“İstintaq aparan orqan və ya məhkəmə tərəfindən həqiqətən həmin şəxs aldadılmaqla zaminlik müqaviləsini imzalaması müəyyən olunarsa, məhkəmənin qərarı ilə həmin şəxs zaminlik öhdəliklərindən azad oluna bilər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında kredit götürən şəxslərə zamin durmada rast gəlinən aldadılma halları və məsələnin hüquqi cəhətdən mümkün həll yolları haqda danışan hüquqşünas Ramil Süleymanov deyib.
Onun sözlərinə görə, zaminlik müqaviləsi qanunvericilikdə kreditor təşkilatların tələb etdiyi təminat formasıdır:
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə zaminlik institutu mövcuddur. Vətəndaşlar kreditor təşkilatlardan, banklardan yaxud bank olmayan kredit təşkilatlarından hər hansı kredit götürdüyü, yaxud da kredit müqavilələri rəsmiləşdirildiyi zaman həmin kredit müqavilələrinin təminat üsulu olaraq zaminlik müqavilələrindən istifadə olunur. Zaminlik müqaviləsi qanunvericilikdə kreditor təşkilatların tələb etdiyi təminat formasıdır. Nəticə etibarı ilə kredit götürən şəxs tərəfindən təqdim olunan şəxslərin bilavasitə özlərinin razılığı və zaminlik müqaviləsini imzalamaları ilə rəsmiləşdirilir”.
Hüquqşünas qeyd edib ki, fərdlər zaminlik müqavilələrini imzalamaqla tora düşdüklərini sübuta yetirə bilsələr, nəticədə bu şəxsin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə uyğun tədbir həyata keçirilə bilər:
“Əgər zamin olaraq, kredit götürən şəxslərin toruna düşən, yaxud onlarla bağlı bu qərarı verməklə əsaslı yanılmalara yol verən, aldadıldığının və ya dələduzluğa məruz qaldığının fərqinə sonradan varan insanlar əllərində tutarlı sübutlar – səs yazıları, şahid ifadələri yaxud şəxsin özünə dələduzluqla bağlı etiraflar olduqda, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edərək, əslində, bu zaminlik müqavilələrini imzalamaqla tora düşdüklərini sübuta yetirə bilsələr, nəticədə bu şəxsin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsinə uyğun olaraq araşdırma başlanılaraq, şəxsin barəsində cəza tədbirləri həyata keçirilə bilər. Bunun nəticəsində istintaq aparan orqan və ya məhkəmə tərəfindən həqiqətən həmin şəxs aldadılmaqla zaminlik müqaviləsini imzalaması müəyyən olunarsa, məhkəmənin qərarı ilə həmin şəxs zaminlik öhdəliklərindən azad oluna bilər. Belə bir sübut olmadığı halda, zamin olan şəxs kredit götürən şəxsin öhdəliklərini yerinə yetirdikdən sonra Mülki Məcəllənin tələblərinə uyğun olaraq, reqres qaydada uğramış olduğu zərərin geri tələb olunmasında tam haqlıdır. Bununla bağlı müvafiq sənədlər toplanılmaqla kredit götürən şəxsin qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət edərək, məhkəmə qərarı əldə edə bilər.
İsmayıl Bakuvi
www.yenicag.az