Emin Əmrullayev gürcüstanlı alim ilə açıq platformada “atışdı” – Professor arqumentləri ilə naziri bu addımı atmağa məcbur etdi
Elm və təhsil naziri Emin Əmrullayevin Tiflisdə rəsmi səfəri Gürcüstanda yaşayan azərbaycanlı ziyalılar arasında yeni müzakirələrə səbəb olub. İki il əvvəl eyni məkanda Azərbaycan dili və “Azərbaycanşünaslıq”la bağlı verilən vədlərin yerinə yetirilməməsi məsələsi yenidən gündəmə gətirilib.
Gürcüstandakı tanınmış ziyalılardan, Beynəlxalq Qara Dəniz Universitetinin İdarə Heyətinin üzvü, professor Aygül İsayeva bu dəfə də sosial şəbəkə üzərindən kəskin və ağrılı tənqidi mövqeyini paylaşıb.
İki il əvvəlki vəd: Tbilisi Dövlət Universitetində “Azərbaycanşünaslıq” müzakirəsi
Xatırladılıb ki, 2023-cü ildə Azərbaycanın təhsil naziri Emin Əmrullayev Gürcüstana səfəri çərçivəsində Tbilisi Dövlət Universitetində geniş tərkibli görüş keçirmişdi. Həmin görüş Tbilisi Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına auditoriyada baş tutmuş, orada “Azərbaycanşünaslıq” istiqamətinin açılması məsələsi xüsusi olaraq müzakirə olunmuşdu. O zaman Gürcüstan azərbaycanlı cəmiyyəti bu addımı həm Azərbaycan-Gürcüstan münasibətlərində, həm də Gürcüstanda Azərbaycan dilinin statusu baxımından mühüm dönüş nöqtəsi kimi qiymətləndirmişdi.
Professor Aygül İsayeva xatırladır ki, həmin görüşdən sonra illərlə davam edən gözləntilərə baxmayaraq, Tbilisi Dövlət Universitetində “Azərbaycanşünaslıq” istiqaməti açılmayıb, danışıqlar faktiki olaraq nəticəsiz qalıb.
Eyni məkan, eyni insanlar, fərqli mövzu
Aradan iki il keçdikdən sonra nazir Emin Əmrullayev yenidən Gürcüstana səfər edib və yenidən Tbilisi Dövlət Universitetində eyni məkanda, demək olar ki, eyni auditoriya ilə görüş keçirib. Lakin bu dəfə müzakirələrin mövzusu dəyişib. Professor Aygül İsayevanın sözlərinə görə, bu dəfə söhbət nə “Azərbaycanşünaslıqdan”, nə də Gürcüstanda Azərbaycan dili üzrə kadr hazırlığının yaradılmasından gedib. Görüşün əsas mövzusu artıq uzun müddətdir orada mövcud olan və fəaliyyət göstərən “Qafqazşünaslıq” istiqaməti olub.
Professor xüsusilə qeyd edir ki, bu görüşün sonunda tədbir gürcü rəqsləri və mahnıları ilə yekunlaşıb. Onun fikrincə, bu detal simvolik məna daşıyır: Azərbaycan dilinin və “Azərbaycanşünaslıq”ın taleyi müzakirə olunmadan, problemli suallar açıq qaldığı halda, mədəni proqramla pərdə bağlanması vəziyyətin mahiyyətini dəyişmir.
Eyni universitetdə “Ermənişünaslıq” var, “Azərbaycanşünaslıq” isə yoxdur
Aygül İsayeva Tbilisi Dövlət Universitetində illərdir fəaliyyət göstərən “Ermənişünaslıq” ixtisasını nümunə göstərərək sual edir: əgər “Ermənişünaslıq” üçün imkan, məkan, kafedra, resurs varsa, nə üçün illərlə müzakirə olunan “Azərbaycanşünaslıq” bir növ bitib-tükənməyən söhbət olaraq qalır?
Onun sözlərinə görə, universitetin nəzdində “Ermənişünaslıq” ixtisası var və bu adla böyük kafedra fəaliyyət göstərir. Bu ixtisası bitirən məzunlar sərbəst şəkildə ermənidilli məktəblərdə “erməni dili və ədəbiyyatı” müəllimi kimi işləyə bilirlər. Həmin gənc kadrlar heç bir maneə ilə üzləşmədən sertifikasiya imtahanlarında iştirak edir və “baş müəllim” statusu ala bilirlər. Bu status maaşlarına da bilavasitə təsir göstərir: müəllimlərin əməkhaqqı təxminən 1 500–1 700 lari səviyyəsinə qədər yüksəlir.
