Süveyda üçün “humanitar koridor” ÇAĞIRIŞI: YPG-nin addımı parçalanmaya GƏTİRİR?
Yaxın Şərqdə diqqət mərkəzinə çevrilən yeni hadisə Suriya cənubundakı druzlarla ərəb qəbilələri arasında baş verən toqquşmalar fonunda ortaya çıxıb. Gərginlik müvəqqəti səngisə də, YPG-nin (PYD/SDQ) Süveyda üçün “humanitar koridor” çağırışı bölgədəki geosiyasi riskləri yenidən gündəmə gətirib.
Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global”ın analitik məqaləsində qeyd olunub.
YPG-yə bağlı “Şimal və Şərqi Suriya Muxtar İdarəsi Xarici Əlaqələr Bürosunun həmsədri” İlham Əhməd Süveydada ağır humanitar vəziyyətin hökm sürdüyünü bildirib və bu əraziyə insani koridor açmağa hazır olduqlarını bəyan edib:
“Şimal-şərqi Suriyadakı təcrübəmiz və insani prinsiplərimiz əsasında Süveydaya insani koridor açmağa tam hazırıq”.
Lakin bu açıqlama bölgə üzrə ekspertlər tərəfindən ciddi suallar və narahatlıqlarla qarşılanıb. Təhlükəsizlik və terror mütəxəssisi Ünal Atabay məsələ ilə bağlı bildirib ki, bu cür çağırışlar insani məqsədlər adı altında daha böyük geosiyasi planlara zəmin yarada bilər:
“Humanitar koridor” kimi təqdim edilən bu təşəbbüs, əslində, YPG ilə druzlar arasında quru bağlantısı qurmaq məqsədi daşıyır və bu da İsrailin uzun illərdir planladığı “Davud koridoru” ideyasına uyğundur”.
Atabay əlavə edib ki, ABŞ bu koridoru “İŞİD-ə qarşı beynəlxalq koalisiya” adı altında təhlükəsizliklə təmin edə bilər və bu da YPG-nin bölgədə daimi mövcudluğunu təmin edər. O, həmçinin qeyd edib ki, bölgədəki bəzi qəbilələrin pulla ələ alınaraq bu planlara dəstək verə biləcəyi ehtimalını da istisna etmək olmaz:
“Pulu kim verirsə, qəbilələr onun tərəfində ola bilər. Bu, Orta Şərq gerçəkliyidir”.
Digər tərəfdən, İsrail də bu planlara dəstək verən addımlar atmağa başlayıb. İsrailin dövlət yayım orqanı məlumat verib ki, İsrail Səhiyyə Nazirliyi Süveydada yerləşən bölgəyə tibbi ləvazimat göndərməyə hazırlaşır və bu yardımın təhlükəsizlik təminatı İsrail ordusu vasitəsilə həyata keçiriləcək.
Bütün bu proseslər fonunda ABŞ-nin Suriyadakı nümayəndəsi Tomas Barrakın SDQ lideri Mazlum Abdi ilə görüşü də diqqət çəkib. Görüşdə Barrakın SDQ-yə Dəməşqlə inteqrasiya tövsiyə etdiyi bildirilir. Lakin ekspertlər Barrakın ABŞ-nin rəsmi siyasətini təmsil edib-etmədiyi ilə bağlı suallar qaldırır.