Azərbaycan–Gürcüstan Media Dialoqu: Qonşu ölkə jurnalistləri forumu dəyərləndirir - FOTO
Bakıda keçirilən “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan – Gürcüstan Media Forumu iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Yenicag.az xəbər verir ki, forum çərçivəsində hər iki ölkənin media nümayəndələri, ekspertlər və rəsmiləri informasiya təhlükəsizliyi, dezinformasiya ilə mübarizə, ictimai etimadın formalaşdırılması və məsuliyyətli jurnalistikanın inkişafı kimi aktual mövzular ətrafında geniş müzakirələr aparıblar.
Tədbir həm ikitərəfli media əməkdaşlığının gücləndirilməsi, həm də regionda etimadın və qarşılıqlı anlayışın dərinləşməsi baxımından mühüm platforma kimi dəyərləndirilib.
Gürcüstanda fəaliyyət göstərən “Geoecohub.ge” saytının baş redaktoru Lika Yenicag.az-a açıqlamasında Forumla bağlı təəssüratlarını bölüşüb.

O, bildirib ki, Azərbaycan–Gürcüstan Media Forumu iki ölkə jurnalistləri arasında birbaşa ünsiyyət və təcrübə mübadiləsi üçün mühüm platformadır:
“Bu Forum, düşünürəm ki, təkcə media əməkdaşlığının genişlənməsi deyil, həm də Azərbaycan və Gürcüstan cəmiyyətləri arasında etimadın möhkəmlənməsi baxımından çox vacib təşəbbüsdür. Burada həm dezinformasiya ilə mübarizə, həm də peşəkar jurnalistikanın standartları barədə çox faydalı müzakirələr apardıq”.
Lika əlavə edib ki, tədbirin təşkilati səviyyəsi, mövzu seçimi və panel müzakirələrinin dinamikası onun gözləntilərini üstələyib:
“Bu cür görüşlər tək-tük deyil, mütəmadi olmalıdır. Çünki regionumuzda informasiya təhlükəsizliyi, dezinformasiya və ictimai etimad kimi məsələlər getdikcə daha çox aktuallaşır. Azərbaycan mediasının təcrübəsi ilə yaxından tanış olmaq bizim üçün çox faydalı oldu”.
Gürcüstanda fəaliyyət göstərən “İnterpress.ge” saytının baş redaktoru, azərbaycanlı jurnalist Nahid Qurbanov da Yenicag.az-a açıqlamasında Forumdan razı qaldığını bildirib.

Nahid Qurbanov qeyd edib ki, Azərbaycan–Gürcüstan Media Forumu iki ölkə mediası arasında əməkdaşlığın yeni mərhələyə keçməsi üçün yaxşı imkan yaradıb:
“Bu Forumda həm Azərbaycan, həm də Gürcüstandan olan media nümayəndələri eyni masa arxasında əyləşib ortaq problemləri, çağırışları və həll yollarını müzakirə etdilər. Xüsusilə dezinformasiya ilə mübarizə, regionla bağlı həqiqətlərin dünyaya düzgün çatdırılması və jurnalist məsuliyyəti kimi mövzuların önə çəkilməsi çox vacib idi”.
O bildirib ki, belə tədbirlər təkcə peşəkar müstəvidə deyil, həm də ictimai şüurun formalaşması baxımından əhəmiyyət daşıyır:
“Azərbaycan və Gürcüstan həm tarixən, həm də bu gün strateji tərəfdaş ölkələrdir. Mediamız da bu tərəfdaşlığın güclənməsinə xidmət etməlidir. Forum çərçivəsində yaranan əlaqələr, tanışlıqlar və müzakirələr gələcək birgə layihələr üçün yaxşı zəmin yaradır. Düşünürəm ki, bu format davamlı olmalıdır”.
Nahid Qurbanov əlavə edib ki, Forumda iştirak edən jurnalistlər üçün həm şəbəkələşmə, həm də praktiki təcrübə mübadiləsi baxımından əlverişli imkanlar yaradılıb və bu cür təşəbbüslər region mediasının ümumi inkişafına töhfə verir.
Amir Aqiloğlu












