Süveyda döyüşləri və federallaşma PLANI: Suriyanı qarışdıranlar KİMLƏRDİR?
“Əhməd əş-Şaraanın son çıxışının təhlili göstərir ki, Suriya mərkəzi hakimiyyəti hazırkı mərhələdə İsrail ilə hərbi və ya siyasi qarşıdurmaya girə biləcək gücdə deyil. Bunun əsas səbəbləri həm daxili, həm də xarici amillərlə bağlıdır”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.
O, İsrailin dəstəklədiyi druzlarla Suriya hakimiyyəti arasında baş verən döyüşlər, eləcə də Suriya Ordusunun Süveydadan çəkilməsinin səbəblərini və regional prosesləri analiz edib.
A. Hüseynovun fikrincə, ölkə daxilində uzun sürən və hələ də tam nəzarətə alınmamış münaqişələr Suriya dövlətinin hərbi və inzibati potensialını zəiflədib:
“Digər tərəfdən, beynəlxalq müttəfiqlərin, xüsusən də Türkiyə və ABŞ-nin İsrail ilə Suriya arasında yeni bir münaqişənin baş verməsində maraqlı olmadıqları görünür. Belə bir qarşıdurma bölgədə formalaşdırılmaqda olan yeni təhlükəsizlik və siyasi konfiqurasiyanı poza bilər. Əhməd əş-Şaraanın ritorikasında hiss olunan əsas motiv ondan ibarətdir ki, beynəlxalq güclər bölgə üçün yeni bir platforma yaratmağa çalışırlar və bu kontekstdə növbəti mərhələdə “Astana formatı” çərçivəsində yeni bir regional toplantının keçirilməsi mümkündür. Belə bir toplantıda Suriya mərkəzi hakimiyyətinə konkret siyasi və konstitusion təkliflərin verilməsi istisna deyil. Bu isə faktiki olaraq Suriyanın federallaşması prosesini sürətləndirə bilər”.
Siyasi təhlilçi hesab edir ki, hazırkı Suriya hakimiyyəti yalnız münaqişənin bir tərəfini təmsil edir və bütün sosial-siyasi spektri əhatə edən tam bir idarəetmə strukturuna malik deyil:
“Bu isə ölkənin siyasi gələcəyi baxımından federativ modelə keçidin real ehtimal olduğunu göstərir. Əgər bu tendensiya davam edərsə, təkcə Suriya deyil, regionda oxşar daxili müxtəlifliyə və etno-məzhəbi parçalanmalara malik digər dövlətlər də federallaşma və ya konfederasiya modelləri ilə üz-üzə qala bilərlər. Bu isə bölgədəki siyasi arxitekturanın köklü şəkildə dəyişməsi demək olacaq”.
Rafi Müslümov