Səkkiz il əvvəlin “əgər”i: FETÖ Türkiyədə hakimiyyətə gəlsəydi nə baş verəcəkdi? – Telman Nüsrətoğlu yazır
8 il əvvəl bu gün başlayan 17–25 dekabr əməliyyatları FETÖ-nün dövlət daxilindəki kadrlaşmasını institusionallaşdıraraq, hakimiyyət dəyişikliyini hüquqi legitimlik görüntüsü altında həyata keçirmə cəhdi idi. Hədəf Türkiyə idi. Bu proses, təhlükəsizlik bürokrasiyası və məhkəmə sisteminin kritik nöqtələrində qurulan paralel iyerarxiyanın demokratik nəzarət mexanizmlərini baypas edəcək səviyyəyə çatdığını da göstərdi.
Bu baxımdan bütün türk dövlətlərinin nəticə çıxarmalı olduğu mühüm dərsləri özündə ehtiva edir. “Yumşaq çevriliş” memarlığı daşıyan bu əməliyyat siyasəti yıpratmaqdan, ictimai rəyin manipulyasiyasından, beynəlxalq imic idarəçiliyindən və məhkəmə vasitələrinin siyasiləşdirilməsindən başqa bir şey deyildi. 
Şübhəsiz ki, əgər FETÖ uğur qazanmış olsaydı, Türkiyənin milli varlığının təminatı olan təhlükəsizlik və məhkəmə kimi stratejife qurumlar amerikayönlü, qapalı-camaatçı sədaqət prinsipinə əsasən yenidən dizayn ediləcəkdi.
17–25 dekabr əməliyyatı yalnız daxili siyasətdə hakimiyyət dəyişikliyini hədəfləmirdi, eyni zamanda Türkiyənin strateji yönümünü yenidən müəyyənləşdirməyi amaçlayan geosiyasi mühəndislik təşəbbüsü xarakteri daşıyırdı. FETÖ şəbəkəsinin illərlə apardığı kadrlaşma fəaliyyəti Türkiyəni milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursundan uzaqlaşdıraraq, Vaşinqton–Təl-Əviv oxuna daha uyumlu, hətta idarə olunan bir xəttə sürükləməyi hədəfləyirdi. Bu ox enerji siyasətində Şərqi Aralıqda Türkiyənin çevrələnməsi; Suriyada status-kvonun dəyişməsinin Türkiyə əleyhinə yönəlməsi, terror dövlətinin qurulması, İranla rəqabətin sərtləşməsi kimi nəticələrin qəbul edildiyi bir çevrələmə strategiyasını adi və məqbul bir hal kimi təqdim edə bilərdi.
Əgər FETÖ uğur qazanmış olsaydı, xarici siyasət regional güc olma iddiasını zəiflədən, NATO mərkəzli təhlükəsizlik memarlığına şərtsiz bağlılığı artıran, milli müdafiə sənayesi təşəbbüslərini yenidən əngəlləyən və İsrailin Şərqi Aralıq dənizi–Fələstin xəttindəki fəaliyyətlərinə səssiz qalan bir formaya bürünə bilərdi. Şübhəsiz, Ankaranın Rusiya və İranla apardığı tarazlıq siyasəti də zəifləyərdi. Türk dünyası, Türküstan və Qafqaz siyasətləri ikinci dərəcəli əhəmiyyət qazanardı və ya Amerika–İsrail strategiyalarına xidmət edən bir alətə çevrilə bilərdi. Təbii ki, Türkiyənin Azərbaycana verdiyi qardaş dəstəyi kontekstində, 44 günlük Qarabağ müharibəsində ölkəmizin əldə etdiyi qəti qələbəni mümkün edən şərtlər də sözügedən “yumşaq çevriliş”in mənfi nəticələrindən ciddi şəkildə təsirlənərdi. Suriyanın şimalında Türkiyə əleyhdarı qurumların qarşısının alınması hədəfi də arxa plana atıla bilərdi.
Beləliklə, Türkiyə strateji milli təfəkkürdən uzaqlaşaraq, böyük güclər arasında manevr qabiliyyəti zəif, regional liderlik iddiası solğun bir aktora çevrilə bilərdi. 17–25 Dekabr yalnız idarəetmə dəyişikliyi təşəbbüsü deyildi; Türkiyənin müstəqil geosiyasi mövqeyini yenidən müəyyənləşdirməyi və onu qlobal ittifaqlarda passiv bir mövqeyə çəkməyi hədəfləyən bir dönüş nöqtəsi idi. Bu baxımdan proses sırf daxili siyasət böhranından qat-qat geniş miqyasda, Türkiyənin dövlət ağlını, təhlükəsizlik paradiqmasını və regional rolunu hədəfə alan strateji bir layihə idi.
15 iyul çevriliş cəhdində Türkiyə davam edən bu imperial əməliyyatı şəhidlər verərək, böyük bədəl ödəyərək neytrallaşdırdı. Bu günə qədər də imperialist kəşfiyyat mərkəzlərinin ağlı ilə hərəkət edən FETÖ şəbəkəsinə qarşı əməliyyatlar və həbslər davam edir. Türk dünyasının da, istər “Rusiya FETÖ-sü”, istərsə də “Amerika FETÖ-sü”nə qarşı mübarizə aparmaq, milli dövlətçiliyi xarici güclərə qarşı qorumaq və bu sahədə heç bir zəifliyə yol verməmək baxımından Türkiyənin yaxın tarixindən mühüm dərslər çıxarmasını ümid edirəm.
Telman Nüsrətoğlu












