KMP-də Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edildi
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsi, 29-cu maddəsinin I, II və III hissələri baxımından inflyasiya nəticəsində pulun dəyərsizləşməsinin zərər anlayışı ilə əhatə olunub-olunmamasına münasibətdə Mülki Məcəllənin 21.2-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Ədliyyə Nazirliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Vəkillər Kollegiyası, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən Hüquqi məsələlər üzrə Ekspert Qrupu tərəfindən təqdim edilən mütəxəssis mülahizələrini, ekspertlər, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosentləri, hüquq elmləri doktoru A.Qədirov və hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinin, 29-cu maddəsinin I, II və III hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Mülki Məcəllənin 21.2-ci maddəsində qeyd olunan “əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir.
Borclunun pul öhdəliklərini icra etməməsi nəticəsində kreditora dəyən zərərin (həmçinin inflyasiya nəticəsində yaranan zərər) həcmi Mülki Məcəllənin 449.1-ci maddəsi ilə müəyyən olunmuş gecikdirmə faizlərinin məbləğindən çoxdursa, borcverən (kreditor) həmin Məcəllənin 449.3-cü maddəsinə əsaslanaraq bu faizlərlə əhatə olunmayan hissədə (fərq məbləğində) zərərin əvəzinin ödənilməsini borcludan tələb etmək hüququna malikdir.
“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi barəsində verilmiş notariusun icra qeydi üzrə tutulmalı olan pul məbləği borcalan tərəfindən ödənilmədiyi təqdirdə, borcverənin Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən inflyasiya nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.