!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna ətrafında nüvə RİTORİKASI: Rusiya taktiki nüvə silahından istifadə edəcək?

!Reklam – Yazi

“Son bir neçə həftədir ki, Ukrayna ətrafında nüvə ritorikası daha da şiddətlənib”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

Həmsöhbətimiz Ukraynanın Rusiya ərazilərini hədəfə alması ilə bağlı Qərb rəsmiləri tərəfindən mütəmadi şəkildə səslənən fikirlərdən, habelə Rusiyanın bununla bağlı sərt mövqeyindən söz açıb.

Siyasi təhlilçi əmindir ki, Rusiya və Qərb ardıcıl şəkildə müxtəlif növ təzyiq edici və qorxu aşılayıcı bəyanatlar səsləndirirlər:

“Məsələn, Rusiya artıq bir neçə dəfə taktiki nüvə silahlarından istifadə edə biləcəyini vurğulayıb. Hətta Belarusda Rusiya-Belarus birgə taktiki nüvə silahları təlimi həyata keçirilməkdədir. Öz növbəsində, ABŞ də Rusiya nüvə silahından istifadə edəcəyi təqdirdə, faciəvi sonluqların baş verəcəyini bəyan etmişdir”.
Onun sözlərinə görə, bütün bu açıqlamalar, sözsüz ki, iki ölkə arasında yenilik deyil:

“Yəni konfrontasiyası və bunun ətrafındakı psixoloji hərb hələ Soyuq müharibə dönəmində də iki ölkə arasında şiddətli şəkildə davam etməkdə idi. Bu gün isə biz bunun post Soyuq müharibə dönəmindəki fazasını görürük. Amma baş verən proseslər bir daha onu göstərir ki, hazırda dünya Soyuq müharibədən sonra yeni dünya savaşına, yaxud nüvə savaşına heç zaman olmayacağı qədər yaxındır. Yəni Rusiyanın Belarusda taktiki nüvə silahları ilə bağlı hərbi təlimlər keçirməsi haqqında qərar verməsi həm də ona hesablanıb ki, Qərbin Ukraynaya birbaşa müdaxiləsini, yaxud da ki, Ukraynaya Rusiyanı birbaşa hədəf ala biləcək silahlar verməsini önləsin”.

S. Zahidov aydınlaşdırıb ki, nüvə silahının əsas funksiyalarından biri onun çəkindiriciliyidir:

“Məhz bu funksiya da Soyuq müharibənin isti müharibəyə çevrilməməsinə, eləcə də ABŞ və SSRİ arasında birbaşa konfrontasiyanın yaranmamasına gətirib çıxardı. Çünki hansısa bir ölkənin nüvə silahı varsa, bu silah digər ölkələrin ona müdaxilə və hücum etməsinin qarşısını alacaq. Yəni bir növ həmin ölkələri çəkindirmiş olur. Buna görə də nüvə silahının ən dəyərli funksiyası bəlkə də çəkindirici olmasıdır”.

Politoloq diqqətə çatdırıb ki, Rusiya da bu mənada Belarusdakı nüvə təlimləri ilə ABŞ və Avropanı birbaşa müdaxilədən çəkindirməyə, ümumiyyətlə isə Rusiyanı hədəf ala biləcək silahları Ukraynaya göndərməməyə vadar etmək istəyir:

“Son vaxtlar Avropada Ukraynaya birbaşa müdaxilə ilə bağlı müzakirələr baş verməkdədir. Fransa prezidenti Emmanuel Makronun Odessaya qoşun göndərməklə bağlı bəyanatı uzaq keçmişə dayanmır. Bu da ondan irəli gəlir ki, Ukraynadakı vəziyyətin son 1 ildə dəyişməsi ilə Ukraynanın ciddi hücumlar həyata keçirə bilməməsi ilə əlaqədardır. Ona görə ki Ukrayna cəbhədə məğlub olur ki, bu da Qərbi birbaşa müdaxiləyə sövq edə bilər. Əgər bu, baş verərsə, yaxud Rusiyanı hədəf ala biləcək daha ali silahlarla Ukraynanı təmin edərsə, düşünürəm ki, bu növbəti dünya müharibəsinə gətirib çıxara bilər. Doğrudur, dünyanın aparıcı ölkələri buna qarşıdır, lakin Polşa və Baltikyanı respublikalar ABŞ-nin daha ali silahlarla Ukraynanı təmin etməsini, hətta Ukraynaya birbaşa ordu göndərməsini dəstəkləyirlər”.

Rafi Müslümov

COP29

www.yenicag.az

317
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv