!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Albaniyanın Bektaşi dövləti İDEYASI: “Parçalanma və qütbləşməyə səbəb olacaq”

!Reklam – Yazi

“Din dövlətdən ayrıdır və bütün müsəlman dünyasında da siyasət bu kontekstdə həyata keçirilib. Bu, əsrlər boyu belə olub”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

Siyasi təhlilçi Albaniyanın baş naziri Edi Rama tərəfindən BMT kürsüsündə ölkədə Bektaşi Təriqətinin Suveren Dövləti adı altında dini bir dövlətin yaradılacağı ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

“Nəzərə almalıyıq ki, nə zaman “İslam” və “dövlət” anlamları yan-yana gəlibsə, bundan ən çox zərərli çıxan İslam olub. Deməli, bu, konkret hansısa qlobal və korporativ güclərin geosiyasi maraqlarına xidmət edən bir məsələdir. Bu, eyni zamanda, həm də İslamın və İslam dövlətlərinin toplumlarının arasında böyük bir parçalanma və qütbləşməyə gətirəcək bir məsələdir. Çünki indiki vəziyyətdə belə İslam dünyasında bir birlik yoxdur. Əgər belə bir birlik və güc olmuş olsaydı, bu gün Fələstində qan su yerinə axmazdı”, – deyə o, söyləyib.

Onun sözlərin görə, fikir versək, görərik ki, artıq ayrı-ayrı çatlaq səsləri artıq eşidilir:

“Ancaq bu kontekstdə real olaraq ortaya çıxan birlik gücünü görmürük. Bu baxımdan, hesab edirəm ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da bu təhlükəni sezdiyi üçün bəri başdan qabaqlayıcı yöndə özünün fikrini bildirib ki, belə bir addım fitnə-fəsaddır. Xüsusilə də din məsələsi yasamla bağlı anlamdır. Bəzən İslamda bunu qarışdırırlar, çünki din yaşam tərzi deməkdir. Bunun dövlətə və onun idarə olunmasına nə dəxili var?”

N. Miri diqqətə çatdırıb ki, siyasətlə yaşamı bir-birinə qarışdırmaq doğru deyil:

“Ona görə də Vatikan tipində bu yöndə yeni dövlətin yaradılması ideyası daha çox, ola bilsin ki, qlobal güclərin, xüsusilə də qlobal maliyyə şəbəkələrinin böyük fitnəsidir. Bu fitnə də, əslində, ən böyük zərəri məhz İslam dünyasına vuracaq. Çünki bu məsələ birləşdirici yox, əksinə, parçalayacaq bir məsələdir. Məgər bektaşilik bütün İslam dünyasında qəbul ediləcək bir siyasi, yaxud dini amildir? Hər bir insanın özünün yaşam tərzi var ki, buna müxtəlif adlar verilir”.

“Məsələn, bu gün şəriət adına qanunlar çıxarılır, İranda bir növ şəriət mövcuddur. Əslində isə şəriət hər bir insanın özünün daxili fitrətinə aid olan bir məsələdir. Hər kəsin özünün bir şəriəti var ki, necə yaşamağı da özü müəyyən edir. İslam bunu diktə edir, amma İslamı baş-ayaq başa düşdükləri üçün insanlara normal yaşamağa imkan vermirlər. Əksinə, hər zaman məhdudlaşdırıcı mühit yaratmaqla onları sıxırlar. Bu da ondan ötrüdür ki, insanları rahat idarə etsinlər. Buna görə də bektaşilik adı altında atılan addımlar 1 milyarddan çox İslam dünyasına fitnə yaratmaq və toplumu rahat idarə edə bilmək hiyləsidir. Ona görə də Rəcəb Tayyip Ərdoğan bunu anladığı üçün BMT kürsüsündən etiraz edib”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, Albaniyanın paytaxtı Tiranada Albaniya hökumətinin qərarı ilə müstəqil dini dövlət olacaq Ələvi-Bektaşi dövləti yaradılacaq. Bu barədə Albaniyanın baş naziri Edi Rama artıq BMT Baş Assambleyasının iclasında açıq elan edib.

Qeyd edək ki, bektaşilik təriqəti böyük mütəfəkkir Hacı Vəli Bektaşinin adı ilə bağlıdır. Bu təriqət Osmanlı və Səfəvilər dövlətinin qurulmasında xüsusi rol oynayıb. Osmanlının ideya müəllifləri hesab edilən əxilik məhz bu cərəyanın davamçıları hesab edilirlər. Əxilik hərəkatının qurucusu isə əslən Güney Azərbaycandan olan Əxi Evren olub.

1930-cu ildə Türkiyə hökumətinin təkyələri bağlama qərarından sonra bektaşilər öz mərkəzlərini İstanbuldan Tiranaya köçürüblər.

Bu qərarla Albaniya hökuməti dünyada bektaşilik-ələviliyin mərkəzi olmaq, Türkiyənin Balkan regionuna təsirini azaltmaq və bu icma vasitəsilə bölgədə öz siyasi, mədəni təsirini artırmağa çalışırlar.

Türkiyə Ələvi İcması artıq qərara etiraz edib, lakin Türkiyə hakimiyyətinin bektaşilik və ələviliyi ayrıca din olaraq qəbul etməməsi onların rolunu və etirazının çəkisini azaldır.

Rafi Müslümov

COP29

www.yenicag.az

202
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv