!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu halda bir səhv bütün doğru cavabları silir: Azərbaycan erməni təxribatlarına necə cavab verə bilər? - TƏKLİFLƏR

!Reklam – Yazi

Azərbaycanla Ermənistan arasında hərbi gərginlik var. Lakin bu gərginlik hələ ki pik həddinə çatmayıb. Tərəfləri açıq şəkildə qarşdurmaya çəkirlər, ancaq hesab edirəm ki, hər iki ölkə səbrlə davranmaqdadır.

Bu anlayışın detallarını bir qədər açmağa çalışaq. Ermənistan tərəfi öz tərəfdaşlarına nümayiş etdirir ki, baxın, gərginləşdirirəm, atəşkəsi də pozuram, Azərbaycan üzərimə gəlmir. Azərbaycan da öz tərəfdaşlarına göstərir ki, təxribatlara adekvat cavab verirəm. Hər iki ölkə imitasiya ilə məşğuldur. Sanki heç bir tərəf tamamilə bir qütbdən qopub, körpüləri tamamilə yandırmaq istəmir. Çünki tamamilə qopmaq geri dönüşü olmayan bir yola apara bilər həri iki tərəfi. Hesab edirəm ki, bundan qaçış yolu yoxdur və bu, baş verəcək. Ermənistan və Azərbaycan uzatma dəqiqələrini oynayır.

Bunun da müxtəlif səbəbləri ola bilər. Birinci səbəb ölkələr tam əmin olmaq istəyir ki, hansı qütb qalib gələ bilər və məğlubun yanında olub, məhvə sürüklənmək istəmirlər. Misal üçün artıq Ermənistanda belə bir fikir formalaşmağa başlayıb ki, Qarabağda uduzmaq yaxşı nəticədir. 5 aprel görüşünü erməni tərəfi siyasi qələbə hesab edir və hərbi məğlubiyyətdən üstün tutur.

Əgər erməni tərəfinin bu planları baş tutmuş olsa, Avropa İttifaqı və ABŞ Ermənistanı Rusiyadan qoruya, tamamilə qopara bilsə, bu, İrəvanın strateji uğuru sayacaq.

Azərbaycan üçün strateji uğur nə sayılacaq? Hesab edirəm ki, Bakının strateji uğuru əldə etdiklərini qoruyub saxlamaq olacaq.

Hazırda iki ölkənin də mediasında müharibə ritorikası ön plana keçib. Azərbaycanda ən çox verilən suallardan biri, “Ermənistan təxribat törətsə, Azərbaycan hansı addım atmalıdır?” sualıdır. Bir çoxları bu suala cavab verərkən, “Azərbaycan dərhal hücum etməldir”, bəziləri legitim hədəflər müəyyən edilib, götürülməlidir kimi açıqlamalar verir.

Qeyd edək ki, Azərbaycan konstitusiyası və hərbi doktirinası müdafiə xarakterildir. Konstitusiyanın 9-cu maddəsinin ikinci bəndində (Silahlı Qüvvələr) açıq yazılıb ki, Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. Bundan əlavə, hərbi doktirina suverenliyin müdafiəsi ilə başlayır. Maarifləndirmək üçün onu da yazım ki, alınan silahlar, onların xarakteristikası doktirinaya uyğun aparılır.

Azərbaycan erməni təxribatlarına necə cavab verə bilər? Azərbaycan erməni tərəfinin bütün təxribatlarına yalnız adekvat cavab verə bilər və verməlidir. Misal üçün erməni tərəfinin bir mövqeyindən atəş açılır və bir əsgər şəhid olur. Azərbaycan tərəfinin o mövqeyi vurması, məhv etməsi adekvatdır. Ancaq hücum edib, o mövqenin götürülməsi isə adekvat addım sayılmayacaq. Ermənistan ordusunun hansısa bölməsi mövqedən yox, hücum edərək Azərbaycan mövqelərinə girərsə, bu zaman Azərbaycan tərəfi hərəkətə keçə bilər. Azərbaycanın radikal addımı hansı hallarda ata bilər? Hesab edirəm ki, erməni tərəfi mövqelərə yox, yaşayış məntəqələrinə zərbələr endirsə və mülki əhali arasında itkilər olarsa, terror aktı törədilərsə, bu zaman əsas yaranacaq. Bizdə bəzən bəhanə ilə əsası qarışdırırlar. 44 günlük müharibənin başlaması üçün Ermənistan ordusunun Azərbaycan yaşayış məntəqələrini vurması Azərbaycanın əlində əsas deyildi, Azərbaycanın əlindəki əsas ərazisinin işğal edilməsi idi. Kəndlərinin vurulması isə əldəki əsası işə salmaq üçün vasitə idi. Yəni, Azərbaycan ordusunun erməni mövqelərini ələ keçirməsi üçün xüsusi bir əsası olmalıdır. Tarixi torpaqlar hüquqi əsas deyil. Görünən odur ki, bu əsası Ermənistan Azərbaycana verməlidir.

Qarabağda anti-terror əməliyyatının necə keçirilməsi ilə bağlı yazırdım ki, zərgər dəqiqliyi işləyib, rus əsgərlərinə zərər vermədən əməliyyatı yekunlaşdırmaq lazımdır. Rusiya ilə Azərbaycan arasında anlaşma əldə edildi və ruslar müəyyən ərazilərə yerləşdi, həmin koordinatlara zərbələr endirilmədi. Deyənlər olacaq ki, bəs rus hərbçilər öldürüldü. Məlum hadisə əməliyyatdan 6 saat sonra baş vermişdi və onun sabotaj olduğun düşünürəm. Niyə bu misalı çəkdim? İndi də sərhəddə eyni problem var. Azərbaycan ordusu təkcə erməni mövqelərinə dəqiq zərbəni hesablamamalı, həm də Avropa İttifaqının mülki missiyasının nümayəndələrini nəzərə almalıdır. Ruslardan fərqli olaraq onları, ailələrini pul para ilə də sakitləşdirmək olmayacaq. Azərbaycan əsas axtardığı kimi, Avropa İttifaqı da sanksiyalar üçün “əsas” axtarır.

Bəzi ekspertlərin nəzərinə çatdırmaq lazımdır ki, Qarabağ işğaldan azad olunub. Onların pafoslu çıxışları Qarabağ üçün keçərli idi. İndiki məqamda bir səhv 4 düzü yox, bütün düzləri silə bilər. Bu imtahan o imtahanlardan deyil. Azərbaycanın səhv etmək kimi bir şansı yoxdur.

Səxavət Məmməd

COP29

www.yenicag.az

324
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv