Rusiya Azərbaycana qarşı blef siyasətinə KEÇİR – “Bakını vurmaq” planını Kremldə KİM VERİB?
Son günlər Rusiyanın bəzi “Telegram” kanalları Azərbaycan və Rusiya arasındakı gərginliyi artırmaq fonunda məqsədyönlü fikirlər paylaşır, Rusiyanın Azərbaycana zərbə endirməli olduğunu açıq-aşkar təbliğ edirlər.
Bu hədsiz fikirlər haradan qaynaqlanır? Bu cür provokasiya xarakterli paylaşımlar kimlərin göstərişi ilə yayılır?
Yenicag.az-a açıqlamasında politoloq Həşim Səhrablı deyib ki, bu tipli paylaşım edənlər məqsədli şəkildə provokasiya aparırlar.
O, diqqətə çatdırıb ki, Rusiya diktatura rejiminin hökm sürdüyü və hər şeyin vahid mərkəzdən, yəni Kremldən idarə edildiyi bir ölkədir:
“Orada avtoritar rejim var və hər şeyə nəzarət edilir. Belə olan halda, hakimiyyətə yaxınlığı ilə seçilən və hakimiyyətə yaxın olmayan Rusiya daxilində və Rusiya maraqlarına xidmət edən mətbu orqanlar, şəxslər bu tip provokativ fikirlərlə çıxış edirlərsə, deməli, bu, ya birbaşa Kremlin sifarişi ilə həyata keçirilir, ya da Kreml onların bu cür hədyan danışmaqlarına göz yumur. Əslində, bu da anlaşılandır, çünki Kreml görür ki, Cənubi Qafqazda formalaşan yeni reallıq artıq onun bölgədə təsirlərinin təkcə azalmasına yox, həm də sıradan çıxmasına doğru gedir. Ona görə də indi bunun qarşısını almağa çalışırlar”.
H. Səhrablı onu da qeyd edib ki, hazırda Rusiya üçün ən vacib ölkə Qafqazda söz sahibi olan Azərbaycandır:
“Kreml çox yaxşı anlayır ki, Cənubi Qafqaza təsiri qoruyub saxlamaq istəyirsə, nə Gürcüstan, nə Ermənistan önəmlidir. Regionda bütün sahələrdə söz sahibi, aparıcı ölkə Azərbaycandır və öz məqsədlərinə çata bilmək üçün ilk növbədə rəsmi Bakını ilə münasibətlərinə korrektə etmək lazımdır. Bu baxımdan, belə provokatorların yersiz bəyanatları ilə rəsmi Bakıya güc göstərməyə çalışır, bunu təzyiq vasitəsi kimi istifadə edirlər”.
Bəzi rus siyasətçilərin “Rusiya Azərbaycana zərbə endirməlidir” fikrinə münasibət bildirən müsahibimiz Rusiyanın belə bir risk etməsinin mümkün olmadığını qeyd edib:
“Rusiyanın Bakıya zərbə endirib endirməyəcəyi məsələsinə qalanda, açığı bu gün Rusiyanın Bakıya zərbə endirmək imkanları Ukraynaya hücum etməkdən daha risklidir. Çünki burada Türkiyə faktoru var, Azərbaycanın bir neçə ay öncə Çinlə strateji tərəfdar olması, digər Mərkəzi Asiya ölkələrinin bəziləri ilə bizim strateji, bəziləri ilə müttəfiqlik əlaqələrimizin olması amillərini nəzərə almaq lazımdır. Bundan başqa, Avropa ölkələri ilə əlaqələr, Trampın dövründə Azərbaycanla əlaqələrin inkişaf etməsi kimi bir çox məsələlər də öz sözünü deyir”.
Həmsöhbətimiz həmçinin Azərbaycanın Rusiya ilə hər hansı düşmənçilik mövqeyində durmadığını diqqətə çatdırıb:
“Eyni zamanda Rusiyanın bu gün beynəlxalq təcridi fonunda ona qapılarını bağlamayan, onlarla tərəfdaşlıq əlaqələri quran azsaylı ölkələrdən biri də Azərbaycandır. Azərbaycanın isə ən yaxın müttəfiqi olan Türkiyənin rəsmilərinin bəyanatlarından da göründüyü kimi, Azərbaycana hər hansı təhdid onlara edilmiş təhdid kimi qəbul edilmiş sayılacaq və buna adekvat cavab verəcəklərini bildiriblər. Ona görə də bütün bu məsələləri göz önünə aldıqda görə bilərik ki, Kreml həmin provokatorların əli ilə blef siyasət həyata keçirir, rəsmi Bakıya mesaj verməyə çalışır”.
“Azərbaycanın özünün də maraqları var, bundan sonra da Azərbaycan öz maraqlarına uyğun çıxış etməyə və öz müstəqil xarici siyasətini özü istədiyi formada şəkilləndirməyə davam edəcək. Biz Rusiyaya düşmən deyilik, nə də Rusiyanı düşmən görmürük, bu günə qədər Rusiyaya qarşı atılan sanksiyalar, onlara edilən məhdudiyyətlərə qoşulmamışıq, belə bir niyyətimiz də yoxdur. Ona görə də Rusiya özü geriyə qalan azsaylı tərəfdaş ölkələrini özündən uzaqlaşdırmağa çalışmasın”, – deyə o, fikirlərini tamamlayıb.
Nurlan Cəfəri