Azərbaycan dialektologiyasına yeni töhfə

media-hightechnic-468x90

Naxçıvan şivələri tarixən həmin ərazidə məskunlaşmış qədim türk tayfaları- nın dili əsasında əmələ gəlmiş, ədəbi dillə əlaqədə formalaşmışdır. 

Bu şivələr  Azərbaycan dili dialektlərinin cənub qrupuna aid olub, dialekt xüsusiyyətləri Güney Azərbaycan, Şərqi Anadolu və İraq bölgələrini də əhatə edir. Naxçıvan şivələrinin öyrənilməsinə keçən yüzilliyin ortalarında başlanılmış, indiyə kimi uğurla davam etdirilir. İlkin tədqiqatlardan sonra Naxçıvan bölgəsində iki dialekt (Naxçıvan və Ordubad) və üç şivə (Culfa, Şərur, Şahbuz) müəyyən olunmuşdur. Naxçıvan və Ordubad əhalisinin danışığı ədəbi dildən kəskin fərqlənmədiyinə görə şivə adlandırılması daha məqsədəuyğundur. Hazırda Naxçıvan bölgəsində altı şivə (Naxçıvan, Ordubad, Culfa, Şərur, Şahbuz, Kəngərli, Sədərək) mövcuddur. Buna görə də bölgənin nitqi Naxçıvan qrupu şivələri və ya qısa şəkildə Naxçıvan şivələri adlandırılması məqbul sayılır. Naxçıvan şivələri həmişə alimlərin diqqət mərkəzin- də olmuş, müxtəlif istiqamətlərdə araşdırılmışdır. Tədqiqatların ilkin mərhələsində dialektoloji materialın toplanmasına üstünlük verilmişdir. 1950- 55-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun dialektoloq alimləri tərəfindən toplan- mış materiallar əsasında 1962 – ci ildə “Naxçıvan MSSR-in dialekt və şivələri” monoqrafiyası çap olunmuşdur. Sonrakı mərhələdə Ordubad (T.Həmzəyev), Şərur (K.İmamquliyeva), Şahbuz (N.Əliyeva) və Culfa  (L.Səfərova) şivələri monoqrafik üsulla araşdırılmışdır. M.Zeynalov, Ə.Quliyev, N.Əliyeva, Ş.Məmmədova, R.Zülfüqarlı şivələrin leksikasını tədqiqata cəlb etmişlər. Q. Hacıyeva və Ə.Mahmudova Naxçıvan şivələrini türk dili ilə müqayisədə tədqiq etmişlər. Ə.Amanoğlu, N.Əliyeva və K.Quliyevanın tədqiqatları ümumiləşdirici xarakter daşıyır. Dialektoqrafiya və linqvistik coğrafiya sahəsində də xeyli nailiyyətlər əldə olunmuşdur. AMEA Nəsimi adına Dilçilik İnstitutunun alimləri tərəfindən dörd dildə (Azərbaycan, türk, rus və ingilis) “Azərbaycan dilinin Naxçıvan dialektoloji lüğəti”, Ə. Quliyev və N.Əliyevanın  həmmüəllifliyi ilə “Naxçıvan dialekt və şivələrinin lüğəti”, S.Zeynal və E.Abışov tərəfindən “Tivi şivəsinin izahlı lüğəti” hazırlanmışdır. 2015-ci ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunun dialektoloqları tərəfindən dörd dildə (Azərbaycan, türk, rus, ingilis) 250 izoqloss-xəritədən ibarət “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” nəşr olunmuşdur. Görkəmli alim Əfülfəz Amanoğlu- nun Naxçıvan şivələri ilə bağlı tədqiqatları – “Nahçıvan ağzı” və “Nahçıvan ağızlarının söz varlığı” kitabları Türkiyədə yayımlanmışdır. Bütün bunlara baxmayaraq, Naxçıvan şivələrinin müasir durumunun öyrənilməsinə, etnolinqvistik və koqnitiv üsullarla öyrənilməsinə zərurət yaranmışdır. Bu baxımdan tanınmış dialektoloq alim, filologiya elmləri doktoru Nuray Əliyevanın yaxın günlərdə Əcəmi nəşriyyatında iki cilddə çap olunmuş “Naxçıvan şivələri (fonetika,morfologiya, sintaksis) və “Naxçıvan şivələri (leksika, frazeologiya, leksikoqrafiya)” monoqrafiyaları təqdirəlayiqdir. 

