Ermənistan “Tramp körpüsü”nü YALANLADI: Zəngəzur üzərində yeni savaş BAŞLAYIR?
“Azərbaycan, Ermənistan və ABŞ arasında anlaşma memorandumunun imzalanması, Zəngəzur dəhlizi ilə bağlı məsələlər və həmin dəhlizin “Tramp körpüsü” adlandırılması haqqında xəbər sonradan İspaniyanın “Periodista Digital” qəzetində yayılmışdı. Amma biz bilirik ki, bu iddia təkzib olundu. Ermənistan hökuməti özü də belə bir anlaşmanın mövcud olmadığını bildirdi. Yəni həmin nəşrdə yayılan məlumatlar həqiqəti əks etdirmir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.
Siyasi təhlilçi İspaniyanın “Periodista Digital” qəzetinin Zəngəzur dəhlizi ilə bağlı yaydığı sensasiyalı iddianın təkzib edilməsi məsələsi və regional güclərin Zəngəzur dəhlizi ilə bağlı maraqlarını şərh edib.
Onun sözlərinə görə, ABŞ-nin Zəngəzur dəhlizində müəyyən maraqları var:
“Bununla bağlı hətta ABŞ-nin Türkiyədəki səfiri Tomas Barrak açıqlama vermişdi. O demişdi ki, ABŞ təklif edir ki, həmin dəhliz 99 illiyinə icarəyə verilsin və bu dəhlizdə ABŞ-nin şirkəti fəaliyyət göstərsin, təhlükəsizlik isə ABŞ-nin Bakıdakı Təhlükəsizlik Şirkəti tərəfindən təmin edilsin. Gəlirlər isə müəyyən bölgü əsasında paylaşdırılsın. Amma bu məsələyə dair iki ölkə – nə Azərbaycan, nə də Ermənistan tərəfindən rəsmi açıqlama verilmədiyinə görə, biz bu iddianın doğruluğunu əsaslandıra bilmərik. Hazırda Zəngəzur dəhlizinin açılması Azərbaycanla Ermənistan arasında aparılan danışıqların əsas mövzusudur. Bu məsələ Əbu-Dabidə də müzakirə olundu. Azərbaycanın tələbləri 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata əsaslanır. Yəni maneəsiz keçidin təmin edilməsi, amma Ermənistan tərəfi bu məsələdə fərqli açıqlamalar verir”.
S. Zahidova görə, ispan dilli nəşrin yaydığı məlumatı təkzib edən Ermənistan hökuməti də bildirdi ki, Azərbaycanla nəqliyyat-kommunikasiya xətlərini açmağa hazırdır:
“Hətta dəmiryolunun tikintisini həyata keçirməyə də hazır olduqlarını qeyd etdilər. Amma bununla belə, qatarların Ermənistan qatarları olacağı, sürücülərin erməni vətəndaşları olacağı və kommunikasiya xəttinin də Ermənistanın yurisdiksiyası altında fəaliyyət göstərəcəyi vurğulandı. Ona görə də bu məsələdə hələ də tərəflər arasında ciddi fikir ayrılığı qalmaqdadır. Ümid edək ki, növbəti görüşlər problemin həllinə töhfə verəcək və konkret nəticələr əldə olunacaq”.
“O ki qaldı ABŞ-nin bu regionda maraqlı olmasına, düşünürəm ki, bunun kökündə həm İranla, həm də Rusiya ilə bağlı geosiyasi faktorlar dayanır. Xüsusilə də Zəngəzur dəhlizində ABŞ-nin təhlükəsizlik şirkətinin nəzarəti ələ alması, bu dəhliz vasitəsilə İranla olan sərhədə nəzarət etməsi o deməkdir ki, bu da ABŞ üçün strateji əhəmiyyət kəsb edir”, – deyə o, əlavə edib.
Sonda müsahibimiz onu da vurğulayıb ki, ABŞ təhlükəsizlik şirkətinin nümayəndələrinin bölgəyə gəlməsi Rusiyanın maraqlarına təhdid hesab oluna bilər:
“Rusiya bunu ABŞ-nin regionda möhkəmlənməsi kimi qiymətləndirəcək ki, bu da iki ölkə arasında geosiyasi qarşıdurmanı daha da dərinləşdirə bilər. Eyni zamanda bu, ABŞ-Rusiya-Ermənistan münasibətlərində yeni və daha ciddi bir böhrana səbəb ola bilər”.
Rafi Müslümov