Trampın “İxvan” siyasəti: Siyasi şou yoxsa milli təhlükəsizlik problemi?

media-hightechnic-468x90

ABŞ prezidenti Donald Trampın “Müsəlman Qardaşlar” təşkilatının bəzi qollarını terror siyahılarına salmaq üçün atdığı ilkin addımdan sonra, Konqres bu qərarı dəstəkləmək məqsədilə hərəkətə keçib və aidiyyəti komitələr administrasiyanı bu təsnifata məcbur edəcək qanun layihələrinə baxmağa hazırlaşır.

Yenicag.az xəbər verir ki, bu barədə “Şarkül Avsat” qəzeti yazıb. Qəzetin yazdığına görə, ötən həftə ABŞ prezidenti bir icra əmri imzalayıb. Bu əmr dövlət katibi Marko Rubio və maliyyə naziri Skott Bissont-a “Müsəlman Qardaşlar” təşkilatının Livan, Misir və İordaniyadakı qollarından hər hansı birinin terror təşkilatı kimi təsnif edilib-edilməməsi barədə hesabat təqdim etməyi tapşırır. Həmçinin, hesabat verildikdən sonra 45 gün ərzində həmin təsnifatların tətbiqinə başlamağı tələb edir.

Trampın qərarı, Senat və Nümayəndələr Palatasında daha əvvəl təqdim edilmiş oxşar qanun layihələrini yenidən gündəmə gətirib və təşkilatı terror siyahısına salmağa çalışan Konqres üzvlərini hərəkətə keçməyə təşviq edib.

İlk qanunvericilik addımı Nümayəndələr Palatasının Xarici İşlər Komitəsindən gəlib. Komitə çərşənbə günü belə bir qanun layihəsinə baxacaq: bu layihə Ağ Evə təşkilatı və onun bütün qollarını terror təşkilatları kimi təsnif etməyi məcburi edir və qanun tam şəkildə qəbul edildikdən sonra ən geci 90 gün ərzində bu təsnifatı həyata keçirməyi tələb edir.

Nümayəndələr Palatasında layihəni təqdim edən respublikaçı deputat Mario Díaz-Balart onun qəbul edilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, “Müsəlman Qardaşlar” təşkilatı bütün Yaxın Şərq boyunca zorakılıq və qeyri-sabitlik yayır” və “Həmas” kimi terror təşkilatları da daxil olmaqla, çoxsaylı regional qolları vardır”.

Díaz-Balart hesab edir ki, bu qərar layihəsinin qəbul edilməsi “ABŞ-ın milli təhlükəsizlik maraqlarını qorumaq, Amerika vəsaitlərinin “Müsəlman Qardaşları”nın təhlükəli fəaliyyətlərini gücləndirmək üçün istifadə olunmasının qarşısını almaq və təşkilat üzvlərinin ABŞ-a girişinə mane olmaq” üçün zəruridir.

Respublikaçı deputat deyir ki, bu qanunvericilik Tramp administrasiyasına “amerikalıları və bizim ən yaxın müttəfiqlərimizi bu məkrli təhdiddən qorumaq üçün lazım olan əlavə səlahiyyəti verir”.

Əgər qanun qəbul edilərsə, “Müsəlman Qardaşlar” təşkilatı bütün qolları ilə birlikdə federal səviyyədə terror siyahılarına daxil ediləcək. Bu addım Trampın icra qərarının təsirini aşır və gələcək prezidentləri də bu təsnifata əməl etməyə məcbur edəcək.

Layihəni 26 həmkarı ilə birlikdə dəstəkləyən demokrat deputat Cared Moskowitz vurğulayıb ki, ABŞ hökumətinin təşkilatın ciddi təhdidlərinə qarşı mübarizə aparmaq üçün lazımi səlahiyyətə malik olması zəruridir. O bildirib ki, təşkilatın “ABŞ və onun müttəfiqlərinə qarşı terroru təşviq etməklə bağlı sənədləşdirilmiş tarixi” vardır.

O, həmçinin xatırladıb ki, Avropa və ərəb ölkələri də daha əvvəl “Müsəlman Qardaşların fəaliyyətlərini araşdırmaq və onun qollarını təqib etmək” üçün oxşar addımlar atmışdılar.

Məsələni Yenicag.az-a şərh edən misirli tanınmış siyasi şərhçi və jurnalist Sabir Məşhur belə deyib:

“Trampın ‘Müsəlman Qardaşlar’la bağlı qərarı, ABŞ-ın milli təhlükəsizliyini qorumaqdan çox, onun şəxsi siyasi şousuna bənzəyir. Ağ Ev bir daha göstərdi ki, ‘terror’ anlayışı prinsipial hüquqi meyarlarla yox, gündəlik siyasi ehtiyaclarla ölçülür.

Bütöv bir hərəkatı, müxtəlif ölkələrdə fərqli siyasi və sosial rolları olan bir quruluşu, bir qələmdə ‘terrorçu’ elan etməyə çalışmaq – bu, nə hüquqi məsuliyyətə, nə də strateji düşüncəyə sığır. Tramp administrasiyası öz seçicisinə sərt obraz göstərmək üçün Yaxın Şərqi yenə laboratoriya kimi istifadə edir.

Ən təhlükəlisi isə odur ki, Vaşinqton bu cür qərarlarla regionda siyasi plüralizmi daha da boğur, avtoritar rejimlərin əlini gücləndirir, sonra da ‘demokratiya ixracından’ danışır. Əslində, Tramp bu addımı ilə ABŞ-ın imicini yenidən şəxsi reytinqinin xidmətinə verir və ‘terrorla mübarizə’ni içi boş bir siyasi şüara çevirir.”

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa