İran uranı zənginləşdirməkdən imtina EDƏCƏKMİ? – Danışıqlar masasında İKİ SSENARİ
“İran bu əsas tələbi qəbul etmək istəmir. Əgər qəbul etməsə, həm sanksiyalar yenidən gündəmə gətiriləcək, həm də İrana qarşı yeni zərbələrin endirilməsi ehtimalı hələ də masada qalır”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.
O, İranın nüvə danışıqlarına razı olmaması ilə bağlı fikirlərini səsləndirib.
Politoloq bildirib ki, İran ilə Amerika arasında çərçivəsində nüvə proqramı ilə bağlı danışıqlar hələ də başlamayıb:
“Bu məsələ ilə bağlı hələlik qarşılıqlı razılıq da yoxdur, lakin nüvə məsələsi yalnız danışıqlar yolu ilə həll oluna bilər. Son günlərdə İran ilə Avropa üçlüyü (Almaniya, Fransa və Böyük Britaniya – red.) arasında danışıqlara başlamaq üçün razılıq əldə olunub. Bu danışıqların Almaniya, Fransa və ya Böyük Britaniyada keçirilməsi gözlənilir. Danışıqların 12 günlük müharibə ərəfəsində də mərhələdə aparılırdı. Lakin ilkin mərhələdə danışıqların gedişi tərəfləri razı salmadığına görə, İsrail ABŞ-nin xeyir-duası ilə İrana qarşı hava zərbələri endirdi”.
Onun sözlərinə görə, hazırda belə bir iddia var ki, 12 günlük qarşıdurma nəticəsində İranın üç əsas nüvə obyektinə ciddi zərər dəyib:
“Bunlardan birincisi, əsas obyekt olan Fordo dağlıq ərazidə yerləşir və yalnız ABŞ-nin xüsusi dağıdıcı bombaları ilə məhv edilə bilərdi. İddialara görə, həmin obyektin ən azı iki il müddətinə fəaliyyəti mümkün olmayacaq. Digər iki obyekt isə Natanz şəhərində yerləşən uranın zənginləşdirilməsi mərkəzi və İsfahandakı obyektlərdir. Bu obyektlərin fəaliyyətə başlaması üçün bir neçə aylıq bərpa işlərinə ehtiyac olduğu bildirilir. Hazırda Avropa üçlüyü ilə danışıqların yaxın gün ərzində başlanacağı gözlənilir. Oktyabra qədər Avropa üçlüyü, BMT Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi sanksiyaları təməl prinsiplərə toxunmadan yenidən gündəmə gətirə bilər. İran sanksiyalardan ciddi şəkildə çəkinir və bu səbəbdən Avropa ilə danışıqlara daha çox maraq göstərir, nəinki ABŞ ilə…”
A. Səmədov hesab edir ki, İran rəsmilərinin verdiyi açıqlamalara əsasən, təklif olunan əsas məsələlərə razılıq verməyə hazır deyillər:
“Əsas müzakirə mövzusu İranın uranı ölkə daxilində zənginləşdirməməsidir. Başlıca tələb budur: ya bölgədə ortaq bir uran zənginləşdirmə müəssisəsi qurulmalı və region ölkələri ondan birgə istifadə etməlidirlər, ya da İran zənginləşdirilmiş uranı Rusiyadan və ya başqa neytral bir dövlətdən almalıdır”.
“İran bu əsas tələbi qəbul etmək istəmir. Əgər qəbul etməsə, həm sanksiyalar yenidən gündəmə gətiriləcək, həm də İrana qarşı yeni zərbələrin endirilməsi ehtimalı hələ də masada qalır. Ümid edilir ki, İran beynəlxalq ictimaiyyətin dəstəkləmədiyi nüvə proqramından geri çəkiləcək, həm öz xalqını düşünəcək, həm də regionda yeni münaqişənin alovlanmamasını təmin edəcək”, – deyə politoloq fikirlərini tamamlayıb.
Nəsimi Ələsgərli