Trampın rezonans yaradan TƏHDİDİ – ABŞ yenə də İranı VURACAQ?

media-hightechnic-468x90

“Trampın İranın nüvə proqramı ilə bağlı verdiyi sərt reaksiyalar əslində başa düşüləndir. Çünki məlumdur ki, İsrail və İran arasında baş vermiş 12 günlük müharibə dönəmində son nöqtəni faktiki olaraq ABŞ qoydu. Belə ki, İranın nüvə obyektlərinə endirilmiş zərbələrdən sonra ABŞ prezidenti Donald Tramp nüvə proqramının ciddi zərər gördüyünü və praktiki olaraq məhv edildiyini bəyan etdi”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

media-resadbayramli1

Siyasi təhlilçi ABŞ prezidenti Donald Trampın İranın nüvə obyektlərinin yenidən vurula biləcəyi ilə bağlı səsləndirdiyi ifadələrə münasibət bildirib.

Onun sözlərinə görə, üzərindən qısa müddət keçdikdən sonra ABŞ kəşfiyyatı tərəfindən hücumların gözlənilən səviyyədə nəticə vermədiyinə dair məlumatlar açıqlanmağa başladı:

“Ardınca Fransa kəşfiyyatı da bu məlumatları təsdiqlədi. Nəticədə, ABŞ Konqresində, xüsusilə də demokratlar arasında Trampın nüvə proqramının sıradan çıxarıldığı barədə verdiyi bəyanatlara qarşı narazılıq formalaşdı və onun açıqlamalarının həqiqəti əks etdirmədiyi irəli sürüldü. Bunun fonunda Tramp özü də bəzi korrektiv açıqlamalar verməyə məcbur oldu. Xatırlayırsınızsa, o, İranın hələ də gizli nüvə obyektlərinə sahib ola biləcəyini etiraf edərək, ehtiyac yaranacağı təqdirdə yeni hücumların həyata keçirilə biləcəyini istisna etmədi. Bu isə əslində, Trampın İranın nüvə proqramını davam etdirdiyini dolayısı ilə qəbul etdiyini göstərir”.

Müsahibimiz əmindir ki, digər tərəfdən, İsrail də daim yeni hərbi əməliyyatların mümkünlüyü ilə bağlı bəyanatlar verir:

“Trampın da bu yöndəki açıqlamaları İrana verilmiş birbaşa mesaj kimi dəyərləndirilməlidir. Bu yalnız ABŞ-nin daxili ictimaiyyətinə ünvanlanmış siyasi gediş deyil, eyni zamanda Tehran rejiminə açıq xəbərdarlıqdır. Tramp, əgər İran nüvə sazişinə qayıtmasa, danışıqlarda iştirak etməsə və təklif olunan şərtləri qəbul etməsə, yeni hücumların istisna olmadığını deməyə çalışır. Müharibədən keçən dövr ərzində hələ də konkret irəliləyişin olmaması onu göstərir ki, İran hərbi və texniki cəhətdən ciddi zərər görsə də – hansı ki, hava hücumundan müdafiə sistemləri sıradan çıxarılsa, İsrail təyyarələri Tehran üzərində uçuşlar həyata keçirməyə başlasa belə – Tehran rejimi müharibəni davam etdirməyə hələ də potensialı olduğunu düşünür və təklif olunan şərtlərə isti yanaşmır. Bu isə nəticə etibarilə yeni toqquşma ehtimalını daha da artırır”.

Müsahibimizin fikrincə, bununla belə, növbəti hərbi qarşıdurma baş verəcəksə, bu, sadəcə bir dəfəlik bombardmanla yekunlaşmayacaq:

“İranı nüvə proqramını dayandırmağa məcbur etmək üçün daha genişmiqyaslı və uzunmüddətli hərbi zərbələrə ehtiyac ola bilər. Ona görə də indiki mərhələdə Trampın verdiyi xəbərdarlıq həm siyasi, həm də strateji baxımdan rasional görünür. Əgər İran həqiqətən də nüvə silahı istehsal etmək niyyətində olmadığını göstərmək istəyirsə, o zaman beynəlxalq nəzarət konsorsiumunun yaradılmasına, nüvə obyektlərinə giriş icazəsinə və sülh məqsədli nüvə texnologiyasının inkişafına dair Qərb ölkələrinin təkliflərinə müsbət yanaşmalıdır. Trampın son bəyanatı yalnız ABŞ ictimaiyyətinə deyil, həm də birbaşa İrana və beynəlxalq ictimaiyyətə ünvanlanmış ciddi bir mesajdır. Xüsusilə də Avropa İttifaqı ilə İran arasında nüvə danışıqlarının davam etdiyi bir dövrdə belə açıqlamanın verilməsi, İranı tez bir zamanda nüvə sazişinə qayıtmağa çağırış kimi qiymətləndirilə bilər”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600