Professorun vurğuladığı əsas məqamlardan biri budur ki, bütün bunların fonunda Azərbaycan dili üzrə Gürcüstanda ümumiyyətlə heç bir ixtisas mövcud deyil. Nəticədə, sistemli şəkildə yeni azərbaycandilli kadrlar hazırlanmır.
Azərbaycan dili müəllimləri: status var, amma tanınmır
Mövcud vəziyyətin Gürcüstandakı azərbaycandilli məktəblərə və müəllimlərin sosial statusuna təsiri xüsusilə ciddi qiymətləndirilir. Aygül İsayevanın qeyd etdiyi kimi, hazırda gənclər Tbilisi Dövlət Universitetində “Qafqazşünaslıq” ixtisasını bitirərək Azərbaycan dilindən sertifikasiya imtahanlarında tələb olunan baryeri keçsələr belə, onlara “baş müəllim” statusu verilmir.
O, həm Azərbaycan, həm də Gürcüstan tərəfinin məsul şəxslərinə, həmçinin bu görüşləri təşkil edənlərə və iştirak edənlərə müraciət edərək bildirir ki, təqdim etdiyi rəqəmlərə və vəziyyətin reallığına, heç olmasa, bir anlıq diqqətlə baxsalar, “bəlkə vicdanları bir az sızlayar”.
Aygül İsayevanın statusuna Emin Əmrullayevin etiraz şərhi də gecikməyib. Nazir professoru görüşü təhrif etməkdə günahlandırıb: “Çox hörmətli Aygul xanım, yazdığınız post keçirilmiş görüşlərin məzmununu əsaslı şəkildə təhrif edir və oxucuda yanlış təəssürat yaradır. Bu görüşlərdə iştirak etmiş şəxs kimi bir daha təsdiq edirəm ki, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllimlərin həm ilkin hazırlığı, həm də ixtisasartırma təlimləri əsas müzakirə mövzusu oldu və bir sıra razılaşmalara da vara bildik. Əsas məqam olaraq onu qeyd edim ki, həm ADA Universitetinin (və ya BDU-nun) Qazax şəhərində yerləşən filialı ilə əməkdaşlıqda birgə proqramların icrası, həm də Azərbaycan Respublikasının Təhsil İnstitutunun təlimçiləri tərəfindən Gürcüstanda ixtisasartırma təlimlərinin keçirilməsi qərarı verildi. 2026-cı ildə bu proqramların icrasına başlanılacaq ki, sizi də bu tədbirlərdə görməkdən məmnun olarıq.
O ki qaldı Qafqazşünaslıq ixtisası ətrafında olan müzakirələrə – bu məsələ tamamilə ayrı bir müzakirə mövzusu idi. Müzakirə olunan məqam əcnəbi tələbələrə (3-cü ölkə vətəndaşları üçün) yönəlik birgə proqram məsələsi idi.
Nəhayət ki, görüşün sonunun “gürcü rəqs və mahnıları ilə yekunlaşmasına” məsələsi – bu da yanlış məlumatdır.
Tədris Azərbaycan dilində aparılan məktəblərlə bağlı qeyd etdiyiniz məqamlar həqiqəti əks etdirir. Amma bu problemləri həll etmək üçün görülən işlərlərlə bağlı yanlış məlumatlar paylaşmağı faydalı hesab etmirəm. Mən əminəm ki, zamanla bu problemlər öz həllini tapacaq. Bu həllərin tapılmasının sürətlənməsi üçün isə daha çox bir-birimizlə əməkdaşlığı və məqsədyönlü işi vacib hesab edirəm’.
Ancaq nazirin şərhi professoru qane etməyib: “Hörmətli Emin müəllim. Mənim yazdıqlarım Tbilisi Dövlət Universitetinin paylaşımları əsasındadır, mənbələri də skrin edərək paylaşmışam. Ona görə də heç bir təhrifə yol verilməyibdir. Siz çox gözəl anlayırsınız ki, mənim yazdığım “Azərbaycanşünaslıq” (daha yaxşı olardı ki, “Azərbaycan dili və ədəbiyyat” ixtisası) ixtisasının açılması ilə bağlıdır. İki il bundan qabaq bu ixtisasın açılması ilə bağlı müzakirələr aparılmışdı. Amma indi ancaq müəllimlərin təlim keçməsi və Tbilisi Dövlət Universitetində illərdir mövcud olan “Qafqazşünaslıq” ixtisası ilə bağlı oldu.
Müəllimlərin təlim keçməsi mənim üçün yeni xəbər deyil, Gürcüstanın təhsil naziri Givi Mikanadze görüşəndə də müzakirə etmişdik bunu. Yeri gəlmişkən, Givi Mikanadzeyə deyəndə ki, İlya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Azərbaycan dili və ədəbiyyat” proqramı 20 ildir bağlanıbdır və Gürcüstanda yeni kadrlar hazırlanmır, bu xəbəri eşidəndə çox təəccübləndi. Dəfələrlə vurğuladı ki, ilk dəfədir ki, bunu eşidir. Halbuki, dəfələrlə Azərbaycanda olub, nazir təyin ediləndən sonra ilk səfərini Azərbaycana etmişdir. Mənimlə görüşməmişdən qabaq birinci sizinlə görüşmüşdü.
Biz, Gürcüstan azərbaycanlılarını maraqlandıran bir sual var: Gürcüstanda “Azərbaycanşünaslıq” və ya “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının açılmasını müzakirə etdinizmi və bu məsələdə dəstək olacaqsınızmı?
Məktəbdə işləyən fəaliyyətdə olan müəllimlərə təlim keçməklə problem həll edilmir, yeni kadrların Gürcüstanda yetişdirilməsinə ciddi ehtiyac var. Fəaliyyətdə olan müəllimlər özləri də sertifikasiya imtahanlarına hazırlaşa-hazırlaşa təlimlərə qoşulurlar. Mən özüm də pulsuz təlimlərin təşkil edilməsinə dəstək olmuşdum.
“Gürcü rəqs və mahnılarla görüşün bitməsi” isə yalan məlumat deyil. Şəkili paylaşıram.
Sizə də uğurlar arzu edirəm. Mən sıravi vətəndaş olaraq hər cür dəstəyi verirəm və bundan sonra da əlimdən gələni edəcəm. Birgə əməkdaşlığa da hazıram. Amma bizə nəticə lazımdır, 5-6 ildir ancaq danışıqların şahidi oluruq, nəticə isə yoxdur. Zaman isə bizim əleyhimizə işləyir”.
Alimin qətiyyətli dirənişi ilə üzləşən (Azərbaycanda görmədiyi üçün ilk dəfə sayıla bilər – red.) nazir söhbəti rəqsə gətirərək yumşaltmağa çalışıb: “Aygul Isayeva, yanlışdır. Çünki rəqs görüşdən əvvəl olub. (Gülüş smayliki) Təbii ki, bu ən vacib məsələ deyil. Amma şəkildən necə başa düşünürsünüz ki, görüş konsertlə yekunlaşıb?Başqa sözlə şəklin mövcudluğu onun hansı zamanda (əvvəl və ya sonra) olduğuna sübut ola bilməz.
“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının açılması – bəli bu məsələ müzakirə edildi. Bu tip proqram Azərbaycan ali təhsil müəssisələrinin iştirakı ilə daha səmərəli şəkildə fəaliyyət göstərə bilər. “Azərbaycanşünaslıq” isə tamamilə fərqli istiqamətdir, və daha çox əcnəbilər üçün nəzərdə tutula bilər.
İstəməzdim elə fikir formalaşsın ki, Sizin sadaladığınız problemləri biz bilmirik və ya onların həllini vacib hesab etmirik. Qeyd etdiyim kimi hər bir problemin həlli zaman tələb edir. Əminəm ki, zamanla bu problemlər də həllini tapacaq”.
Nazirin jestinə jestlə cavab verən gənc alim isə belə cavab verib: “Emin müəllim, ümid edirəm 2026-cı ilin payızında “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının açılmasına dəstək olacaqsınız. O zaman tənqidi deyil, təşəkkür postu yazacağıma söz verirəm.
Amma indiki səfərinizdə nə sizin müsahibələrinizdə, nə də Gürcüstan tərəfinin paylaşımlarında bu məsələnin müzakirə edilməsi qeyd olunmadı. Halbuki, iki il bundan qabaq hər iki tərəf bu məsələni aktiv surətdə paylaşırdı.
Etiraf edim ki, bu ixtisasın açılacağına ümidim də yoxdur. Üzləşdiyimiz problemlər isə burada yazıldığından daha dərindir”.
Digər gürcüstanlı ziyalılar da məsələ ilə bağlı haqlı narazılıqlarını bildiriblər.
Beləliklə, Emin Əmrullayevin Tiflisdəki son səfəri fonunda Gürcüstandakı azərbaycanlıların problemləri yenidən gündəmə gəlib: Tbilisi Dövlət Universitetində “Azərbaycanşünaslıq”ın nə vaxt açılacağı, Azərbaycan dilinin tədrisinin necə qorunacağı və azərbaycandilli müəllimlərin nə zaman ədalətli status və maaş alacağı hələ də açıq sual olaraq qalır.
Qeyd edək ki, müzakirələrə həm Gürcüstanın, həm də Azərbaycanın tanınmış alimləri də qatılıblar və əksəriyyət nazirə deyil, alimə dəstək nümayiş etdiriblər.
Amir Aqiloğlu












