Trampdan iqtisadi TƏHDİD: Ya razılaş, ya da 40% rüsum ÖDƏ

media-hightechnic-468x90

“Tramp hakimiyyətə gəldikdən sonra dünyanın əksər ölkələri ilə ticarət müharibələri aparmağa başlayıb. Burada söhbət sadəcə yeni və köhnə iqtisadi modeldən yox, ABŞ-nin iqtisadi maraqlarına uyğun bir sistemin qurulmasından gedir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

media-sultanzahidov1

Siyasi təhlilçi ABŞ prezidenti Donald Trampın yeni qlobal “tarif müharibəsi”ndə həyata keçirdiyi yeni planı izah edib.

Xatırladaq ki, “Reuters” agentliyinin verdiyi məlumata görə, 7 iyulda Tramp 14 ölkəyə tarif məktubları göndərib və burada 2 aprel 2025-ci ildə tətbiq olunan rüsumlara cüzi dəyişikliklər edilib.

KİV əlavə edib ki, əgər həmin ölkələr bu tarixədək ABŞ-la ticarət sazişi imzalamazlarsa, yeni tariflər 1 avqustdan qüvvəyə minəcək. Bu addım onlara təzyiq göstərmək və danışıqları sürətləndirmək məqsədi daşıyır. Hazırda yalnız Böyük Britaniya, Vyetnam və Çinin ABŞ ilə razılaşma əldə etdiyi qeyd olunub.

Proseslərə münasibət bildirən S. Zahidov əmindir ki, sözügedən “ticarət müharibələri” hələ də davam edir:

“İstər Avropa İttifaqı ilə, istərsə də Uzaq Şərq və Latın Amerikası ölkələri ilə münasibətlərdə gərginlik müşahidə olunur. Hazırda yalnız bir neçə ölkə, o cümlədən Vyetnam, Böyük Britaniya və Çinlə müəyyən sazişlər imzalanıb, digər ölkələrlə isə ticarət razılaşmaları hələ də qüvvəyə minməyib. Hətta ABŞ-nin ən yaxın müttəfiqi və ən böyük ticarət tərəfdaşı olan Avropa İttifaqı ilə belə bu kimi razılaşmaların əldə olunması illərlə vaxt ala bilir. Bu da o deməkdir ki, bir çox ölkə Tramp administrasiyasının təklif etdiyi sərt şərtlərlə razılaşmağa hazır deyil. Çünki bu şərtlər əksər hallarda yalnız ABŞ-ın maraqlarına xidmət edir”.

Analitik xatırladıb ki, Tramp administrasiyası tərəfindən 14 ölkəyə məktub göndərilib:

“Məktubda bildirilir ki, əgər ABŞ-nin irəli sürdüyü şərtlər qəbul olunmasa və onun maraqlarına uyğun ticarət razılaşmaları imzalanmasa, avqustun 1-dən etibarən həmin ölkələrə qarşı 25%-dən 40%-ə qədər gömrük rüsumları tətbiq ediləcək. Bu məktublar, əsasən, ABŞ-nin yaxın ticarət tərəfdaşlarına – Cənubi Koreya, Yaponiya, Tailand, Cənubi Afrika Respublikası, Laos, Myanma, Malayziya və hətta Qazaxıstan kimi ölkələrə göndərilib. Məsələn, təkcə Yaponiya və Koreyanın hər birinə qarşı 25%-lik gömrük rüsumlarının tətbiqi nəzərdə tutulur. Bəzi ölkələr üçün bu rüsumlar 36%-ə, hətta 40%-ə qədər artırıla bilər”.

S. Zahidov əmindir ki, ABŞ bu addımla əsas məqsəd kimi öz iqtisadi maraqlarına uyğun ticarət razılaşmaları əldə etməyə çalışır:

“Lakin bu, yalnız ikitərəfli münasibətlərə deyil, ümumilikdə dünya iqtisadiyyatına da təsir göstərir. Həmçinin, ABŞ-nin gömrük rüsumlarını artırması nəticəsində xarici məhsulların qiymətində artım baş verir ki, bu da sadə amerikalı istehlakçıların büdcəsinə mənfi təsir edir. Hazırda həmin ölkələr – Yaponiya, Koreya və digərləri ABŞ-nin irəli sürdüyü təklifləri diqqətlə incələyirlər. Gözlənilir ki, yaxın vaxtlarda onlar öz təkliflərini rəsmi şəkildə ABŞ-yə göndərəcəklər. Baxmayaraq ki, “dedlayn” (son tarix – red.)  avqustun 1-i olaraq elan edilib, bu tarix yenidən uzadıla bilər. Əvvəllər də eyni hal yaşanıb, məsələn, ilkin tarix 9 iyul idi, lakin sonradan uzadıldı”.

Həmsöhbətimizin fikrincə, Tramp da bildirib ki, əgər qarşı tərəf ABŞ üçün maraqlı təkliflər təqdim edərsə, bunlar nəzərə alına bilər:

“Yəni müəyyən bir manevr sahəsi mövcuddur. Tramp bununla həm də ABŞ-yə qarşı ədalətsiz ticarət münasibətlərinin qarşısını almağa çalışdığını vurğulayır. Onun fikrincə, ABŞ uzun illər ərzində digər ölkələrdən daha çox məhsul alıb, amma onlara daha az məhsul satıb. Bu isə ticarət balansında mənfi saldonun yaranmasına və nəticədə ABŞ iqtisadiyyatına zərərin artmasına səbəb olub”.

“Bu problemin aradan qaldırılması üçün Tramp administrasiyası iki alternativ təklif edir: ya ABŞ-nin maraqlarına uyğun ticarət razılaşmaları imzalanmalı, ya da həmin ölkələrə yüksək gömrük rüsumları tətbiq olunmalıdır. Məqsəd, bu rüsumlar hesabına ABŞ büdcəsinə trilyonlarla dollar vəsait cəlb etmək, bu vəsaitlə ölkənin ticarət defisitini azaltmaq və borclarını ödəməkdir. Hazırda ABŞ-nin 14 ölkəyə qarşı əsas tələbi odur ki, bu ölkələr ya ABŞ-dən idxalı artırsınlar, ya da öz bazarlarında ABŞ istehsalı olan məhsulların istehsalına şərait yaratsınlar. Əks halda, gömrük rüsumlarının artırılması qaçılmaz olacaq”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600