Ermənistanda “səssiz müharibə”: Kilsə və dövlət arasında bıçaq sümüyə DİRƏNDİ

media-hightechnic-468x90

“Son həftələrdə Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı etirazlar daha da intensivləşib. Bu, həm daxili, həm də regional siyasətlə bağlı ictimai narazılığın dərinləşdiyini əks etdirir. Ermənistan Apostol Qriqoryan Kilsəsinin təsirini azaltmaq və cəsarətli islahatlara başlamaq istiqamətində sərt mövqe sərgiləməsinə baxmayaraq, Paşinyan getdikcə daha çox təzyiq altında qalır, yəni o, xalqın qəzəbi, geosiyasi basqılar və tarixi həll olunmamış problemlər arasında sıxışıb qalıb”.

Bunu Yenicag.az-a açıqlamasında britaniyalı analitik Neil Uotson deyib.

media-neil-1674885124

Siyasi təhlilçi Ermənistanda davam edən kölgə-hakimiyyət səssiz müharibəsinin pərdəarxası məqamlarını və Baş nazir Nikol Paşinyanın siyasətini analiz edib.

Onun sözlərinə görə, Paşinyanın kilsəyə yanaşması xüsusi diqqət cəlb edir:

“Hökumətin kilsənin siyasi nüfuzunu məhdudlaşdırmaq cəhdləri – hansı ki, bu qurum Ermənistan kimliyinin qoruyucusu sayılır – geniş müqavimətə səbəb olub. Paşinyan bu addımları siyasətdə ruhanilərin müdaxiləsini azaltmaq məqsədi daşıyan dövlət quruculuğu planının bir hissəsi kimi izah etsə də, tənqidçilər bu tədbirlərin əhalinin və diasporun böyük bir hissəsini uzaqlaşdırdığını iddia edirlər. Bu narazılıq Ermənistanda sosial toxumada daha geniş bir narahatlığın əlamətidir. Bir çox vətəndaşlar milli irslərinin təhlükə altında olduğunu düşünür və Paşinyanın islahat proqramından nə iqtisadi, nə də təhlükəsizlik sahəsində real nəticələr əldə edilmədiyi üçün narazılıq küçə etirazlarına çevrilib”.

N. Uotsona görə, siyasi böhranın mərkəzində Azərbaycanla sülh məsələsi də dayanır:

“Erməni müxalifəti Zəngəzur dəhlizi və sərhədin delimitasiyası ilə bağlı Bakı ilə aparılan danışıqları hökumətin təslimçilik siyasəti kimi təqdim edir. Çox sayda erməni üçün bu dəhliz milli suverenliyə təhdid kimi qəbul olunur. Paşinyan bu danışıqları uzunmüddətli regional sabitlik naminə ağrılı, lakin zəruri addım kimi təqdim etsə də, tənqidçilər onu günahlandırırlar. Onun rəqibləri bildirirlər ki, sülh Ermənistanın ləyaqəti və öz müqəddəratını təyinetmə hüququ bahasına, Rusiyanın Ukraynadakı qismən uğurundan doğan artan təsirindən qorxaraq, tələsik şəkildə həyata keçirilir. 2020-ci il müharibəsindəki məğlubiyyətdən sonra hələ də özünə gələ bilməyən ölkə üçün bu cür ritorika həm emosional, həm də siyasi baxımdan güclü təsir göstərir”.

Həmsöhbətimizin fikrincə, xarici müstəvidə Ermənistan qeyri-müəyyən vəziyyətdədir:

“Rusiyanın Cənubi Qafqazdakı azalan təsiri, İranın Zəngəzur dəhlizinə artan marağı və Qərbin məhdud imkanları nəticəsində İrəvanın açıq şəkildə arxalana biləcəyi müttəfiqi yoxdur. Paşinyan Ermənistanı həm Şərq, həm də Qərblə balanslı siyasət yürüdən müstəqil oyunçu kimi təqdim etməyə çalışsa da, bu mövqe hələ ki sadə vətəndaşlar üçün konkret nəticələr verməyib. ABŞ sülhməramlılarının dəhlizdə iştirakı ilə bağlı təkliflər də gündəmdədir. İnflyasiyanın davam etməsi və iqtisadi imkanların məhdudluğu şəraitində bir çox insan inqilabdan sonra vəd edilən dirçəlişin gerçəkləşmədiyini düşünərək özünü aldadılmış sayır. Bu narazılıq yalnız siyasi elitalar arasında deyil, cəmiyyətin geniş təbəqələrində də açıq şəkildə hiss olunur və Paşinyanın istefası Ermənistanın xarici və daxili siyasət kursunun yenidən nəzərdən keçirilməsi tələblərini gücləndirir. Mövcud tendensiya davam edərsə, Paşinyanın gələn seçkilərə qədər vəzifədə qalması sual altına düşür, bu isə yaxın zamanda sülh sazişinin imzalanmasına olan təzyiqləri daha da artırır”.

Müsahibimiz əmindir ki, son hadisələrə nəzər saldıqda aydın olur ki, Ermənistan tarixi dönüş nöqtəsindədir:

“Bir vaxtlar yüksək dəstəyə malik olan Paşinyan hökuməti indi dirçələn müxalifət, ehtiyatlı vətəndaşlar, tərəddüddə olan diaspora və qeyri-sabit geosiyasi mühitlə üz-üzədir. Əgər natiqlik bacarığı ilə tanınmayan Paşinyan siyasətinin məntiqini xalqla açıq şəkildə paylaşa və təhlükəsizlik, suverenlik və yaşayış səviyyəsində real irəliləyişlərə nail ola bilməzsə, ictimai narazılıq daha da dərinləşəcək. Ermənistanın sabitliyə aparan yolu isə yalnız ölkə rəhbərliyinin xaricdə kompromis, ölkə daxilində isə konsensus qurmaq bacarığından asılı olacaq”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600