Vasitəçilərsiz danışıqlar: Azərbaycan Ermənistanı sülh masasına NECƏ ÇƏKDİ?
“İstər erməni mediası, istərsə də Ermənistan hökuməti görüşü konstruktiv və nəticəsi olacaq bir görüş kimi dəyərələndirir”.
Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəfail Becanov deyib.
O, Ermənistan Nazirlər Kabinetinin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş Əbu-Dabidə baş tutan görüşün bəzi təfərrüatlarının açıqlayacağı ilə bağlı xəbərini şərh edib.
Siyasi şərhçi bildirib ki, bu görüşdə diqqətçəkən məqamlarından biri tərəflərin təşəbbüsü ilə baş tutmasıdır:
“Dəfələrlə Avropa ölkələri və ya Moskvanın təşəbbüsü ilə bu istiqamətdə görüşlər təşkil olunub. Lakin hamısı nəticəsiz qalıb. Çünki vasitəçilərin məqsədi Cənubi Qafqazda sabitlik, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması yox, əksinə, Ermənistana vaxt qazandırmaq, dolayısı ilə onun silahlanmasına şərait yaratmaq olub. Ancaq bu format fərqlidir və birbaşa danışıqlar prosesi irəliyə aparmaq gücündədir”.
Onun fikrincə, Ermənistanın bu formatı qəbul etməsi onun artıq vaxt qazanmaq və ya manipulyasiya etmək, özünü sülhpərvər göstərib proseslə imitasiya etmək imkanlarını minimuma endirir:
“Azərbaycan Ermənistandan fərqli olaraq, sülhə hazır olduğunu əməlləri ilə sübut edir.Təbii ki, danışıqlarda iştirak edən nümayəndə heyətininin tərkibi də göstərir ki, bu görüşdə ciddi şəkildə müzakirələr aparılıb. Sərhədlərin delimitasiya və demarkasiyası, Zəngəzur dəhlizi, sülh müqaviləsi ilə bağlı bütün detallar müzakirə edilib. Əbu-Dabi görüşü yeni diplomatik platformadır. Bu, eyni zamanda hər iki tərəfin sülhü təzyiqsiz və praqmatik formada davam etdirmək məsələsidir. Ermənistan konstitusiya dəyişikliklərini müzakirəyə çıxarmaqla prosesin dinamikasının artmasına təkan verdi. Çünki sülh üçün ilk növbədə hüquqi zəmin yaradılmalıdır. Digər tərəfdən, nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı da Ermənistan tərəfdən müsbət siqnallar eşidilməkdədir”.
R. Becanov əmindir ki, Prezident İlham Əliyev strateji və prinsipial bir formada regionda sabitliyin dayanıqlı olması istiqamətində dəfələrlə açıq mətnlə mühüm mesajlar verib:
“Ermənistan tərəfi artıq bunları qəbul etməyə başlayıbsa, bu, sülh yolunda uğurun başlanğıcı sayılmalıdır. Görüşün detallarını açıqlanmasına gəldikdə isə onu deyək ki, istər erməni mediası, istərsə də Ermənistan hökuməti görüşü konstruktiv və nəticəsi olacaq bir görüş kimi dəyərələndirir. Bu baxımdan, düşünmək olar ki, Ermənistan Nazirlər Kabinetinin danışıqların bəzi təfərrüatlarını açıqlayacağı dedikdə, məhz aparılan və müsbət dinamikaya səbəb olacaq məsələləri ictimaiyyətə açıqlamaqdan söhbət gedir. Çünki Ermənistanda revanşistlər və onun təsirində olan kilsə xarici havadarlarının təzyiqi ilə görüşə kölgə salmağa cəhd edirlər”.
“Bu baxımdan da hesab etmək olar ki, ictimai məlumatlandırma ilə Paşinyan prosesi davam etdirmək üçün özünə şans və daxili sosial dəstək istəyir. Çünki sülh rəmzi məna daşıya bilməz. Sülh ictimai prosesdir, erməni cəmiyyəti revanşistləri yerində oturtmalı və regional sabitliyə dəstək göstərməlidir. Paşinyan revanşist müxalifətin prosesi əngəlləməsinin qarşısını almalıdır ki, prosesi davam etdirə bilsin. Düşünürəm ki, onun ofisinin açıqlaması bu məqsədə xidmət edir. Ona görə də görüşün formatına, müzakirə olunan məsələlərə və ümumi razılaşmalara xələl gətirəcək açıqlamalar verilməsi inandırıcı deyil. Əgər belə bir hal olarsa, bu, Ermənistan hakimiyyətini və şəxsən Paşinyanın sülhə hazır olmadığı deməkdir”, – deyə o, fikirlərini tamamlayıb.
Nəsimi Ələsgərli