İsrail HTŞ-ni sıradan ÇIXARIR? – Dəməşq üzərində oyunlar BAŞLADI

media-hightechnic-468x90

“İsrailin Suriya hücumları Yaxın Şərqin yeni siyasi dizaynının başlanğıcıdır”

Bunu Yenicag.az-a açıqlamasında təhlükəsizlik və hərbi məsələlər üzrə tanınmış türkiyəli ekspert Abdullah Ağar deyib.

media-abdullah-agar1

Analitik İsrailin Suriyaya, xüsusilə də Dəməşq ətrafına yönəlmiş son hava zərbələrinin şərh edib.

Onun sözlərinə görə, bunun arxasında bir sıra strateji məqsədlər dayanır:

“Bu hücumlar təkcə hərbi deyil, həm də siyasi, sosial və psixoloji müstəvilərdə dərin nəticələr doğura bilər. İsrail HTŞ və onun lideri əl-Qolani (Əhməd əş-Şaraa) üzərində təzyiq yaratmağa, təşkilatın legitimliyini və təsir gücünü sarsıtmağa, hərbi uğurlarını isə siyasi yükə çevirməyə çalışır. Təl-Əviv hesab edir ki, bu zərbələr vasitəsilə HTŞ-nin qərarvermə mexanizmini yönləndirəcək, onların düşüncəsi və iradəsi ilə İsrailin gözlədiyi kimi qrupalşam dizayn ediləcək”.

Ekspert bildirib ki, bu hücumların bir başqa hədəfi də druz icmasıdır:

“Bu, druzlara güc və himayə nümayişidir. Suveyda bölgəsində Druz Kantonu prosesi sürətləndirilmək istənilir. Ona görə də İsrail keçmişdə itirdiyi əraziləri gündəmdən çıxarmaq, rəqiblərini həmin torpaqlardan vaz keçirməyə məcbur etmək və hakim olduğu dar ərazilərə strateji dərinlik qazandırmaq niyyətindədir. Bununla yanaşı, bölgədə güc boşluqları yaradılaraq YPG/PYD-yə yeni manevr sahələri tanınılır”.

Müsahibimiz hesab edir ki, İsrailin bu yanaşması ABŞ-nin bölgədəki maraqları ilə də uzlaşır:

“Dəməşq və Aralıq dənizinə doğru YPG/PYD-nin təsir sahəsi genişləndirilir. Bu, parçalanmış ərazilərdə dayanıqlı idarə formalarının qurulmasına hesablanıb. Hələb və Şamın süqutu ilə ABŞ və İsrailə geopolitik üstünlük qazandıran HTŞ Suriya daxilində unitar sistem qurulmadan pul və legitimlik axtarışına çıxdı. Halbuki bu axtarışın ünvanı Dəməşq deyil, Fəratın şərqi olmalı idi. Amma ya istəmədi, ya da imkan vermədilər. Nəticədə bu proses zəifliyə çevrildi”.

A. Ağara görə, bu, HTŞ üçün sonun başlanğıcı idi:

“Lakin hələ də onun daimi aktora çevrilmək imkanı var. Bunun üçün Fəratın şərqini özünə daxil etməli, cəmiyyətə etibar, təhlükəsizlik və səmimiyyət aşılayan yeni kimya yaratmalıdır. Hazırda təşkilat “keçid aktoru” kimi dəyərləndirilir və bu mərhələdə bir növ “qulağı çəkilir”.

ABŞ-nin Ankaradakı səfiri Tom Barakın “Suriya üçün tək dövlət, tək millət, tək ordu” açıqlamasına toxunan Ağar bunu ciddi şəkildə şübhə altına alır:

“Bu açıqlama ABŞ-nin sahədəki faktiki siyasəti ilə uyğun gəlmir. Əksinə, tam ziddiyyət təşkil edir. ABŞ sahədə Suriyanı faktiki olaraq bölüb. Əgər bu ifadə bir aldatma və çaşdırma deyilsə, o zaman ABŞ dərhal YPG-PKK ilə əlaqəni kəsməlidir. Yalnız bu halda deyə bilərik ki, ABŞ Suriyanın parçalanmasını istəmir. Əks təqdirdə, bu sözlərin hamısı yalnız aldadıcı ritorikadır”.

“Amerika və Fransa ENSK-nı, yəni Suriyadakı PKK-ya qarşı olan kürd siyasi strukturunu Rojava Peşmərgələri istisna olmaqla PKK-nın tərkibinə daxil etməyə çalışır. Bu, həm bölgə, həm də Türkiyə üçün çox ciddi təhlükədir. Hazırda PKK Aralıq dənizinə çıxmaq üçün Dəməşq üzərində təsir formalaşdırmaqla sahildə yaşayan ələvi ərəb icması ilə ittifaq yaratmaq niyyətindədir. Məsələ çox təhlükəli yerə gedir” – deyə o, əlavə edib.

PKK-nın struktur dəyişikliyi ilə bağlı danışan analitik qeyd edib ki, PKK bu gün özünün “təhlükəli” adından imtina edərək terrorçuluğunu leqallaşdırmağa çalışır:

“Amma YPG, PJAK, HPG, YDG-H, TAK və s. kimi saysız-hesabsız silahlı qruplaşmalar hələ də fəaliyyət göstərir. PKK bir əl arabasında daşınan 30 silahdan ibarət deyil. Əgər 40 min TIR dolusu silahdan danışırıqsa, artıq bu sadəcə terror deyil, bir dövlət modelidir. PKK bu gün həm qərarvericiləri, həm də cəmiyyəti aldatmaq üçün öz oyununu oynayır. Bu oyunun arxasında isə onu himayə edən güclər dayanır. Biz buna aldanmamalıyıq”.

Rafi Müslümov

 

 

 

 

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600