Naxçıvan şivələrində ilkin tədqiqatlardan keçən zaman kəsiyində cəmiyyətin sosial- iqtisadi inkişafi, Qərbi Azərbaycandan əhalinin miqrasiyası, ədəbi dilin təsiri, qədim xüsusiyyətlərin arealının məhdudlaşması, innovasiyaların əmələ gəlməsi, arxaik sözlərin neologizmlərlə əvəzlənməsi nəticəsində dəyişikliklər yaranmiş- dır. Mənsub olduğu dialekti araşdıran N.Əliyeva bu halları müşahidə eləmiş, zəngin dialektoloji material toplayaraq daha çox özəl xüsusiyyətləri sinxron və diax- ron baxımdan tədqiq etmişdir. 

Monoqrafiyanın birinci cildində dilin fonetika, morfologiya və sintaksis səviyyələri şivələrdən müxtəlif illərdə toplanmış konkret nümunələrlə şərh olunur. Naxçıvan şivələrinin ədəbi dillə və digər şivələrlə ortaq xüsusiyyətləri ilə yanaşı, özəl cəhətləri də geniş yayılmışdır. Məsələn, ə səsinin geniş tələffüzü (sə:vınıram, də:yil, sənə nə:, bə: nə: bə: və s.), incə i səsinin qalın ı səsinin məxrəcində tələffüzü ( təlıs, qədım, gəlın, cəvız və s.), Ordubad şivələrində ə səsinin qalın a səsinin məx- rəcində tələffüzü ( gal, haylə), Ordubad və Şahbuz şivələrində ç səsinin qovuşuq ų şəklində tələffüzü ( ųay, ųırax, ųəltix` və s.), əksər şivələrdə a səsinin ddodaqlanan variantı  (mal, hamı, baxaram, çalışır, apararıx və s.), l səsinin yumşaq variantı ( lap, ilan, pul, qulax, olan, alim, alver) və s. bu şivələrin səciyyəvi xüsusiyyəti kimi müəllif tərəfindən qeydə alınmışdır.

Naxçıvan şivələrində dilimizin qədim xüsusiyyətləri daha çox qorunub saxlanmışdır. Tədqiqatda qədim xüsusiyyətlər yazılı abidələrin materialları ilə müqa- yisədə müəyyən olunur. Tədqiqat zamanı  türk dillərinin qədim və orta əsrlər yazılı abidələri ilə çox sayda oxşar xüsusiyyətlər aşkara çıxarılır. Naxçıvan şivələrində velyar ŋ və qovuşuq ų səslərinin işlənməsi, a>ə, u>ü, ə>a, ö>o, o>a, u>ı, ü>i, e>ö, e>i, e>ə, t>d, b>p, d>t, b>m, y>g, n>m və s. səs dəyişmələrinin geniş yayılması dili mizin tarixi ilə bağlıdır. 

Naxçıvan şivələri oğuz qrupu türk dilləri, xüsusilə də türk dili və dialektləri ilə ortaq xüssiyyətlərə malikdir.Velyar ŋ səsinin işlənməsi, i>ı, a>e, ö>o, ü>u, a>u, e>ö, o>u, e>i, k>g, t>d, b>p, ç>ş, x>h və s. səs dəyişmələri  türk dilləri və dialektlə ri ilə uyğunluq təşkil edir.  

N.Əliyeva Naxçıvan şivələrinə xas xüsusiyyətlərin tarixi inkişafını izləyərək 

onların tayfa mənsubiyyətini də müəyyənləşdirmişdir. Tədqiqatdan aydın olur ki, Naxçıvan şivələrinin xüsusiyyətləri mənşəcə əsasən oğuz, qismən də qıpçaq tayfa- larının dili ilə bağlıdır. e>i (çiynəməx`, didi, ilə max, ginə, bilit, cijim, midal vəs.), ə>i (xiyal, zincir, yihər, şikil ), i>ə (həməşə, həmən, əyə “yiyə” və s.), d>t ( tam “dad”, tüşünmə tişlədi, tifar və s.), ç>ş (heş, üş, qoş, geş, aş, qaş), b>m (mahna” bə- hanə”, bağman) və s. səs əzəzlənmələri qıpçaq, təsirlik halda- yı (Sədərək), II şəxs- də – ıŋ,-ıŋız mənsubiyyət şəkilçisi oğuz tayfalarının xüsusiyyəti kimi mühafizə olu- nur.   

Dialektlərdə feilin qrammatik məna növləri ədəbi dillə əsasən eyniyyət təşkil etdiyi üçün dialektoloji araşdırmalara cəlb olunmamışdır. N.Əliyevanın müşahidə- lərinə görə, Naxçıvan şivələrində fərqli cəhətlər mövcuddur. Alimin qənaətinə gö- rə, Ordubad şivələrində adlardan feil əmələ gətirən – lan,- lən şəkilçisi –ıl şəkilçisi nin mövqeyində işlənərək məchul feillər əmələ gətirir: dəyişlən, bişirlən, yoğurlan, yığışlan, suvarlan və s. feillər konteksdə məchul feil (bişirildi, dəyişildi, yoğruldu, yığışıldı, suvarıldi v s.) funksiyası yerinə yetirir.  

Monoqrafiyada Naxçıvan şivələrinin xüsusiyyətləri digər şivələrlə, müasir türk dilləri və dialektləri ilə müqayisədə olunur. Aparılan müqayisələrdən aydın olur ki, Naxçıvan bölgəsində cənub şivələrinə xas xüsusiyyətlərdən əlavə, qərb və şərq şivələrinin xüsusiyyətləri də məhdud ərazidə təzahür edir. Naxçıvan şivələri daha çox Güney Azərbaycan şivələri və İraq- türkman ləhcəsi ilə oxşar cəhətlərə malikdir. Bu da tarixi əlaqələrlə və əhalinin miqrasiyası ilə bağlı yaranmışdır. Nax- çıvan şivələrinin müasir türk və türkmən dilləri və dialektləri ilə oxşar xüsusiyyət- lərinin çoxluğu da tarixən bu ərazilərdə oğuz tayfalarının məskunlaşmasını  təsdiq- ləyən dəyərli faktlardandır.

Monoqrafiyanın ikinci cildində dilçiliyin leksika, frazeologiya və leksikoqra- fiya sahələri Naxçıvan şivələrinin materialları əsasında araşdırılır. Naxçıvan şivələ- rinin leksikası bir- iki tədqiqat əsəri istisna olmaqla tam araşdırılmamışdır. N.Əli- yeva da leksikaya dair araşdırmalarını bu kitabda ümumiləşdirmişdir. Burada ayrı- ayrı fəsillərdə leksik vahidlərin yaranma yolları, mənşəyi, istifadə dairəsi və leksik- semantik məna qruplarının araşdırılması Naxçıvan şivələrinin zənginliyini göstərir. “Naxçıvan şivələrinin frazeologiyası” fəsli daha maraqlıdır. Frazeoloji birləşmələr xalqın təfəkkürünün ilkin məhsulu olub türk dillərinə xas ən qədim ifadələrdir. Bu ifadələrə sərhəd qoymaq mümükün deyildir. Naxçıvan bölgəsində də yayılan fra- zeologizmlər digər dialektlərlə və türk dilləri ilə oxşar olsa da forma özəlliyi ilə müşahidə olunur. Kitabın “Leksikoqrafiya” bölməsində Naxçıvan şivələrinə aid lüğətlər barədə məlumat verilir, hər birinin səciyyəvi cəhətləri və əhəmiyyəti qeyd edilir.

Sonda qeyd etmək istəyirəm ki, Nuray Əliyevanın “Naxçıvan şivələri” (iki cilddə) monoqrafiyası xalqımızın və dilimizin tarixinin öyrənilməsində dəyərli mənbə olmaqla yanaşı, dialektoloji araşdırmaların yeni istiqamətlərdə genişlənməsində stimul olacaqdır.  

Məhərrəm Məmmədli

BDU-nun Türkologiya kafedrasının müdiri,

filologiya elmləri doktoru, professor

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa