VI raund öncəsi YENİ MƏRHƏLƏ: Tramp Tehranla masaya DÖNÜR

media-hightechnic-468x90

“Ən azından, yaxın müddət ərzində regionda silahlı toqquşmalar baxımından müəyyən strateji fasilənin yaranması mümkündür”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

media-elman-nesirov-yeni-3

O, Tehranın təşəbbüsü ilə ABŞ-İran danışıqlarının mümkün nəticələrini təhlil edib.

Deputat bildirib ki, 1979-cu ildə İran-İslam İnqilabından sonra ABŞ-İran münasibətləri xarakter etibarilə düşmənçiliyə çevrildi.

“ABŞ həm fərdi qaydada, həm də BMT çərçivəsində İrana qarşı sanksiyalar rejimini tətbiq etməyə başladı və bu günə qədər də davam edir. Lakin 2015-ci ildə Obama administrasiyası dövründə ABŞ və İran arasında nüvə sazişi əldə olundu. “5+1” formatında aparılan danışıqlar müsbət nəticələndi və İran müəyyən öhdəliklər götürdü. İran bildirdi ki, nüvə silahı hazırlamayacaq və nüvə texnologiyasını yalnız dinc məqsədlər üçün istifadə edəcək. Bu öhdəliklərin yerinə yetirilməsinə MAQATE tərəfindən nəzarət olunacaqdı”.

Onun sözlərinə görə, 2017-ci ildə Donald Trampın hakimiyyətə gəlişi ilə həmin razılaşma ləğv edildi:

“Məlumdur ki, 2017–2021-ci illərdə, yəni Trampın birinci prezidentlik dövründə Vaşinqton və Tehran arasındakı münasibətləri  xüsusilə nüvə məsələsi ətrafında kritik həddə çatdı. Tramp ikinci prezidentliyi dövründə İrana qarşı daha sərt mövqe tutdu. Bəyan etdi ki, əgər İran nüvə proqramından imtina etməzsə, ABŞ-nin həm artan sanksiya rejimi ilə yanaşı həm də hərbi təzyiqlərlərlə üz-üzə qalacaq. Bu çərçivədə 5 raund danışıqlar keçirildi, lakin 6-cı raund baş tutmadı. Səbəb isə İsrail və İran arasında baş verən məlum 12 günlük müharibə idi. Müharibənin gedişatında ABŞ İranın İsfahan və Natanz şəhərlərindəki nüvə obyektlərinə zərbələr endirdi, xüsusilə də Fordo nüvə obyektinə ağır bombalarla hücum edildi”.

Müsahibimizin fikrincə, nəzərə almaq lazımdır ki, Tramp sülhpərvər prezident kimi tarixdə qalmaq istəyir:

“O, prezidentliyinin ilk günlərindən bu niyyətini dilə gətirərək hətta Nobel Sülh Mükafatına namizəd olmağı da hədəfləmişdi. Məhz buna görə onun təzyiqləri ilə İsrail və İran arasında atəşkəs razılaşması əldə olundu. İran da 6-cı raund danışıqların bərpasına dair maraqlı olduğunu ifadə etdi. Görünür ki, 12 günlük müharibə öz təsirlərini göstərməkdədir. Həm Vaşinqtonda, həm Tehranda, həm də Tel-Əvivdə gözəl anlayırlar ki, bu müharibə bölgə üçün ciddi nəticələrə gətirib çıxara bilər. Çünki İsrail nüvə silahına sahib olsa da İran da əhalisinin sayı və ərazisinə görə çox böyük ölkədir. Bu baxımdan, müharibə heç də sıradan və adi olmaz. Ona görə də düşünürəm ki, Trampın və Tehranın maraqları çərçivəsində 6-cı raund danışıqların baş tutması ehtimalı böyükdür. Ən azından yaxın müddət ərzində regionda silahlı toqquşmalar baxımından müəyyən strateji fasilənin yaranması mümkündür”.

Nəsimi Ələsgərli

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600