BƏƏ platforması danışıqlara NƏ VERDİ? – Cənubi Qafqazda diplomatik neytrallığın ROLU
“Prezident İlham Əliyevin BƏƏ-yə səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü Cənubi Qafqazda davamlı sülh və sabitlik baxımından mühüm mərhələ kimi dəyərləndirilməlidir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
Siyasi təhlilçi BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində baş tutan Əliyev-Paşinyan görüşü barəsində fikirlərini bölüşüb.
O, bildirib ki, bu şəkildə ikitərəfli görüşlər tərəflər arasında birbaşa təmasın təmin olunmasına, qarşılıqlı anlaşmanın dərinləşməsinə və illərdir davam edən gərginliklərin mərhələli şəkildə aradan qaldırılmasına real zəmin yaradır:
“Bu görüş Cənubi Qafqazda sülh prosesinin davamlılığını təmin etmək baxımından mühüm əhəmiyyətə malikdir. Görüşün əvvəlki mərhələsində nümayəndə heyətlərinin iştirakı ilə aparılan müzakirələr, ardınca isə liderlərin təkbətək dialoqu, iki ölkə arasında gərgin keçmişə malik münasibətlərin gələcəyi üçün açar rolunu oynayır”.
“Əbu-Dabinin indiyə qədər görüşlərin keçirildiyi məkanlardan fərqli olaraq Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasında səmimi olduğunu və öz maraqlarını masaya yatırmaması xüsusi olaraq qeyd edilməlidir. Üçüncü tərəflərin iştirakı ilə keçirilən görüşlərdə həmin tərəflərin öz maraqlarını da masaya yatırması danışıqların effektini azaltmaqla yanaşı bu və ya digər məsələdə razılaşma əldə etməyi də çətinləşdiridi. Bu dəfə isə BƏƏ tam neytral platforma yarada bilmişdi və biz gördük ki, bu ölkənin hər hansı rəsmi şəxsləri danışıqlar prosesində ümumiyyətlə iştirak etmədilər”.
Onun sözlərinə görə, beş saata yaxın davam edən görüşdə sülh sazişi ilə yanaşı kommunikasiyaların açılması, Zəngəzur dəhlizi, delimitasiya prosesi və digər vacib məsələlərin müzakirəsi onu deməyə əsas verir ki, danışıqlar istənilən istiqamətdə davam edir:
“Əlbəttə ki, prosesin gələcək dinamikası bir çox amillərdən asılı olacaq. Həm Ermənistan daxilindəki siyasi sabitlik, həm də beynəlxalq güc mərkəzlərinin bu prosesi nə dərəcədə dəstəkləyəcəyi həlledici rol oynayacaq. Amma ümumi olaraq qeyd edim ki, Əbu-Dabidə keçirilən görüşün Azərbaycan və Ermənistan üçün sülhə aparan yolda dönüş nöqtəsi ola bilmə ehtimalı kifayət qədər yüksəkdir”.
Səxavət Məmməd