Paşinyan üçün həlqə DARALIR: Rusiya təzyiqləri, Qərb cazibəsi və kilsə SAVAŞI

media-hightechnic-468x90

“Təzyiqlər fonunda Paşinyan Qərbə yaxınlaşmaq istədiyi qədər Rusiya ilə balanslı siyasət də aparmağa çalışır”.

Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəfail Becanov deyib.

media-refailbecanov1

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya planlaşdırılan işgüzar səfərini şərh edib.

Siyasi şərhçi bildirib ki, Paşinyanın Rusiyaya səfərində məqsəd təbiətin və ətraf mühitin mühafizəsinə həsr olunan konfransda iştirak olsa da təbii ki, müəyyən siyasi müzakirələrin də aparılacağı istisna deyil:

“Necə deyərlər, həm də Paşinyan Putinin əlinə tez-tez düşmür. Məlumdur ki, Rusiya-Ermənistan münasibətləri birmənalı deyil. Bu münasibətlər ziqzaqvari hərəkətlənir. Gah böhran, gah müvəqqəti stabillik müşahidə olunur. Hər iki tərəf bir-birinə qarşı müxtəlif təzyiqlərdən istifadə edir. Dəfələrlə Lavrov, Zaxarova tərəfindən Ermənistanın hədələnməsinin şahidi olumuşuq. Rusiya Ermənistanı birmənalı şəkildə öz orbitində saxlamaqda israrlıdır. Cənubi Qafqazda söz sahibi olmaq, regionda təsir gücünü qorumaq üçün Ermənistan Rusiyanın sonuncu dayanacağıdır”.

Onun sözlərinə görə, hazırda Paşinyan da müqavimət göstərir:

“Revanşistlərin bacarmadığını görüb indi kilsəni hücuma buraxıblar. Ona görə də həmin səfərdə qapalı da olsa müxtəlif müzakirələrin və hətta Rusiya tərəfindən hədələrin də olacağı gözləniləndir. Xüsusilə Rusiya üçün bir sıra qaranlıq məqamlar var ki, onlara aydınlıq gətirməyə çalışacaqlar. Paşinyanın Türkiyəyə səfəri və Ərdoğanla görüşməsi, daha sonra Prezident İlham Əliyevlə Əbu-Dabidə vasitəçilərsiz görüş, Zəngəzur dəhlizi ilə bağlı yeni fikir, yəni ABŞ-yə icarəyə verilməsi ideyası, Ermənistanın KTMT-dən çıxması ilə bağlı səsləndirilən fikirlərin müzakirə mövzusu olacağı şübhəsizdir”.

R. Becanovun fikrincə, bu müzakirələr Ermənistanın da marağındadır:

“Paşinyan öz yanaşmalarını əsaslandırmağa çalışacaq ki, Rusiyanın birbaşa təzyiqlərindən yayınsın. Kilsə ilə qarşıdurma Paşinyanı bu mübarizədən qalib çıxmaq üçün Rusiya ilə balansı qorumağa məcbur edir. Rusiyanın Ermənistanda təsir qüvvəsi görünəndən də çoxdur. Digər tərəfdən son günlər Rusiya Ermənistandakı hərbi bazasına təyyarələrlə müxtəlif təyinatlı yüklər və canlı qüvvə daşıyır. Erməni diasporunun güclü olduğu Rostov, Stavropol,  Krasnodar bölgələrindən xüsusi muzdlular yığılır və onlara yüksək ödəniş təklif edilir. Bəzi məlumatlara görə, onlara Ukrayna cəbhəsinə deyil, cənuba gedəcəkləri deyilir. Bütün bunlar Ermənistana görünən təzyiqlərdir”.

“Bu təzyiqlər fonunda Paşinyan Qərbə yaxınlaşmaq istədiyi qədər Rusiya ilə balanslı siyasət də aparmağa çalışır. Ona görə də Paşinyan da bu məsələlərdə müəyyən aydınlaşdırmalar olmasına çalışcaq ki, gələcək siyasi xəttini davam etdirə bilsin. Çünki kilsə ilə qarşıdurma finişə doğru gedir. Hər iki tərəf ətrafdan əlavə güc almağa və söykənməyə sığınacaq axtarır”, – deyə o, fikirlərini tamamlayıb.

Nəsimi Ələsgərli

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600