Türk dövlətləri vətəndaşlarına hava limanında “xüsusi zolaq” təklifi - Nazirdən REAKSİYA
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin vətəndaşları üçün hava limanlarında xüsusi keçid zolaqlarının yaradılması təklifi irəli sürülüb. Təklif Türkiyənin Azərbaycandakı Səfirliyində iş adamları ilə Türkiyənin əmək və sosial təminat naziri Vedat İşıkhanın iştirakı ilə keçirilən görüş zamanı səsləndirilib.
Yenicag.az xəbər verir ki, görüşdə iştirak edən iş adamları arasında yer alan Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) fəxri sədri Camal Yangın hava limanlarında Türk Dövlətləri Təşkilatına üzv ölkələrdən olan sərnişinlərin daha sürətli və rahat keçidinin təmin edilməsi üçün TDT ölkələri üçün ayrıca keçid xəttinin tətbiq olunmasını təklif edib.

Vedat İşıkhan səsləndirilən təklifi müsbət qarşılayıb. O, Avropa Birliyində üzv ölkələrin vətəndaşları üçün oxşar praktikanın mövcud olduğunu xatırladaraq, bu modelin Türk Dövlətləri Təşkilatı çərçivəsində də tətbiq oluna biləcəyini bildirib və təklifi Türkiyə Nazirlər Kabinetində müzakirəyə çıxarmağı planlaşdırdığını qeyd edib.
Amir Aqiloğlu












