Əbu-Dabi görüşü İrəvan üçün SON ŞANSDIR? – Deputat AÇIQLADI

media-hightechnic-468x90

“Azərbaycan bu dəhlizin açar ölkəsidir. Ermənistan da Cənubi Qafqazda beynəlxalq proseslərə qoşula bilər. Amma bunun üçün ilk öncə Azərbaycanın şərtlərini qəbul etməlidir”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

media-naqif111

O, sülhün təmin edilməsi fonunda Ermənistanın qazanacağı dividentlərdən danışıb.

Deputat qeyd edib ki, AzərbaycanErmənistan arasında imzalanması planlaşdırılan sülh sazişi mətni artıq tam razılaşdırılıb.

“Lakin hələ də Azərbaycanın narahatlığına səbəb olan müəyyən məqamlar var. Əgər Ermənistan üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirərsə, yaxın zamanda sülhün imzalanmasının və xoş münasibətlərə əsaslanan real addımların şahidi ola bilərik”, – deyə o bildirib.

N. Həmzəyev vurğulayıb ki, sülh mətninin hazırlanması prosesində Azərbaycan tərəfi prosesi sürətləndirmək üçün kommunikasiya məsələlərinin sülh sazişi mətnindən çıxarılmasına razılıq verdi və Ermənistan da bunu dəstəklədi.

Onun fikrincə, danışıqlar üç əsas istiqamətdə aparılırdı:

1. Demarkasiya məsələsi – artıq bu istiqamətdə müəyyən irəliləyişlər əldə olunub. Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması və bəzi ərazilərdə sərhədin demarkasiyası məsələsində razılaşma əldə olunub;

2. Sülh sazişinin mətninin hazırlanması – irəliləyişlər sözügedən sahədə də var və mətn artıq razılaşdırılıb;

3. Kommunikasiyaların açılması – məsələ sülh sazişi mətnindən çıxarılıb ayrıca müzakirə olunur. Bu, xüsusilə Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlı danışıqlardır. Təəssüf ki, hələ də ciddi irəliləyiş müşahidə olunmur.

N. Həmzə xatırladıb ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri zamanı həmin məsələni gündəmə gətirməsi və kommunikasiya ilə bağlı fikirlərinə düzəliş etməsi müəyyən irəliləyişlərin mümkün olacağını göstərir.

Deputat Əbu-Dabi görüşünün əhəmiyyətinə də toxunub və Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan, həmçinin nümayəndə heyətləri arasında səmimi görüşün sülh prosesində müsbət dinamikanın olmasından xəbər verdiyini dilə gətirib:

“Sülh sənədinin razılaşdırılmasına baxmayaraq, onun imzalanması Ermənistanın hələ həyata keçirmədiyi öhdəliklər səbəbindən gecikir. Xüsusilə Ermənistanın konstitusiyasını dəyişdirməsi məsələsi önə çıxır. Kommunikasiya ilə bağlı məsələlər isə Zəngəzur dəhlizinin tikintisi kontekstində ayrıca müzakirə olunur. Əgər Ermənistan tərəfi razılıq versə, Azərbaycanın bu dəhliz üzrə sərbəst keçidini təmin etmək məqsədilə Ermənistan ərazisindən keçən 40-42 km-lik hissədə tikinti işlərinə başlanıla bilər. Azərbaycan öz ərazisində tikinti işini artıq tamamlayıb. Dəmir yolu və avtomobil yolu xətləri demək olar ki, Ermənistan sərhədinə qədər çəkilib, son tamamlama işləri həyata keçirilir”.

Millət vəkili diqqətə çatdırıb ki, hazırda əsas maneə Ermənistan ərazisindən keçən hissənin inşasıdır:

“Bu görüşün nəticəsi olaraq həmin ərazidə tikinti işlərinə başlamaqla bağlı razılaşma əldə oluna bilər. Həmçinin Qazax istiqamətində də Ermənistanın Azərbaycan dəmir yollarına çıxışı mümkündür. Bu məsələ də yəqin ki, müzakirə ediləcək. Zəngəzur dəhlizi açıldıqdan sonra Ermənistan həm cənub, həm də Qazax istiqamətindən Azərbaycan dəmir yollarına qoşula biləcək. Bu da yük daşımalarının həyata keçirilməsinə imkan verəcək. Qazax istiqamətində də nəqliyyat şəbəkəsinin formalaşdırılması perspektivlidir. Bu, Ermənistan üçün yeni imkanlar yaradacaq”.

Müsahibimiz bildirib ki, əvvəlki dövrlərdən fərqli olaraq bu görüşlərin vasitəçi olmadan, bilavasitə Azərbaycan tərəfinin təşəbbüsü ilə davam etdirilməsi diqqətəlayiqdir:

“Bu, prosesin hər iki tərəfin də maraqlarına uyğun olduğunu və uzunmüddətli, dayanıqlı sülhün əldə olunması üçün ciddi zəmin yaratdığını göstərir. Görüş öncəsi yayılan video və fotolardan, bədən dili analizindən də görünür ki, tərəflər arasında münasibətlərin yaxşılaşması ehtimalı yüksəkdir. Regionda dəyişən reallıqlar və Azərbaycanın yaratdığı yeni situasiya Ermənistanı Azərbaycanla razılaşmağa məcbur edir. Azərbaycanın şərtlərinin qəbul edilməsi Ermənistan üçün də faydalı olacaq. Çünki Ermənistan Türkiyə ilə sərhədlərin açılmasını istəyirsə, əvvəlcə Azərbaycanla sülh əldə etməlidir. Əks halda, Türkiyə bu addımı atmayacaq. Nəticə olaraq Türkiyə uzun illərdir ki, sərhədləri məhz bu səbəbdən bağlı saxlayır”.

“Ermənistan anlayır ki, Azərbaycanla münasibətlərin normallaşması olmadan ölkənin müstəqilliyi və təhlükəsizliyi təhdid altındadır. Ermənistanın regional layihələrdən kənarda qalmasının da səbəbi budur. İndiyə qədər regiondakı bütün transmilli layihələr Ermənistansız həyata keçirilib. Azərbaycanın təqdim etdiyi bu şansı Ermənistan düzgün dəyərləndirməlidir. Əgər fürsət qaçırılarsa, Ermənistan yenidən regional inkişafdan kənarda qala bilər. Xüsusilə Orta Dəhlizin inkişafı ilə bağlı yaranan yeni imkanlar da var. Nəzərə almaq lazımdır ki, Azərbaycan bu dəhlizin açar ölkəsidir. Ermənistan da Cənubi Qafqazda beynəlxalq proseslərə qoşula bilər. Amma bunun üçün ilk öncə Azərbaycanın şərtlərini qəbul etməlidir”, – deyə deputat fikirlərini tamamlayıb.

Nəsimi Ələsgərli

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600