd edib ki, bütün bu problemlər praktik psixoloqlara olan ehtiyacı artırır:

“Təəssüf ki, ölkədə praktik psixologiya hələ də cəmiyyətin tələblərinə tam cavab vermir. Psixoloji problemlər çoxdur və onların qarşısı preventiv tədbirlərlə vaxtında alınmalıdır. Praktik psixoloqların sayı artmalı, əhalinin bu xidmətlərə əlçatanlığı təmin olunmalıdır”.

Statistikada kişilər arasında psixi pozuntuların daha çox olmasından bəhs edən sosioloq bu fərqi kişilərin üzərinə düşən sosial və psixoloji yükün daha ağır olması ilə əlaqələndirib:

“Cəmiyyətdə kişilərin iqtisadi, ailəvi və sosial məsuliyyətləri daha çoxdur. Eyni zamanda, emosional problemlərlə bağlı yardım almaq vərdişi kişilər arasında zəifdir. Bu da onların psixoloji durumunu daha da ağırlaşdırır”.

Məsimə Məmmədova

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600