“Rusiya ilə əməkdaşlıq Pxenyana ordusunu modernləşdirmək imkanı yaradıb” – TƏHLİL
Şimali Koreyanın Rusiya-Ukrayna müharibəsindəki rolu və bu prosesdən əldə etdiyi hərbi təcrübə MSN nəşrində yayımlanan təhlildə geniş şəkildə şərh olunub.
Yenicag.az xəbər verir ki, məqalədə Rusiya ilə sıx hərbi əməkdaşlığın Şimali Koreyaya öz silahlı qüvvələrini modernləşdirmək üçün geniş imkanlar yaratdığı bildirilir.
“The Times” qəzetinə təqdim olunan kəşfiyyat hesabatına əsasən, Pxenyan Ukrayna münaqişəsini həm döyüş strategiyalarını sınamaq, həm də ballistik raketlərin dəqiqliyini artırmaq və pilotsuz uçuş aparatlarının döyüş qabiliyyətini təkmilləşdirmək üçün fürsət kimi dəyərləndirib.
Ukrayna hərbi kəşfiyyatı (HUR) bildirib ki, Şimali Koreya bu müddətdə müasir silah istehsalını da xeyli sürətləndirib və bu vəziyyət ABŞ, Cənubi Koreya və Yaponiya üçün ciddi təhlükə yaradır.
Məlumatlara görə, Pxenyan Rusiya ilə razılaşma çərçivəsində artıq Kursk bölgəsində Ukrayna paraşütçülərinə qarşı keçirilən hücumlara təxminən 9.500 əsgər cəlb edib. HUR əlavə olaraq 30 min Şimali Koreya hərbçisinin daha Ukraynaya göndərilə biləcəyini proqnozlaşdırır. Hazırda 4.000-dən çox şimali koreyalı əsgərin ölü və ya yaralı olduğu bildirilir.
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu isə yaxın vaxtlarda bölgəyə əlavə 1.000 istehkamçı və 5.000 hərbi tikinti işçisinin göndəriləcəyini açıqlayıb.
Təhlildə vurğulanır ki, Şimali Koreya beynəlxalq reaksiyanın zəifliyindən istifadə edərək xarici siyasətində hərbi gücdən istifadəyə daha çox meyl göstərə bilər. Pxenyanın Rusiyanın müharibəsinə “şərtsiz dəstək” verməsi isə bu ittifaqın getdikcə daha da möhkəmləndiyini göstərir.
Rusiya xarici işlər naziri Sergey Lavrovun son səfəri zamanı Kim Çen İn ilə görüşü və minnətdarlıq jesti, həmçinin koreyalı həmkarı Ço Son Hui ilə müzakirələri bu əməkdaşlığın siyasi və diplomatik çərçivədə də dərinləşdiyini təsdiqləyir.
Görüşlər Pxenyanın yeni turizm layihəsi – Vonsan-Kalma bölgəsində baş tutub. Lavrov rusiyalı turistləri bu bölgəyə səfər etməyə çağırsa da, analitiklər sərt rejim və qapalı sərhədlər səbəbindən bu təşəbbüslərin yaxın gələcəkdə uğur qazanmasını real hesab etmirlər.
Nəsimi Ələsgərli