!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dilarə Ağamusa: “O heykəldə Tağıyevin sağında Ağa Musa, solunda Şəmsi Əsədullayev olsaydı...” - MÜSAHİBƏ

!Reklam – Yazi

“Belə bir mühüm əhəmiyyəti olan məsələnin həllini aktyor Bəhram Bağırzadəyə tapşırmaq heç də məqsədəuyğun deyildi”.

Milyonçu, mesenat Ağa Musa Nağıyevin nəvəsi, Prezident təqaüdçüsü, yazıçı-publisist Dilarə Ağamusanın Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Dilarə xanım, “Neft bumu” dövründə formalaşan milli burjuaziyanın ən parlaq fiqurlarından biri olan babanız Ağa Musa Nağıyev haqqında müxtəlif və ziddiyyətli portret cizgilərinə rast gəlirik. Nəvəsi olaraq, Sizin təqdimatınızda Ağa Musa Nağıyev kimdir?

– Azərbaycan xalqının tarixi siyasi və ictimai şəraitinə görə XIX-XX əsrlərdə milli ənənələrin, iqtisadiyyatın, о cümlədən, yerli sahibkarların neftdən əldə etdikləri gəlirlər hesabına bu gün müstəqil Azərbaycan Respublikasının bütün sahələrində fəaliyyət göstərən alimlərin, iqtisadçıların və digər mütəxəssislərin ərsəyə gəlməsində milli burjuaziyamızın böyük xidmətləri olduğunu unutmamalıyıq.
Azərbaycan Demokratik Cümhuriyyətinin 1920-ci ilin aprelində devrilməsindən sonra illər boyu ərsəyə gəlmiş özünün böyük və milli burjuaziyası sayılan Ağa Musa Nağıyevi, Hacı Zeynalabdin Tağıyevi, Ağa Şəmsi Əsədullayevi, Murtuza Muxtarovu, İsa Hacınskini, Aşurbəyovları, Dadaşovları və başqalarını səhv və yanlış təhlillər nəticəsində unutdurmağa cəhd göstəriblər.

Adı XX əsrin əvvələrində Azərbaycanm məşhur milyonçu-xeyriyyəçilər sırasında birinci olan Ağa Musa Nağıyev 1849-cu ildə Bakının Biləcəri kəndində samansatan Hacı Nağının ailəsində anadan olub. O, xalqımızın məşhur “Tikmədim özüm qalam, tikdim ki, izim qala” deyimini özünə şüar götürmüşdü. Varidatının ümumi həcmi 413 (bəzi mənbələrdə 690) milyon qızıl pul məbləğində dəyərləndirilən Ağa Musa Nağıyev bu kapitalını təkcə bina tikintisinə deyil, həm də о dövrdə cəhalət girdabında boğulan xalqının maariflənməsinə, onun dünyagörüşünün və ümumi mədəni səviyyəsinin yüksəldilməsinə sərf edib.

Bakının arxitekturasına gözəllik verən, tikdirdiyi binalarının və vəsaitinin hesabına görə Ağa Musa Nağıyev 11 Bakı milyonçusu arasında birincilik qazansa da, Sovet dövrü və kommunist ideologiyasının siyasəti xalqı üçün əvəzsiz işlər görmüş milyonçunu gələcək nəsillərin gözündə mənfı obraz kimi qələmə verməyə çalışıb.

Ağa Musa Nağıyev haqqında ədəbiyyatın az olması da bu səbəbdən idi.
Sərvətinin “qırmızılaşdırılmasını”, talan edilməsini, hətta ruhuna belə rahatlıq verilmədiyini nəzərdə tutaraq, çap edilmiş 8 kitabımda – “Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki…”, “Maarifpərvər milyonçu”, “Nağıyevlərin gülümsünən çırpıntıları”, “Xalqına xidmət yolu”, “Bir zamanlar bu dünyada nər kişilər yaşadılar”, “Haqqında nə qədər çox danışılsa, xəyallar “İsmailiyyə”nin ətrafında dolanır”, “Ehtiram borcu” və sair bu kimi başlıqlar altında yazdıqlarımda Ağa Musa babamın halal haqqının özünə qaytarılmasına səy göstərmişəm. Oğlu İsmayılın ölümündən sonra sözün əsl mənasında bala dərdinə məlhəm qoyan digər oğlu-vərəsəsi Fərəc Nağıyevin – atamın incəsənət aləmində izi və əməli işləri Ağa Musanın xalqa xidmət etdiyi yolun bir növ davamıdır.

