İran mühacirləri Türkiyəyə yönləndirir – Yeni miqrasiya dalğası QAPIDADIR
İranın son dövrlərdə Əfqan mühacirlərə qarşı sürətləndirdiyi deportasiya siyasəti, onların digər ölkələrə, xüsusilə Türkiyəyə axınına səbəb olur. Bu vəziyyət Türkiyənin sərhəd bölgələrində ciddi humanitar problemlərə və sosial gərginliyin artmasına gətirib çıxara bilər. Eyni zamanda, proses beynəlxalq miqyasda humanitar böhranın dərinləşməsinə və yardım təşkilatlarının üzərinə əlavə təzyiqin düşməsinə səbəb olur.
Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay bildirib ki, İranın yürüdüyü bu siyasət təkcə regional deyil, beynəlxalq təhlükələr də doğurur.
“İran və Rusiya üçün maraqlı bir inkişaf prosesi yaşanmaqdadır. SSRİ vaxtilə Əfqanıstanı işğal etməyə cəhd göstərərkən, İranda rejim dəyişikliyi baş verdi və Xomeyni hakimiyyətə gəldi. Əfqanıstandakı işğal həm Rusiyaya qarşı müqavimət mərkəzlərinin yaranmasına, həm də Əfqanıstandan İran və Pakistana kütləvi miqrasiyaya səbəb oldu. İran mücahid hərəkatını dəstəkləyirmiş kimi görünürdü, eyni zamanda Rusiya ilə münasibətləri balanslaşdırmağa çalışırdı,” – deyə professor bildirib.
Onun sözlərinə görə, İran Əfqan mühacirlərə nə vətəndaşlıq verir, nə də sosial hüquqlar tanıyır. Bunun əvəzində, onları təhsil aldıraraq Türkiyə və digər ölkələrə yönləndirməyi siyasət olaraq seçib. Bu proses inqilabdan sonra müəyyən ideoloji dəstək görsə də, sonradan milyonlarla mühacir sistematik şəkildə Türkiyə istiqamətində yönləndirilməyə başlayıb.
“Xüsusilə İran–İsrail münasibətlərinin gərginləşdiyi dövrdə, İsrailin Əfqan mühacirləri kəşfiyyatçı kimi istifadə etməsi ilə bağlı xəbərlər İran rəhbərliyində ciddi narahatlıq doğurdu. Nəticədə İran bu mühacirləri ölkədən çıxarmağa başladı və ilk istiqamət kimi Türkiyəni hədəf seçdi. Halbuki Türkiyə bu qarşıdurmalarda İrana açıq dəstək vermişdi. Buna baxmayaraq, İran miqrant kartını təzyiq vasitəsi kimi istifadə etməyə başladı.”
Ekspertin fikrincə, İranın bu siyasətinin tarixi kökləri var. 1979-cu ildə SSRİ-nin Əfqanıstanı işğal etməyə cəhd etməsi bölgədə həm geosiyasi dəyişikliklərə, həm də miqrasiya axınının artmasına səbəb olmuşdu. İran həmin dövrdən bəri Əfqan mühacirləri nəzarət altında saxlayır və onları strateji məqsədlərlə yönləndirir.
Hasan Oktay qeyd edib ki, hazırda Türkiyə rəsmiləri Van və Iğdır sərhəd bölgələrində vəziyyəti yerində araşdırır. Türkiyə əvvəllər İraq və Suriya böhranları ilə bağlı ciddi miqrasiya axınları ilə üzləşmişdi. İndi isə yeni Əfqan miqrant dalğası ölkədə həm iqtisadi, həm də sosial baxımdan gərginlik yarada bilər.
“Türkiyə bu problemi yerində, yəni İranla birbaşa danışıqlar vasitəsilə həll etməyə çalışır. İran isə bu prosesdən istifadə edərək miqrantları həm təhlükəsizlik risklərini uzaqlaşdırmaq, həm də Türkiyəyə qarşı təzyiq alətinə çevirmək istəyir,” – deyə professor vurğulayıb.
KAFKASSAM sədri qeyd edib ki, Türkiyə bu miqrasiya hərəkatının qarşısını almaq üçün İranla təcili və konkret nəticəyə hesablanmış diplomatik addımlar atmalıdır.
Məsimə Məmmədova