Makronun “Demokratiyası”: Avtoritarizmin Paris VERSİYASI
Avropa demokratiyasının sütunlarından biri sayılan Fransa indi elə bir dövr yaşayır ki, “demokratiya” və “azadlıq” anlayışları sadəcə simvolik siyasi ritorikaya çevrilib. Prezident Emmanuel Makronun hakimiyyəti dövründə bu ölkədə baş verənlər Qərbin illərlə tənqid etdiyi avtoritar rejimlərə xas nümunələrlə paralellər yaradır və bu paralellər təhlükəli dərəcədə çoxalıb.
“Pəncərədən düşən müxalifət” – Parisin yeni siyasi dili
Son günlərdə Respublikaçılar partiyasının deputatı Olivye Marleksin müəmmalı ölümü – guya özünü pəncərədən atması Fransa siyasi sistemində dərin böhranların yaşandığını göstərir. Xüsusilə də Marleksin Makronun siyasətinə qarşı açıq və sərt çıxışlar etdiyi bir dönəmdə həyatına son qoyması, bu hadisəni sadəcə şəxsi faciə kimi təqdim edən rəsmi izahatlara şübhə ilə yanaşmağa əsas verir. Fransa siyasətində Makrona qarşı çıxan şəxslərin ya kənarlaşdırılması, ya da susdurulması artıq bir tendensiyaya çevrilib. İctimaiyyətə təqdim olunan “şəxsi səbəblər”, “psixoloji gərginlik” və “ailədaxili problemlər” kimi sönük izahlar isə açıq şəkildə ictimai düşüncəni manipulyasiya etməyə yönəlmiş təbliğat alətləridir.
Ailədən siyasətə – Makronun simvolik çöküşü
Makronun şəxsi həyatında da narahatlıq doğuran məqamlar az deyil. Birinci xanımın prezidentə əl verməməsi və ya onu kameralar qarşısında sərt şəkildə itələməsi ilk baxışdan ailə səhnəsi kimi görünə bilər. Lakin bu hadisələr Makronun imicinin sarsıldığını, onun liderlik əzmini və cəmiyyətlə bağını itirdiyini açıq göstərir. Fransa kimi bir ölkədə prezidentin təkcə siyasi deyil, simvolik nüfuzu da böyük əhəmiyyət daşıyır. Amma Makron bu nüfuzu artıq çoxdan itirib.
Liberal maska altında avtokratiya
Makronun hakimiyyətə gəlişi Fransa üçün “yeni başlanğıc” və “müasir Avropa lideri” obrazı ilə təqdim olunmuşdu. Amma reallıq tamam fərqli istiqamətdə inkişaf etdi. Onun dövründə sosial etirazlar, “sarı jiletlilər” hərəkatı, polis zorakılığı, pensiya islahatları ətrafında yaranan böhranlar və indi də müxaliflərin müəmmalı şəkildə yoxa çıxması Fransa dövlətçiliyinin liberal dəyərlərdən uzaqlaşdığını nümayiş etdirir. Makron Avropada ABŞ və Böyük Britaniyanın siyasi orbitindən çıxmayan bir liderə çevrilib. Onun xarici siyasətdə suverenlik iddiaları sönük bəyanatlardan o tərəfə keçmir. Bu isə Fransa üçün ən böyük geosiyasi geriləmələrdən biridir. Mitteran və Şirak kimi liderlərin Avropa mərkəzçiliyinə əsaslanan siyasəti indi Makronun passivliyi və qərarsızlığı ilə əvəz olunub.
Fransa siyasi sistemində etimad böhranı
Makronun rəhbərlik etdiyi siyasi model təkcə şəffaflıq yox, eyni zamanda hesabatlılıq prinsipindən də uzaqdır. İstər daxildə, istərsə də xaricdə atılan addımlar bir neçə texnokratın əlində cəmlənmiş idarəetməni xatırladır. Bu isə Fransa seçicisinin iradəsini əks etdirməyən, daha çox rəy manipulyasiyasına əsaslanan bir sistemin mövcudluğunu göstərir. Bu gün Emmanuel Makron sadəcə Fransa prezidentidir, amma Fransa cəmiyyəti onunla eyni ölkədə yaşamır.
Rafi Müslümov