Druzlar: Yaxın Şərqin səssiz geosiyasi aktorları

media-hightechnic-468x90

Yaxın Şərqdə regional güclərin daimi toqquşması fonunda diqqətdən yayınan, lakin hər dəfə kritik məqamda oyunun axarını dəyişdirə bilən bir icma var. Onun adı isə azsaylı olmalarına baxmayaraq, uzun illər Suriyada sözlərini yuxarıya keçirə bilən druzlardır. Onlar nə sayca çoxdurlar, nə də açıq hərbi-siyasi güc nümayiş etdirirlər. Amma özlərinə xas struktura, bağlı olduqları ezoterik inanca və ustalıqla qurduqları daxili iyerarxiyaya görə bu icma təkcə dini yox, həm də geosiyasi fenomen kimi dəyərləndirilməlidir.

media-rafi1

Druzlar XI əsrdə Misirdə Fətimi xilafətinin ideoloji parçalanması fonunda meydana gəlib. İsmaili şiəliyinin mistik təlimlərinə əsaslanan, lakin ondan daha qapalı, sinkretik və batini interpretasiyalarla formalaşan bu inanc sistemində, əl-Hakim bi-Əmrillah adlı xilafət liderinə ilahi status verilirdi. Bu, İslam dünyasında dərhal təcridə səbəb oldu və druzlar özlərini ayrıca bir dini qrup kimi təşkil etdilər. Onların “əl-Hikmə” adlandırdıqları inanc sistemi yalnız daxilən doğulmuşlara açıqdır, yəni druz olmaq sonradan mümkün deyil. “Rəsail əl-Hikmə” adlı mistik-fəlsəfi yazılar isə yalnız dini sinfə – “uqqal”lara təqdim olunur, qalan üzvlər bu biliklərə çıxışdan məhrumdur. Bu ezoterik struktur onları əsrlərlə həm xarici təsirdən qorudu, həm də daxilən mərkəzləşmiş bir kollektiv iradə formalaşdırdı. Livan, Suriya, İsrail və İordaniyada yaşayan druzlar bu gün də həmin sistem çərçivəsində fəaliyyət göstərirlər, lakin indi artıq dini yox, daha çox siyasi reallıqlar fonunda.

media-44956578_605

İsrailin druzlara münasibəti də bu baxımdan diqqətçəkicidir. İsrail dövləti ərazisindəki druzlara digər ərəb azlıqlardan fərqli olaraq orduya xidmət, siyasi strukturlara daxilolma və daha yüksək status verilməsi bu icmaya sadəcə tolerantlıq deyil, təhlükəsizlik baxımından ehtiyac duyulduğunu göstərir. İsrailin sərhəd ərazilərində, xüsusilə Qolan yüksəklikləri və Qalileyədə yerləşən druz kəndləri, faktiki olaraq, Təl-Əvivin “loyal tampon zonası” rolunu oynayır. Bu bölgələrdəki sabitlik druzların dəstəyi ilə təmin olunur və bu da İsrail üçün həm strateji, həm kəşfiyyat baxımından əvəzolunmaz üstünlükdür.

media-afp__20250429__43xd7kf__v7__highres__syriaconflict

Bu siyasət yalnız İsrail daxilində deyil, eyni zamanda Suriyadakı druz bölgələrinə, xüsusilə də Suveyda şəhərinə yönəlik maraqlarda da özünü göstərir. Suveyda uzun illərdir ki, Suriya daxilində nisbi müstəqilliyini qoruyub saxlayan yeganə druz bölgəsidir. Rəsmi Dəməşqin nəzarətindən kənarda olan bu şəhər zaman-zaman sosial-iqtisadi tələblərlə yanaşı, siyasi narazılıqlarla da gündəmə gəlib. Druz əhalisinin yaşadığı bu bölgədə 2024-cü ilin sonlarından etibarən etiraz aksiyaları intensivləşmiş, Əsəd rejimi devrildikdən sonra isə 2025-ci ilin yay aylarında yeni hökumətin sərt hərbi müdaxiləsi ilə qarşılaşmışdı. Hədəf isə sadəcə narazılıqları yatırtmaq deyildi. Druzların öz idarəçiliyini formalaşdırmağa başlaması həm də xarici əlaqə qurmaq potensialı Dəməşq üçün real təhdidə çevrilmişdi.

media-000-36x68pm

Bunun fonunda əş-Şaraa hökumətinin cavabı aydın oldu: Suveyda şəhərinə dron və artilleriya hücumları təşkil edildi, hökumətə sadiq “Heyət Təhrir əş-Şam” birlikləri tərəfindən druz silahlı qruplarına qarşı genişmiqyaslı əməliyyatlar başladıldı. Onlarla döyüşçü həlak oldu, sivil əhali arasında da itkilər yaşandı. Hakimiyyət bu əməliyyatları daxili sabitliyi bərpa məqsədi ilə əsaslandırsa da, faktiki olaraq bu, siyasi mesaj idi: druzlar ya itaət etməli, ya da əzilməlidir.

media-1lebanon-should-take-a-cue-from-charehand-talk-to-israel-website

Eyni dövrdə isə informasiya cəbhəsində yeni bir alət işə salındı ki, bu da İsrailin Suriya prezidenti Əhməd əş-Şaraanı aradan götürmək niyyəti ilə bağlıdır. Ərəbdilli mətbuat orqanlarında yayılan bu iddia, yəni İsrailin Suveyda bölgəsindəki druz milisləri dəstəklədiyi və əş-Şaraanın onların yolunda əngəl olaraq gördüyü üçün onu “eliminasiya” etmək istədiyi həm Suriyanın daxili siyasətində, həm də regional münasibətlərdə təxribat xarakteri daşıyır. Əslində isə bu informasiya sözdə bir neçə məqsədə xidmət edir: birincisi, Suriya liderini druzlarla qarşı-qarşıya qoymaq və potensial dəstəyi kəsmək; ikincisi, İsraili növbəti dəfə regional sabitliyə təhdid obrazında təqdim etmək; və nəhayət, informasiya manipulyasiyası ilə əhalinin diqqətini ölkədaxili sosial-iqtisadi böhrandan yayındırmaq.

media-syria-security-druze-golan-heights-11_1752679487796

Əhməd əş-Şaraan hazırda Suriya dövlət başçısı kimi ölkənin daxili təlatümləri ilə yanaşı, regiondakı çətin balansların da tam mərkəzindədir. Onun druzlarla münasibəti ziddiyyətlidir: bir tərəfdən, onların dəstəyinə ehtiyacı var, digər tərəfdən isə bu icmanın müstəqillik və öz müqəddəratını təyin etmək cəhdləri hakimiyyətin monolit ideyasına təhdid təşkil edir. Elə buna görə də həm real mübarizə, həm də informativ manipulyasiya bu bölgədə eyni anda gedir. Bütün bu konfiqurasiya onu göstərir ki, druzlar artıq dini və mədəni azlıq olmaqdan çıxaraq, tədricən siyasi subyektə çevrilirlər. Onlar daha susqun müşahidəçi yox, oyunun qaydalarını dəyişdirməyə çalışan bir aktordurlar. Bu isə həm İsrailin, həm də Suriya rejiminin diqqətlə izlədiyi və tənzimləməyə çalışdığı yeni reallıqdır.

Rafi Müslümov

 

 

 

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600