Sülhün siması, yoxsa xaosun SPONSORU? – Trampın Nobel AZARI
“ABŞ prezidenti Donald Trampın son dövrlərdə apardığı siyasət, əslində, əvvəl verdiyi vədlərlə böyük dərəcədə ziddiyyət və toqquşma təşkil edir. Çünki o, seçkilərdən əvvəl, seçki zamanı və sonrasında verdiyi vədlərdə həm regionda, həm də qlobal miqyasda mövcud münaqişələri bitirmək və yeni münaqişələrin yaranmasının qarşısını almaqdan danışırdı. Bu da “Amerikanı yenidən böyük etmək” və ya Amerika maraqlarını ön planda tutmaq şəklində ifadə olunurdu”.
Bunu Yenicag.az-a açıqlamasında türkiyəli analitik Hüsaməddin İnaç deyib.
O, ABŞ prezidenti Donald Trampın Nobel mükafatına namizədliyinin irəli sürülməsi məsələsinə və Amerika liderinin ziddiyyətli personası fonunda baş verə biləcək hadisələri şərh edib.
Analitikin sözlərinə, bütün bunlara baxmayaraq, Tramp nə Rusiya-Ukrayna müharibəsini dayandıra, nə də Qəzzadakı soyqırımı sona çatdıra bildi:
“Xüsusilə Ukrayna müharibəsində Tramp Putinə çox güvənmişdi. Onun öz sözünə qulaq asacağını və bir şəkildə münaqişəyə son qoyacağını düşünürdü. Amma Avropanı arxa plana atan Trampın siyasətindən güc alan Putin, əksinə, münaqişə bölgələrini genişləndirərək və müharibənin şiddətini artıraraq daha çox əraziyə nəzarəti əldə etməyə yönəldi.
Digər tərəfdən, Netanyahunun sionist lobbidən aldığı dəstəklə ABŞ-ni prosesə cəlb etdiyini və onu Yaxın Şərqdə bataqlığa sürüklədiyini görmək mümkündür. İsrail-İran müharibəsində hərbi bazalara hücum edərək müdaxilə edən Tramp administrasiyası burada da real mənada nə sülhü, nə də atəşkəsi təmin edə bilib”.
H. İnaça görə, Tramp, xüsusilə daxili siyasətdə Amerikanın “dərin dövləti”nin qurumları ilə işləyərkən, eyni zamanda sionist lobbini də qarşısına almaq məcburiyyətində qalıb:
“Bununla yanaşı, mövcud siyasi sistem Trampın sərbəst şəkildə siyasət aparmasına imkan verməyib. Nəticədə bu gün Trampı manipulyasiya etməyə, münaqişələrdə hansı mövqeni tutmalı olduğunu ona diktə etməyə çalışan dairələr onu Nobel Sülh Mükafatına namizəd kimi irəli sürürlər. Lakin bunun real və inandırıcı bir yönünün olmadığı açıq-aşkardır. Çünki sülh gətirmək və təhlükəsizlik niyyəti ilə yola çıxan Tramp rəhbərliyi, əslində, bu gün Ukrayna müharibəsini daha da alovlandırıb, Qəzzadakı soyqırımı dayandıra bilməyib və İran-İsrail münaqişəsində də sülhə aparacaq hər hansı bir danışıqlar prosesini başlatmayıb”.
“Pakistan-İran və Pakistan-Hindistan arasındakı gərginliklər də hələ real şəkildə həll olunmayıb. Bu baxımdan, qarşıdakı dövrdə Trampın əvvəl verdiyi vədlərə uyğun olaraq sülh üçün addım atıb-atmayacağı ciddi sual altındadır. Əgər bu iradəni göstərə bilməzsə, Tramp gələn il Konqresdə keçiriləcək seçkilərdə böyük ölçüdə məğlub ola bilər. Çünki hazırda izlənən siyasət Baydenin siyasətinin davamından başqa bir şey deyil. Bu mənada, qarşıdakı 3-5 ayda izləyəcəyi siyasi xətt onun nə dərəcədə müstəqil qərar verə bildiyini göstərəcək. Əgər bu iradəni ortaya qoya bilsə, sülhün bərqərar olunmasına töhfə verə bilər. Amma hazırkı mənzərə bu məqsəddən olduqca uzaqdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov