“Beynəlxalq İnformasiya və Tədqiqatllar İnstitutu” İctimai Birliyinin (BİTİ) təsis etdiyi “İrəvan – 2018” Hərəkatı Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin ofisində “Qərbi Azərbaycanda Alban abidələri” mövzusunda dəyirmi masa keçirib. Karabakh.Today xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Beynəlxalq İnformasiya və Tədqiqatllar İnstitutu” İctimai Birliyinin sədri Zaur Qəriboğlu tədbir iştirakçılarını salamlayıb. O, bildirib ki, bu gün bu tədbirin keçirilməsində əsas məqsəd diqqəti Qərbi Azərbaycandaki abidələrə, o cümlədən,həmin abidələrin önəmli bir hissəsi olan Alban aidələrinə diqqəti çəkməkdir: “Bizim xəbərimiz var ki, ermənilər həmin abidələri dağıdır, bu abidələri erməniləşdirir. Halbuki, bu abidələrin onlara heç bir dəxli yoxdur. “İrəvan – 2018” Hərəkatı olaraq biz dünyaya məhz bu məsələni təqdim etmək niyyətindəyik”.
Daha sonra çıxış edən birliyin sədr müavini Oktay Hacımusalı çıxışı zamanı bildirdi ki, bu gün artıq İrəvanda olan abidələrimiz ermənilər tərəfindən dağıdılıb: “Qərbi Azərbaycanın digər ərazilərində isə ermənilər durmadan maddi mədəniyyət nümaunələrimizi məhv edir, özününküləşdirməyə çalışır, həmin abidələrdə ciddi dəyişikliklər aparırlar. Amma biz bilirik ki, bu abidələr bizimdir, o torpaqlar bizim əbədi torpaqlarımızdır. O abidələrə ermənilər Odzun, Tatevi, Noraduz adlandıra bilərlər, amma biz bilirik və dünyaya da bunu belə təqdim etməliyik ki, o abidələrin adları Uzunlar, Tatev, Nərədüz abidələridir. Bu yöndə əl-ələ verib çox ciddi çalışmalıyıq”.
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov, tarixçi – alim Əziz Ələkbərli Qərbi Azərbaycanda olan alban abidələri ilə bağlı geniş məruzə ilə çıxış etdilər. Onlar həmin ərazilərdəki tarixi abidələrin dünəni, bu günü və gələcəyi ilə bağlı tədbir iştirakçılarına dolğun məlumat verərək həmin abidələrin erməniləşdirilməsi ilə bağlı faktları dünya ictimaiyyətinə təqdim edilməsi yöndə fəaliyyətin vacibliyii vurğuladılar.
Tədbir diskusiya formatında davam edib. “Müvəkkil” Hüquq Mərkəzinin sədri Səməd Vəkilov, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rızazadə, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Mətanət Əsgərqızı, Beynəlxalq “İdeal” Sülhün Təbliği Fondunun rəhbəri Əlikram Müzəffər, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İB sədriRada Abbas, “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” birliyinin sədri Nəsimi Qarabağlı çıxış edərək bu yöndə “İrəvan – 2018” Hərəkatına dəstək olacaqlarını bildiriblər.
Tədbirdə İrəvan xanının soyunun nümayəndəsi Ofeliya Bağırbəyova da iştirak edib.