1918-ci il 30 mart – 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər.
Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Bu qanlı faciələrin daha dəhşətlisi 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələridir. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılıb.
Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.
Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalanıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.
Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların ölkəmizin tarixinin daha dərindən öyrənilməsinə olan marağının artırılması, gələcək nəslin bilikli və savadlı böyüməsi istiqamətindəki işlər hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, vaxtı ilə mənfur qonşularımız və onların havadarları tərəfindən törədilər fəlakətlərin faktlarla gənclərə çatdırılması məqsədilə Rayon İcra Hakimiyyəti tərəfindən ali məktəbdə təhsil alan gənclərin və rayonun orta məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırım Muzeyinə ekskursiyası təşkil olunmuşdur.
Tarixi həqiqətləri obyektiv şəkildə araşdırmaq, bu faktları gələcək nəsillərə olduğu kimi çatdırmaq, xarici dövlətlərdə yaşayanları məlumatlandırmaq məqsədi daşıyan muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edir, gənclərin vətənpərvər ruhda tərbiyəsi, onlarda düşmənə qarşı nifrət hislərinin aşılanması istiqamətində böyük əhəmiyyət kəsb edir.
Muzeylə tanışlıq zamanı bildirilmişdir ki, Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğunun təhlükə qarşısında qaldığı bir dövrdə də Ermənistanın işğalçılıq siyasəti nəticəsində erməni millətçiləri azərbaycanlılara qarşı müntəzəm olaraq etnik təmizləmə və soyqırımının beynəlxalq aləmdə tanınması, Xocalı faciəsi və ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş digər cinayətlər haqqında tarixi ədalətin bərpa olunması, erməni cinayətkarlarının ədalət mühakiməsinə cəlb olunması və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində xalqımızın Ümummmilli lideri Heydər Əliyevin əvəzsiz rolu olmuşdur.
Son illərdə erməni yalanlarının dünyada ifşa olunması istiqamətində Azərbaycan tərəfindən həyata keçirilən məqsədyönlü fəaliyyət daha da güclənmiş, ermənilərə qarşı ideoloji mübarizə daha effektiv xarakter almışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli addımların atılması prinsipiallıqla davam etdirilir.
Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən mühüm və əhəmiyyətli işlər, iri miqyaslı layihələr həyata keçirir. Fondun vitse prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən «Xocalıya ədalət» aksiyaları bu soyqırım barədə həqiqətlərin dünya xalqlarına çatdırılmasında mühüm əhəmiyyət kəsb etmişdir.
Yeniyetmə və gənclər muzeyin ekspozisiyası, burada nümayiş etdirilən tarixi sənədlər, foto və video materiallar, xalqımıza qarşı törədilmiş soyqırımı, deportasiya, hərbi cinayətlər barədə xarici və yerli müəlliflərin kitablarından ibarət zəngin fondla yaxından tanış olmuş, video roliklərə tamaşa etmişlər.
www.yenicag.az