Bakı-Dəməşq xəttində YENİ MƏRHƏLƏ: Türkmən amili və enerji potensialı bizə NƏ VƏD VERİR?
“Azərbaycan ilə Suriya arasında münasibətlərin güclənməsi yalnız cari siyasi maraqlara deyil, eyni zamanda, tarixi və mədəni bağlara da əsaslanır. Suriyada yaşayan Azərbaycan xalqının qan qohumu olan türkmənlər bu tarixi bağların əsas sütunlarından birini təşkil edir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.
Siyasi təhlilçi Azərbaycan nümayəndə heyətinin Suriya səfəri və Bakı ilə Dəməşq arasında münasibətlərin bərpasını şərh edib.
Onun sözlərinə görə, xüsusilə Suriya münaqişəsinin ilk illərindən etibarən türkmənlərin mübarizə cəbhəsinin ön sıralarında yer alması onların həm milli, həm də dini duyarlılıqlarını ortaya qoymuşdur:
“Baxmayaraq ki, bu gün Suriyanın reallıqları daxilində türkmənlərin təsir gücü arzulanan səviyyədə deyil, onların varlığı və simvolik mövqeyi Azərbaycan üçün müəyyən mənada strateji əhəmiyyət daşıyır. Digər tərəfdən, Suriya İsrail ilə həmsərhəd bir ölkə olaraq zaman-zaman İsrailin hərbi müdaxilələrinə məruz qalır. Məlum olduğu kimi, müsəlman dünyasında İsrail ilə açıq və rəsmi tərəfdaşlıq münasibətlərinə malik olan yeganə ölkə Azərbaycandır. Bu reallıq Suriya üçün həm də fürsət kimi dəyərləndirilə bilər. Suriya Azərbaycan ilə münasibətləri inkişaf etdirərək, bölgədə öz maraqlarına qarşı yönələ biləcək hərbi və ya siyasi təzyiqlərin qarşısını almaq üçün diplomatik kanallardan faydalanmağa çalışa bilər”.
A. Hüseynov diqqətə çatdırıb ki, bundan başqa, Suriyanın neft yataqları mövcuddur:
“Lakin müharibənin dağıdıcı təsirləri, iqtisadi çətinliklər və texniki imkanların məhdudluğu bu resursların istismarını əngəlləyir. Halbuki Azərbaycan enerji sektorunda zəngin təcrübəyə və yüksək texnoloji imkanlara sahib bir ölkədir. Bu mənada, enerji əməkdaşlığı hər iki tərəf üçün faydalı ola bilər: Suriya üçün strateji resursların dirçəldilməsi, Azərbaycan üçün isə iqtisadi və geosiyasi mövqeyinin daha da möhkəmləndirilməsi baxımından bunu qeyd edə bilərik”.
Analitik əlavə edib ki, Suriya ilə Türkiyə arasında tarixi və mədəni bağlar da mövcuddur:
“Ankara Suriya ilə əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində addımlar atır. Azərbaycan isə Türkiyənin qardaşı və əsas strateji müttəfiqidir. Bu səbəblə Azərbaycan-Suriya münasibətləri Türkiyə faktorunu da nəzərə alaraq formalaşır və Ankara ilə koordinasiyalı şəkildə inkişaf etdirilə bilər”.
O, vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı genişmiqyaslı bərpa və yenidənqurma təcrübəsi Suriyanın müharibədən zərər görmüş bölgələri üçün nümunə ola bilər:
“Azərbaycan, texniki bilik və infrastruktur sahəsində Suriya üçün etibarlı tərəfdaş rolunu oynaya bilər. Bu əməkdaşlıq, eyni zamanda, Azərbaycanın regionda iqtisadi və diplomatik nüfuzunu artırmaq baxımından əhəmiyyətlidir. Azərbaycan üçün Suriya ilə əməkdaşlıq təkcə iqtisadi deyil, həm də təhsil, humanitar və mədəni sahələrdə də önəm daşıyır. Azərbaycanın regionda aktiv fəaliyyət göstərməsi və nüfuz dairəsini genişləndirməsi onun beynəlxalq statusunu möhkəmləndirən amillərdəndir”.
Rafi Müslümov