Əziz Ələkbərli: "Ermənistan hələ də azərbaycanlıların geriyə qayıdış hüququnu inkar edir"
Ermənistan hələ də azərbaycanlıların geriyə qayıdış hüququnu inkar edir.
Yenicag.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli “Mədəni irs və qayıdış hüququ” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.
Onun konframadakı çıxışının mətnini təqdim edirik:
“Sizi böyük məmnuniyyətlə Qərbi Azərbaycan İcmasının təşkil etdiyi “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda Beynəlxalq Konfransda salamlayıram və tədbirimizə qoşulduğunuz üçün Sizə təşəkkür edirəm.
Öncə qeyd edim ki, Qərbi Azərbaycan İcması son 200 ildə Ermənistan ərazisindən mərhələ-mərhələ qovulan milyonlarla insanı, onların varislərini birləşdirən ictimai təşkilatdır. İcanın fəaliyyətinin ana xəttini həmin insanların, xüsusilə 1987-ci ildə başlanan Ermənistan-Azərbaycan münaqişəsinin ilk mərhələsində öz ata-baba yurdlarından qəddarcasına qovulan 300 min nəfər qaçqının öz evlərinə dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etmək təşkil edir. Bu, onların insani və beynəlxalq hüquqa söykənən haqqıdır. Buna görə də biz fəaliyyətimizdə beynəlxalq hüquqa söykənir, qayıdış hüququ ilə bağlı beynəlxalq sənədlərə istinad edirik.
İcma beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə, eləcə də sülh, barışıq və birgəyaşayış dəyərlərinə hörmət edir.
Bu məsələyə dair beynəlxalq məlumatlılığın artırılması, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə dialoq istiqamətində fəaliyyət İcmamızın daim diqqət mərkəzindədir. Qeyd edilən məzmunu ehtiva edən çoxsaylı müraciətlərimiz BMT-nin ali orqanlarının – Baş Assambleyasının, Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılmışdır.
Həmin sənədlərdə biz dünya ictimaiyyətini Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri və mahiyyəti barədə məlumatlandıraraq bildirmişik ki, ermənilərin Qərbi Azərbaycanda soydaşlarımıza qarşı fərdi və kollektiv cinayətlərinin tarixi 200 il bundan əvvələ gedib çıxsa da, son 100 ildə bütün hüdudları aşmışdır. Əvvəl 1905-ci ildə, sonra 1918-1921-ci illərdə, daha sonra 1948-1953-cü illərdə, ən sonda 1987-1991-ci illərdə xalqımıza qarşı saysız-hesabsız cinayətlər törədilmişdir.
Təkcə sonuncu deportasiya zamanı – 1987-1991-ci illərdə Ermənistanda 200 nəfərdən çox dinc azərbaycanlı sakin etnik və dini zəmində ermənilər tərəfindən qətlə yetirilmiş, 400-dən artıq soydaşımız bədən xəsarəti almışdır. 300-ə yaxın yaşayış məntəqəsindən qovulan azərbaycanlılara fərdi təsərrüfatlar və ictimai təsərrüfatlar üzrə on milyardlarla ABŞ dolları həcmində maddi ziyan vurulmuşdur. Yeraltı-yerüstü sərvətləri, tarixi-mədəni abidələrə vurulan ziyanı da bura əlavə etsək, bu rəqəm bir neçə dəfə artar. Mənəvi ziyanı isə heç bir məbləğlə əvəz etmək mümkün deyil.
Lakin təəssüf ki, Ermənistan tərəfi bütün bu cinayətlərə görə nəinki hüquqi məsuliyyət daşımaq istəmir, üstəlik, ata-baba yurdundan qovulan insanların geriyə qayıdış hüququnu inkar edir.
Ən dəhşətlisi isə odur ki, bu münaqişədən təkcə insanlarımız yox, həm də dünya mədəni irsinin tərkib hissəsi olan mədəni irsimiz ziyan çəkir, tarixi-dini abidələr dağıdılır, qəbiristanlıqlar məhv edilir, mənəvi mühitlər yoxa çıxır. Bu, bəşəri cinayətdir və biz Ermənistanda Azərbaycan mədəni irsinə qarşı bu vandalizmin durdurulması üçün UNESCO-ya da dəfələrlə çağırışlar etmişik. Hətta bu məsələ ilə bağlı UNESCO-ya müraciətimiz BMT-nin rəsmi sənədi kimi yayılmışdır.
Bütün bunlara baxmayaraq, İcmamız bölgəyə sülhün, əmin-amanlığın gəlməsi üçün barışıq yolunu tutmuş, beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə, eləcə də sülh və birgəyaşayış dəyərlərinə hörmət edərək Ermənistan hökuməti ilə dialoq üçün dəfələrlə təkliflər göndərmişdir. İcmanın davamlı dialoq cəhdlərinə baxmayaraq, Ermənistan tərəfi hələ də çağırışlarımıza cavab vermir.
Bu il avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüş, Azərbaycan dövlət başçısı ilə Ermənistan baş nazirinin birgə Bəyannaməsi, Azərbaycanla Ermənistan arasında Sülh sazişinin paraflanması, nəhayət, bölgəyə sülhün gəlməsinə inamı artırmışdır. Biz, Qərbi Azərbaycan İcması olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın dialoq səylərini alqışlayır və bu danışıqlara öz doğma ocaqlarımıza qayıdış üçün açılan qapı kimi baxırıq. Çünki bağlanacaq hər hansı sazişin dayanıqlığı bu iki xalqın – erməni və azərbaycanlıların birgəyaşayışına bağlıdır, birgəyaşayışın yeganə yolu isə bizim doğulub boya-başa çatdığımız ərazilərə sülh yolu ilə qayıdış hüququmuzun tanınmasından və təmin edilməsindən keçir. Buna görə də ümid edir və inanırıq ki, Ermənistan rəhbərliyi, nəhayət, İcmamızla konstruktiv dialoqa gəlmək üçün özündə iradə tapacaq və Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması istiqamətində davam edən səylər bizim evlərimizə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmağımıza da kömək edəcəkdir.
Bütün beynəlxalq gücləri və təşkilatları da bizim bu haqq işimizi dəstəkləməyə çağırırıq.
Diqqətinizə görə təşəkkür edirəm”.












