PKK-nın “sülh” RİTORİKASI: Terror təşkilatının növbəti addımı NƏ OLACAQ?
“PKK-nın son bəyanatından görmək olur ki, təşkilat silah buraxma məsələsinə fərqli bir prizmadan yanaşır. Hazırda Türkiyədə hakimiyyətdə olan siyasi qüvvə isə bu prosesi bir növ milli təhlükəsizlik uğuru kimi təqdim edir. Əslində, silahların susması başlı-başına müsbət və arzuolunan haldır. Lakin bu məsələni tərəflərin fərqli şəkildə oxuması diqqətçəkəndir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.
Siyasi təhlilçi PKK-nın sözçüsü Behzat Çarçelanın terror təşkilatının silah buraxmasından sonra növbəti tələblərini şərh edib.
Onun sözlərinə görə, Türkiyə dövləti bu prosesi öz ərazi bütövlüyünün və unitar strukturunun qorunması çərçivəsində qiymətləndirir:
“Digər tərəfdən, PKK və ona yaxın siyasi qurumlar bu prosesə Türkiyədə dövlətin siyasi və hüquqi strukturlarında, xüsusilə qanunvericilik orqanında müəyyən pay qazanmaq, nəticə etibarilə isə uzunmüddətli perspektivdə ölkənin federallaşması istiqamətində bir mərhələ kimi baxırlar. Bu baxış tərzi müəyyən mənada keçmişdə Qərbdə aparılmış silahsızlaşdırma proseslərinin, xüsusən Avropada terror təşkilatlarının demokratik sistemə inteqrasiya modellərinin təcrübələri ilə uyğunluq təşkil edir”.
A. Hüseynovun fikrincə, PKK sözçüsünün son bəyanatında, ehtimal ki, Türkiyə dövləti ilə arxa planda müəyyən razılaşmaların əldə olunduğu sezilir:
“Lakin zindanlarda olan bəzi şəxslərin, xüsusilə Abdullah Öcalan və Selahattin Demirtaşın azadlığa buraxılması məsələsi iqtidar üçün siyasi baxımdan həssas mövzu olduğuna görə təxirə salınır. Mövcud hakimiyyət üçün bu cür addımlar daxili siyasətdə ağır nəticələr doğura bilər. PKK tərəfi isə bu bəyanatla hakimiyyət üzərində təzyiq yaratmağa çalışır”.
“Digər tərəfdən, prosesin ümumi gedişatı göstərir ki, PKK-ya bağlı bəzi qruplar silahlardan imtina etməklə gələcək mərhələdə siyasi partiyalaşma və mülki-siyasi fəaliyyətə keçidi hədəfləyirlər. Əlbəttə, burada onların niyyətlərinin nə dərəcədə səmimi olduğunu tam olaraq söyləmək çətindir. Ola bilsin ki, bu partiyalaşma cəhdi vasitəsilə Türkiyənin federallaşmasına yönəlmiş uzunmüddətli strategiyalar da mövcuddur. Lakin bu mərhələdə silahlı mübarizənin davam etdirilməsi demokratik sistem daxilində məqbul qarşılanmır və artıq bu yanaşmanın öz legitimliyi ciddi şəkildə sual altına düşür”, – deyə o, əlavə edib.
Müsahibimizin fikrincə, terror qruplaşması sözçüsünün bəyanatdan həm də belə nəticə çıxarmaq olar ki, PKK daxilində də bu məsələ ilə bağlı fikir ayrılıqları mövcuddur:
“Bəzi qruplar silah buraxmaqla siyasi arenaya keçidə üstünlük verdikləri halda, digərləri bu yolu hələ qəbul etməyiblər. O ki qaldı konstitusiyanın dəyişdirilməsi məsələsinə, bu yalnız PKK və ya kürd hərəkatının gündəmini əhatə etmir. Əslində, Türkiyənin ümumi siyasi gündəmində də yeni konstitusiyanın qəbul edilməsi müzakirə olunur. Müxtəlif siyasi çevrələr bu istiqamətdə islahatların vacibliyini vurğulayırlar”.
Rafi Müslümov