“XXI əsrin ən böyük eqosu Trampa məxsusdur” – BMT kürsüsündən NƏ DEYİLDİ?
“XXI əsrdə ən böyük eqoya sahib şəxsiyyətin Donald Tramp olduğu danılmaz faktdır və bu da onu, xüsusilə Vladimir Putinin manipulyasiyalarına açıq vəziyyətdə qoyur”.
Bunu Yenicag.az-a açıqlamasında britaniyalı analitik Neil Uotson deyib.
Siyasi təhlilçi ABŞ Prezidenti Donald Trampın BMT kürsüsündən Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı çıxışını şərh edib.
Onun sözlərinə görə, dünyanın bütün müharibə və problemlərini heç bir insan təkbaşına həll edə bilməz:
“Sülh prosesləri labüd şəkildə mürəkkəbdir və Trampın Azərbaycanla Ermənistan arasında vasitəçilik təşəbbüsü də danışıqların artıq xeyli irəliləmiş mərhələsində ortaya çıxdı, lakin hər iki tərəfin iradəsinə baxmayaraq real sülh müqaviləsinə gətirib çıxarmadı. Həmin məqamda da Trampın eqosu və tamahı ön plana çıxdı. O, Zəngəzur dəhlizinin adının dəyişdirilərək “Beynəlxalq Tramp Dinc Yaşayış və Rifah Dəhlizi” qoyulmasını, dəhlizin ABŞ tərəfindən nəzarətə götürülməsini, bununla da Amerikanın Azərbaycan enerjisinə, Orta Dəhlizə və digər ticarət yollarına daha da yaxınlaşmasını təklif edirdi. Bu isə ABŞ-a həm iqtisadi, həm də geosiyasi üstünlüklər qazandırmalı idi”.
Onun fikrincə, Trampın rəhbərlik etdiyi bütün danışıqların mərkəzində yalnız və yalnız ABŞ maraqlarının onun baxışına görə “yaxşılaşdırılması” dayanır:
“Onun eqosu siyasətini qaçılmaz şəkildə populist edir. Bu isə o deməkdir ki, nə daxili, nə də xarici siyasətdə ardıcıllıq mövcuddur. Tramp tamamilə proqnozlaşdırılmazdır və yalnız ən xam xəyallara qapılan kimsə onun mesajlarının dünyaya müsbət təsir göstərdiyini düşünə bilər”.
Rafi Müslümov