İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
Prezident İlham Əliyev Bakıda keçirilən “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” adlı beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb.
Yenicag.az xəbər verir ki, müraciətdə deyilir:
“Hörmətli tədbir iştirakçıları,
Sizi “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda keçirilən beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram.
2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu heç də təsadüfi deyildir. Belə ki, bu il biz Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyini və tarixi Zəfərimizin 5 illiyini qeyd edirik.
Ölkəmiz öz müstəqilliyini 1991-ci ildə bərpa etsə də, o dövrdə hökm sürən ictimai-siyasi vəziyyət, həmçinin Ermənistan Respublikasının hərbi təcavüzü səbəbindən milli konstitusiyamızın qəbulu yalnız 1995-ci ildə mümkün olmuşdur. Müstəqilliyimizi qazanandan sonra 30 ilə yaxın bir dövrdə torpaqlarımızın əhəmiyyətli hissəsi Ermənistanın işğalı altında olmuşdur. Azərbaycan xalqının əzmkarlığı, silahlı qüvvələrimizin rəşadəti sayəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edilmiş, 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuşdur. Bununla da Konstitusiyamızın hüquqi qüvvəsi ölkənin bütün ərazisinə şamil edilmişdir.
Tarixi zəfərimizdən dərhal sonra Qarabağ və Şərqi Zəngəzur bölgəsində geniş bərpa və quruculuq işlərinə başlanmış, minlərlə insan öz doğma yurdlarına qayıtmışdır. Baş vermiş bütün faciələrə baxmayaraq, Azərbaycan hər zaman sülh gündəliyinin tərəfdarı olmuş, bu istiqamətdəki səylərimiz cari ilin 8 avqust tarixində Vaşinqtonda sülh sazişinin paraflanması ilə nəticələnmişdir.
Hörmətli konfrans iştirakçıları,
Dost ölkələrin milli prokurorluq xidmətlərinin rəhbər şəxslərinin də daxil olduğu nümayəndə heyətlərinin bu tədbirə qatılması dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsinə verdikləri önəmin təzahürüdür. Milli prokurorluq orqanları cinayətkarlığın bütün təzahürlərinə, o cümlədən dövlətin konstitusiya quruluşunun əsaslarına qəsd edən cinayətlərə qarşı mübarizənin ön sırasında dayanırlar. Bununla da onlar təkcə qanunçuluğun təmin edilməsi vəzifəsini yerinə yetirmir, eyni zamanda konstitusion nizamın və suverenliyin qorunmasına xidmət edirlər. Bu baxımdan prokurorluq orqanları da dövlət suverenliyinin keşikçiləri hesab olunurlar. Sizə bu şərəfli missiyada uğurlar arzu edirəm.
Əminəm ki, hazırkı tədbir prokurorluq fəaliyyəti ilə bağlı qabaqcıl təcrübələrin mübadiləsi, ümumi çağırışların müəyyən edilməsi və onların birgə həlli yollarının müzakirəsi, qarşılıqlı əməkdaşlığın güclənməsi məqsədlərinə töhfə verəcəkdir.
Sizi Azərbaycanda bir daha salamlayır, konfransın işinə müvəffəqiyyətlər diləyirəm”.
***
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işinə başlayıb.
Yenicag.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı, Avropa Evi – “Ambrosetti”nin (TEHA) strateji tərəfdaşlığı, həmçinin “Euronews” və “Sea Breeze”in media və təşkilati dəstəyi ilə keçiriləcək forumda dövlət rəsmiləri, biznes liderləri və beynəlxalq investorlar iştirak edir.
Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov forum iştirakçılarına Prezident İlham Əliyevin müraciətini oxuyub.
Qeyd edək ki, forum Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrin investisiya imkanlarını araşdırmaq, qlobal ticarətin və dayanıqlı təchizat zəncirlərinin gələcəyini formalaşdırmaq üçün unikal bir platforma təqdim edir. Burada iştirakçılar yeni qlobal rəqabətlilik paradiqmalarına dair dəyərli biliklər əldə etməklə yanaşı, yüksək səviyyəli əlaqələr qurmaq, strateji sazişlər bağlamaq və yeni tərəfdaşlıqlar formalaşdırmaq imkanları qazanacaqlar.
Tədbirin çərçivəsində plenar iclaslar, institusional və panel sessiyalar, tematik müzakirələr, ölkəmizin investisiya imkanları və potensialına dair sərgi keçiriləcək.
İki gün davam edəcək forumda enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf, səhiyyə və daşınmaz əmlak sahələrində regional əməkdaşlıq və investisiya perspektivləri müzakirə olunacaq.
Forumun ilk günündə regionların strateji inteqrasiyası, tranzit imkanları, enerji və infrastruktur layihələri, innovasiyalar, yaşıl enerji, daşınmaz əmlak, şəhərsalma və dayanıqlı inkişaf mövzularında plenar iclas və dörd panel sessiyası baş tutacaq. Tədbirin ikinci günü isə dövlət-özəl tərəfdaşlığı, maliyyə, səhiyyə, biotexnologiya, əczaçılıq və rəqəmsal sağlamlıq, kənd təsərrüfatı, aqrobiznes, ərzaq sənayesi, sənayeləşmə, kiçik və orta sahibkarlıq, yaşıl keçid, eləcə də sahibkarlığın inklüzivliyi mövzularına həsr olunan panel sessiyaları keçiriləcək.