Təyyarə böhranı SONRASI: Azərbaycan Rusiyanın təsir rıçaqlarını NECƏ SINDIRDI?
Azərbaycan-Rusiya münasibətlərindəki son böhran adi bir diplomatik soyuqluqdan daha dərin və təhlükəli prosesin göstəricisidir. İki ölkə arasında səssiz, amma sərt şəkildə davam edən qarşıdurma regional balansı dəyişmək gücündə olan yeni bir mərhələyə keçib. Formal bəyanatların arxasında isə illərlə yığılan ziddiyyətlər, pozulmuş etimad və dəyişən geosiyasi maraqlar dayanır.
Ən vacib məqamlardan biri budur ki, budəfəki qarşıdurmanın arxasında kənar güclər deyil, tamamilə daxili faktorlar dayanır. Hər iki ölkənin öz strateji dilemması, daxili təlatümləri və psixoloji həssaslıqları bu münasibətləri kritik həddə çatdırıb. Xarici aktorlar isə sadəcə mövcud vəziyyətdən istifadə etməyə çalışır, çünki onlar oyunun qurucusu deyillər.
Böhran 2024-cü ilin dekabrında Azərbaycan mülki təyyarəsinin Rusiya tərəfindən vurulması ilə alovlandı. Ancaq hadisənin özü qədər Kreml rəhbərliyinin hadisəyə dair qeyri-müəyyən və susqun mövqeyi Bakının əsəblərini tarıma çəkdi. Yekunda Rusiya ilə yüksək səviyyəli dialoq demək olar ki, iflic oldu. Moskva bir tərəfdən təzyiq göstərir, digər tərəfdən isə danışıqlara açıq olduğunu bildirir. Bu ziddiyyətli yanaşmalar isə Azərbaycan üçün artıq etibarsız bir tərəfdaş obrazı formalaşdırıb.
Yekaterinburqda baş verən hadisələr, eləcə də Azərbaycanın diasporuna qarşı yönəlmiş kampaniya yalnız gərginliyin dərinləşməsinə səbəb oldu. Rusiya bu prosesi lokal insident kimi göstərməyə çalışsa da, Bakı daha geniş siyasi müstəviyə çıxış etdi: burada söhbət bir təyyarədən deyil, uzunmüddətli inamsızlıqdan gedir. Rusiya hazırda həm Azərbaycan, həm də Ermənistanla paralel şəkildə münasibətlərini itirməkdədir. Bu proses strateji infrastrukturun sıradan çıxması ilə müşayiət olunur. Azərbaycanda “Rossotrudniçestvo” ofisinin fəaliyyəti dondurulub, Ermənistanda isə ruslara məxsus Elektrik Şəbəkələri milliləşdirilib.
Bütün bunlar təkcə iqtisadi deyil, geosiyasi təcridə doğru aparan simptomlardır. Ermənistanın Rusiya strateji aktivlərinə qarşı addımları dəmiryollarına qədər gedib çıxa bilər. Azərbaycan isə ikitərəfli formatları qorusa da, Kremlə qarşı suverenlik tonunu gücləndirib. Ermənistanda Paşinyana qarşı Rusiya kuratorlarının təşkil etdiyi təxribatlar, əksinə, onun mövqeyini gücləndirdi, Rusiya elitasının qurduğu “alternativ planlar” ifşa edildi. Bu situasiyada Bakı açıq şəkildə bildirdi ki, əgər Moskva Ermənistanda revanşistləri dəstəkləyərsə, Azərbaycan cavabsız qalmayacaq. Yeni regional müharibənin önlənməsi üçün ilk növbədə Rusiya planlarının çökdürülməsi şərtdir.
Bütün bu fon qarşısında Azərbaycanın siyasi strategiyası aydındır: xarici təsirlər minimallaşdırılır, daxili sabitlik əsas prioritet kimi qorunur. Moskva ilə münasibətlərin tarixi və coğrafi dərinliyi danılmazdır, lakin Bakı açıq şəkildə göstərir ki, daxili dinamika artıq heç bir güc mərkəzi tərəfindən pozula bilməz. Azərbaycan-Rusiya münasibətləri indi ya tamamilə yeni parametrlərlə yenidən formalaşdırılmalı, ya da tərəflər arasındakı uçurumu qəbul etməlidir. Bu, təkcə ikitərəfli münasibətlərin deyil, bütövlükdə Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturasının taleyidir. Əgər Moskva real siyasətə deyil, siyasi nostaljiyə davam edərsə, növbəti böhran sadəcə zaman məsələsi olacaq.
Rafi Müslümov