Düşünürəm ki, kitablarda hər ikisinin barəsində yazdıqlarım və ünvanlarına deyilən xoş sözlər nəciblikdir, keçmişimizə ehtiramın əlamətidir.

Deyilənlərə görə, zərif çiyinlərimdəki nəsil şəcərəsinin ağır, unudulmuş yükünü görüləcək dərəcədə yüngülləşdirmişəm. Ağa Musa Nağıyevin uzun illər yaddaşlaşması həsrəti ilə yaşadım. Uzun illər cürət edib haqqında danışılmayan babam milyonçu Ağa Musa Nağıyevin ayaq altında qalmış “əmanət” qəbrini ata yurdunda, Biləcəri kəndində “əbədi evinə” köçürdüm.

– Hələ özünün sağlığında babanızın xəsisliyinə dair iddialar qırmızı xətlə keçib, bunun təsdiqi kimi onlarla əhvalat danışılıb. Ağa Musa Nağıyev kimi milyonçunun məhz xəsisliyi ilə tanımlanması sizə təsir edir?

– Səhv edirsiz. Bu layiqsiz söz də olsa, “qırmızı xətt” ilə yalnız Manaf Süleymanovun kitabında keçsə də, həmin kitabda Ağa Musa Nağıyevin Azərbaycan və milləti üçün etdiklərinə də diqqət yetirməyi məsləhət görürəm. Ağa Musa Nağıyev yer üzündə cənnət axtarışında olub. Məhz səhiyyənin aşağı səviyyədə olması səbəbindən oğlu İsmayılı vaxtsız itirən Ağa Musa Nağıyev ölümün qarşısını almaq məqsədilə tikdirdiyi Səhiyyə Nazirliyinin binası, E.Əfəndiyev adına 1 saylı xəstəxana, Ana və Uşaq Pediatriya İnstitutu (OMD), Sabunçudakı (indi Poliklinika) xəstəxanalar bu gün də fəaliyyətdədir, xalqa xidmət edir. İlk mehmanxanalar, “Qara şəhər”də Neftayırma Zavodu, Çörək Zavodu, Qızlar Yataqxanası, Əlillər və Körpələr Evi, İctimai və başqa yönümlü binalarını göstərmək kifayətdir ki, heç bir milyonçunun xeyriyyəçilik məqsədilə bu qədər bina tikdirmədiyini əminliklə söyləyək. Ağa Musa Nağıyevin Azərbaycanın tarixinə çevrilən şedevr memarlıq üslubuna malik binalarının 41-i bu gün də Bakının zahiri görünüşünü bəzəyən tarixi-memarlıq abidəsi olmaqla yanaşı, ölkənin bir çox mühüm hadisələrinə şahidlik edən, uzun illər ictimai-siyasi və mədəni-maarif sahəsində istifadə olunan önəmli məkanlar kimi diqqəti cəlb edir.

Bütün bunlar bir daha sübut edir ki, A.M.Nağıyev “damğalandığı” kimi xəsis deyil, xalqın gələcəyi üçün misilsiz xidmətlər göstərən xeyriyyəçi olub. Onun və digər azərbaycanlı xeyriyyəçilərin əməyi və maddiyyəti sayəsində Bakıda qısa müddət ərzində bütöv bir ziyalı nəsli də təşəkkül tapdı.

“Realnı Məktəb”i tikdirməklə bərabər, savadsızlığı ləğv etmək məqsədilə, 25 müsəlman qızının məktəbə qədər sinfində təhsil haqqının ödənilməsini üzərinə götürür. Onun fəaliyyəti yalnız bununla məhdudlaşmır.
Bəzəkli “İsmailiyyə”, rokoko və borokko üslubunda tikdirdiyi 98 sayda məbəd!
Heç bir təhsil almadan, amma həyatın nəbzini psixoloq dəqiqliyi ilə tuta bilən Ağa Musa Nağıyev əzab-əziyyətlə topladığı vəsaitini hara, niyə və nəyə xərcləməyi bacarıb.

– Ağa Musa Nağıyev ilə bağlı indiyə qədər yazılıb-danışılmayan, yalnız ailəsinə məlum olan hansısa maraqlı əhvalat bilirsiniz?

– Atamdan eşitdiklərimdən danışa bilərəm. Babamın bir qədər uzun, ağbəniz sifəti, çox cazibədar xırda qara gözləri və iti baxışları olub. Ensiz və azacıq uzunsov burnu sifətinə xüsusi yaraşıq verib. Bığının altından nazik dodaqları azacıq görünsə də, bu onun sürətinə çox yaraşırdı. Qaşları küt və azacıq üçbucaq şəkilli idi. Hər həftə həna qoyduğu üçün saqqalı həmişə qap-qara görünərdi. Əsanı tutan əlləri – pianoçu əllərini xatırladırdı. Vaxtilə hamballıq etdiyini unutduran xarici görkəmindən nəciblik, alicənablıq yağırdı.

Hər şeyi – çətinlikləri, ağır uşaqlıq illərini, 1 pud (16 kq.) olan hambal şələsinin ağırlığından bel ağrılarını və nəhayət yalın ayaqlarındakı çəkməni əvəz edən döyənəkləri heç vaxt yaddan çıxarmayan, ümumilikdə şəxsiyyətdən xəbər verən bu insan, gələcəyin milyonçusu Ağa Musa Nağıyev idi. O, sanki anadan milyonçu doğulmuşdu.

Burnu şiş çəkmələri onun hər bir kostyumuna uyğun rəng çalırdı. Ümumiyyətlə, qara və ağ rəngli geyimlərə üstünlük verərdi. Boyu çox da hündür olmayıb, təqribən 165-170 santimetr. Başındakı buxara-dəri papaq ona xüsusi yaraşıq versə də, şlyapa geyməyi də xoşlayırdı.
Yerişi, duruşu, hər zaman dik saxladığı qaməti onun keçmişindən xəbər vermirdi. İnanmaq olmazdı ki, o, bir vaxtlar hamballıq edib. Ancaq kasıbçılığı heç vaxt özünə nöqsan tutmazdı. Alnı geniş, kiprikləri sıx idi. Dincəlməyi kresloda xoşlayardı.

İçkiyə çox meyli olmasa da, hərdən viski içməyi özünə qadağan etmirdi. Qızıl sevən deyildi. Lakin varlanandan sonra aldığı ilk qızıl barmaqlığı hər zaman gəzdirirdi. Yeməyə çox həssas olmadığından, tələbkar da deyildi. Lakin həyat yoldaşı Ümmə Səlmənin bişirdiyi Bakının düşbərə-qutabından və bir də soğan bozbaşından heç vaxt imtina etməzdi.

70 yaşınadək bu görkəmini saxlaya bilən Ağa Musa Nağıyev heç vaxt düşünməzdi ki, bu onun ömrünün sonudur. Çünki onun arzusu 100 bina tikdirib, 100 il yaşamaq idi. Çox bisavad imzası var idi. Amma fenomenal yaddaşı olub. O, işləri ilə bağlı bütün haqq-hesabı beynində cəmləşdirirdi.

Tək bir misal ilə onun qənaətcilliyə necə müsbət yanaşdığını aydın görmək olar: dedi-qodulara əhəmiyyət verməyən Ağa Musa sifariş etdiyi 9 binanın əvəzinə 10 bina inşa edildiyini eşidəndə, podratçısına deyir: “Halal edirəm sənə bu binanı. Bu sənin qənaətcilliyindən xəbər verir. Çunki mən 9 binaya vurulacaq hətta hər bir mıxın qiymətini bilirəm”.

Bir sözlə, müasir dillə desək, onun başı kalkulyator, bədəni isə kompyuter idi.

– Misilsiz sərvət sahibi olan babanıza məxsus olmuş əmlakının heç olmasa, bir hissəsi üzərində mülkiyyət hüququnu bərpa etmək təşəbbüsünüz olub?

– Xeyr. Çünki 1924-cü ildən onun tikdirdiyi binalar, ümumiyyətlə, əmlakı milliləşdirilib. Ağa Musa babamın tədqiqatçısına çevrilərək, 30 ilə yaxın müddətdə tapdığım arxiv sənədləri və eləcə də atam Fərəc Nağıyevin Dövlət Arxivinin “Ədəbiyyat və İncəsənət” bölməsinin 475 saylı Fondunda qorunan sənədlərin əsasında 8 tarixi kitab yazaraq babamın tikdirdiyi 98 binadan 81-ni yeni ünvanları ilə siyahı üzrə sıralamışam.

Ən əsası, “A.M.Nağıyevin sahibkarlıq, xeyriyyəçilik və ictimai fəaliyyəti” mövzusunda yazdığım dissertasiya əsasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün müdafiəm nəhayət ki, bu il mart ayının 4-nə təyin edilib. Bu tarix mənim üçün böyük əhəmiyyət daşıyacaq.

Yeri gəlmişkən, babam məhz 1919-cu il martın 4-də dünyasını dəyişib. Elmi müdafiəmin baş tutacağı gün onun vəfatının 103-cü ildönümü ilə üst-üstə düşür. Ancaq mən bunu təsadüf deyil, zərurət sanıram.

– Ötən həftə Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı oldu. Sərvətinə görə H.Z.Tağıyevi xeyli üstələyən babanız A.M.Nağıyevə eyni diqqətin olmaması sizdə məyusluq yaratmadı?

– Xeyr, qətiyyən yox. Məsələ sərvətdə deyil. Hacı Zeynalabdin Tağıyevin, Ağa Musa Nağıyevin, Ağa Şəmsi Əsədullayevin, Murtuza Muxtarovun, İsa bəy Hacınskinin etdiklərini inkar etmək, mümkün deyil. Əksinə, mən deyərdim ki, Tağıyevin heykəlinin qoyulması çox gecikib. Adlarını çəkdiyim o xeyriyyəçilərin heykəlləri indiyə qədər hazırlanıb qoyulmalı idi.

Qeyd edim ki, belə bir mühüm əhəmiyyəti olan məsələnin həllini aktyor Bəhram Bağırzadəyə tapşırmaq heç də məqsədəuyğun deyildi. Bu təşəbbüsün gerçəkləşməsində Elmlər Akademiyasına müraciət edilsəydi, daha münasib olardı. Çünki tarixçilərin düşüncələrinə görə, Tağıyevin sağında Ağa Musa, solunda Şəmsi Əsədullayev və ətrafında o biri milyonçular (cəmi 11 olub) dayansaydılar, gözəl olmaqla bərabər, tariximizə də hörmətimiz artar və başqalarına nümunə olardıq.

Mesenat Hacı Zeynalabdin Tağıyevin etdiklərini sadalamaqla bitən deyil. Amma Şollar suyunun çəkilişinə sərf olunan 33 milyon rublun yarıdan çoxunu Ağa Musa Nağıyevin verdiyini qeyd etməliyəm. Sadəcə olaraq, bunun sübutu onun ən iri neft milyonçusu olmasıdır.

Babam Bakının iri mülk sahibkarlarından birincisi olub, onun başqa milyonçu-xeyriyyəçilərdən fərqli cəhəti Bakının memarlıq simasına ən çox töhfə verməsidir. Onu uzun illər yaddan çıxartmaq istəsələr də, gördüyü işləri və xeyirxah əməlləri ilə ölməzlik qazanıb, adını əbədi olaraq tarixə yazıb.
Ağa Musa Nağıyev həmişə inamlı olub. İnanıb ki, xalqımız qədirbiləndir, min təlatümlər olsa da, qara küləklər əssə də, onun xeyirxahlığı öz layiqli qiymətini alacaq. Düşünürəm ki, əgər belə olmasaydı, nəhəng tikinti-abadlıq işləri gördürən babamın özünə bir məqbərə-türbə hazırlatmaq onun üçün çox da çətin olmazdı. Lakin o dediyim inama arxalanaraq, öz heykəlini ürəklərdə qurub.

A.Zeynalov

www.yenicag.az

2331
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv