Əsəddən sonra Suriya: “Davud dəhlizi” və Türkiyəyə qarşı YENİ PLAN
“Bəşər Əsəd rejimi devrildikdən sonra Suriyada qurulacaq yeni sistemlə bağlı ciddi müzakirələr aparılıb”.
Bunu Yenicag.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.
Siyasi təhlilçi İsrailin YPG ilə birləşmək üçün “Davud dəhlizi” layihəsi ilə bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, bu müzakirələrin başlanğıcında Türkiyənin mövqeyi ön plana çıxır:
“Türkiyə Suriyanın ərazi bütövlüyü çərçivəsində unitar dövlət quruluşunu, insan haqları, bərabərlik və konstitusiya əsasında qurulacaq bir sistemi dəstəkləyir və bu model üzərində israr edir. İsrail isə xüsusilə HƏMAS-ın hücumundan sonra regionda təhlükəsizliklə bağlı narahatlığını ən yüksək səviyyəyə çıxardığı üçün əvvəlcə İran adına bölgədə vəkalət savaşı aparan təşkilatlara qarşı mövqe sərgiləyir, ardınca isə Əsədin devrilməsi ilə yaranacaq yeni nizamda güclü bir Suriya modelinin qurulmasını istəmir”.
H. Oktayın fikrincə, bununla yanaşı, İsrail Suriya üzərindən Türkiyəyə qarşı da bir mövqe sərgilədiyi üçün Türkiyənin təklif etdiyi sistemə qarşı çıxan qruplarla birbaşa təmas qurmağa başlayıb:
“Bu qrupların başında druzlar gəlir. İkinci olaraq isə Deyr əz-Zor bölgəsinə nəzarətlə bağlı İsrail “Davud dəhlizi” siyasətini həyata keçirməkdədir. Lakin bu plan nə Türkiyə, nə də Rusiya tərəfindən qəbul edilmir. Bu səbəbdən İsrailin bu siyasətinə qarşı Türkiyə-Rusiya ittifaqı ön plana çıxmağa başlayıb. ABŞ-ın Orta Şərq üzrə nümayəndəsi və Ankaradakı səfiri Tomas Barrak isə Suriyada sabitliyin təmin olunması üçün intensiv “səyyar diplomatiya” aparır. Bütün bu faktlar nəzərə alındıqda, İsrailin “Davud dəhlizi” layihəsinin uğur qazanma ehtimalı hal-hazırda real görünmür”.
Rafi Müslümov