“Kərim Vəliyev yeganə generallardandır ki, onun adı rüşvət və korrupsiyada hallanmayıb, ən əsası isə heç bir qruplaşmanın içərisində olmayıb”.
Bu fikirləri orduda baş vermiş kadr islahatı və gözlənilən dəyişiklikləri şərh edən Hərbi Polis İdarəsinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.
Rövşən Məhərrəmov bildirib ki, kadr islahatları aparılarkən düzgün seçim edilib-edilmədiyi müəyyən vaxt keçəndən sonra bilinəcək:
“Aldığım məlumata görə, bütün kadrlar haqqında dövlət başçısına məruzələr edilir. Hətta təqdimatdan əvvəl belə prezidentə məruzə olunur, ondan sonra həmin şəxsin təqdimatı göndərilir. Hər bir təyinat haqqında mənfi fikir söyləmək düzgün deyil. Başqa ştata uyğun olarkən nöqsanı olan şəxslər var. Ordumuz əvvəl tam başqa istiqamətdə inkişaf edirdi. Rus modeli götürülmüşdü və bu yöndə inkişaf edirdi. İndi isə yeni Türkiyə modelinə keçirik. Dövlət başçısı orduda Türkiyə modelinə keçməyin mesajını vermişdi. Yeni ştatlar hazırlandı, təbii ki, o ştatlara uyğun silahlar göstərilir. Dövlət başçısı o ştatları təsdiq edib. Kərim Vəliyev Baş Qərargah rəisi vəzifəsinə gətirildi. Kərim Vəliyev yeganə generallardandır ki, onun adı rüşvət və korrupsiyada hallanmayıb, ən əsası isə heç bir qruplaşmanın içərisində olmayıb. Kərim Vəliyev Birinci Qarabağ müharibəsində döyüşüb, Birinci ordu korpusu yaradılanda oranın ilk komandiri olub və korpusun qurulmasında müstəsna xidmətləri olub. Kərim Vəliyevin necə Baş Qərargah rəisi olmasını bir ildən sonra biləcəyik. İndidən onu tənqid etmək doğru olmaz.
Ənvər Əfəndiyev haqqında mənfi fikirlər söylənilir. Hazırda ən böyük məsuliyyət Ənvər Əfəndiyevin üzərinə düşür. Çünki Quru Qoşunları yeni bir qurumdur. Quru Qoşunlarının formalaşmasını prezident ona həvalə edib. Onun haqqında hazırda mənfi fikir söyləmək düzgün deyil. Ona ən azı 6 aydan sonra qiymət verə bilərik. Həmçinin başqa kadrlar barəsində də eyni şeyi deyə bilərik. Çünki onlar yeni sistemlə xidmət aparacaqlar. Təzə qurulmuş ştata uyğun işləyəcəklər. Bir müddət sonra onların işi barədə mənfi və ya müsbət fikir söyləyə bilərik.
Əvvəllər hər hansısa bir əsgər elə olurdu ki, xidmətini xəstəxanada keçirirdi. Pulla yerdəyişmə ən adi bir hal idi. İndi yerdəyişmə mümkünsüzdür. Əsgərlərin xəstəlik adı ilə xəstəxanalara gətirilməsi mümkün deyil. Tanışbazlığın qarşısı alınıb. Bu, rüşvətin qarşısını alır”.
Gözlənilən islahatlara bağlı isə Rövşən Məhərrəmov bunları deyib:
“Müharibə keçmiş korpus komandirləri var. Adı ən çox hallanan generallardan biri Hikmət Həsənovdur. Onu leytenant vaxtından tanıyıram. Onun komandiri olmuşam. O, ömrünü cəbhə bölgəsinə sərf edib. Türkiyədə olduğu kimi yerdəyişmələr lazımdır. Təkcə Hikmət Həsənovun yox, digərlərinin də yerləri vaxtlı-vaxtında dəyişdirilməlidir. Bir çoxu ömrü boyu döyüş bölgəsində xidmət edib, doğru-düzgün övladlarının üzünü belə görməyiblər. Yerdəyişmə mütləq vacibdir.
Baxırsan, cavan şəxslər, elələri var, orduda xidmət aparmayıblar, sosial şəbəkələrdə generalları təhqir edirlər. Bu, düzgün deyil. Onlar Azərbaycan xalqının generallarıdır. Ordudan xəbəri olmayan adamların generallarımızı təhqir etməsi yolverilməzdir.
Türkiyə modelinə keçid həm də, rotasiya sisteminin gətirilməsi və zabitlərin vaxtlı-vaxtında yerdəyişməsinin təmin olunması deməkdir. Sistem düzgün yerinə oturandan sonra bir generalı eyni vəzifədə bir neçə ildən çox görməyəcəyik. Əgər belə olarsa, ordu çox inkişaf edəcək”.
Səxavət Məmməd
www.yenicag.az