Sərhəd münaqişəsi, yoxsa böyük güclərin OYUNU? – Tailand-Kamboca döyüşləri NİYƏ BAŞLADI?
“Düşünmürəm ki, Tailand və Kamboca arasındakı hərbi konfrontasiya regional bir savaşa çevriləcək. Sadəcə olaraq bizə bəlli olan bir həqiqət var ki, istənilən münaqişədə bu və ya digər dərəcədə regional və qlobal güclərin maraqları və iştirakı olur. Tailand-Kamboca məsələsi də onlardan biridir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.
Siyasi təhlilçi ötən gündən başlayaraq Kamboca və Tailand arasında baş verən iriçaplı sərhəd döyüşlərinin pərdəarxası məqamlarını şərh edib.
Onun sözlərinə görə, indiki situasiyada sözügedən dövlətlərə dəstək verən Çin və ABŞ-nin qarşılıqlı münasibətləri də kifayət qədər həssas bir vəziyyətdədir:
“Amerika Çini özünün əsas rəqibi hesab edir və gələcəkdə onunla hətta qarşıdurmalara belə hazırlaşır. Ona görə də mümkün qədər bu tipli münaqişələrdən istifadə edərək özünün regionda varlığını gücləndirmək istəyir və ya Çinin tərəfdaşı olan ölkələri təzyiq altında saxlamaqla, dolayısı ilə Çini təzyiqdə saxlamaq niyyətindədir. Bu münaqişəyə səbəb də bütün hallarda qeyd etdiyimiz böyük güclərin maraqları çərçivəsindədir və bu da, əslində onların qlobal liderlik uğrunda mübarizəsinin bir elementidir”.
Analitik hesab edir ki, Tailand və Kamboca arasındakı döyüşlər bir müddət sonra tərəflərin iştirakı ilə, elə onların özləri tərəfindən dayandırılacaq:
“Vasitəçilik və ya təşəbbüslər ola bilsin ki, birbaşa Çin və ya Amerika Birləşmiş Ştatlarından gəlməsin, amma onlara yaxın ola biləcək, yaxud hər iki tərəfin qəbul edə biləcəyi dövlətlər vasitəsilə gələ bilər. Eyni zamanda BMT tərəfindən münaqişəyə son qoyulması ilə bağlı çağırışlar və təşəbbüslər də ola bilər. Yəni mənə elə gəlir ki, bu münaqişə olduqca böyük bir savaşa çevrilməyəcək. Çünki bu münaqişə bir çox digər münaqişələrdən fərqli olaraq, daha çox lokal səviyyədə və müəyyən sərhəd anlaşılmazlığı zəminində yaranıb. Sərhəd anlaşılmazlıqları isə adətən, çox böyük qarşıdurmalar yaratmır və dərhal diplomatik addımlarla müşayiət olunur”.
Rafi Müslümov