Xarici jurnalistlərin gözündə Şuşa FORUMU: “Burada gördüklərimiz mediada eşitdiklərimizdən çox fərqlidir”
“Xarici jurnalistlərin gözündə Şuşa forumu: “Burada gördüklərimiz mediada eşitdiklərimizdən çox fərqlidir”.
Bu fikirləri Yenicag.az-a III Şuşa Qlobal Media Forumunda yaxından iştirak edən aparıcı jurnalistlərdən biri, “Real TV”nin Sənədli filmlər departamentinin direktoru Vəfa Həmzəyeva bildirib.
Xankəndi şəhərində keçirilən III Şuşa Qlobal Media Forumu haqqında öz fikirlərini bildirən tanınmış jurnalist forumun perspektivlərindən və vacibliyindən bəhs edib:
“2025-ci ildə keçirilən 3-cü Şuşa Qlobal Media Forumu sadəcə bir tədbir deyildi, bu, Azərbaycanın informasiya siyasətində keyfiyyətcə yeni mərhələnin siyasi və ideoloji manifestinə çevrildi. Forum ilk dəfə olaraq təkcə Şuşada deyil, həm də Xankəndidə təşkil olundu. Bu faktın özü belə, mahiyyət etibarilə, təkcə rəmzi deyil, eyni zamanda strateji xarakter daşıyır. Azərbaycanın informasiya suverenliyi artıq yalnız müdafiə olunmur. Bu suverenlik hərbi-siyasi reallıqlarla tam sinxron şəkildə informasiyanın yenidən mülkləşdirilməsi və mənalandırılması mərhələsinə keçib”.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin forumdakı çıxışından bəhs edən V. Həmzəyeva cənab Prezidentin dünyaya verdiyi önəmli mesajları xüsusi vurğulayıb:
“Şuşa və Xankəndi – bu iki şəhərin kontekstində keçirilən forum həm rəmz, həm mesaj, həm də media üçün “canlı mətn” idi. Tarixən qoparılan, təhrif olunan, səsi batırılan bir region indi öz səsini bərpa edir. Üstəlik, bunu yalnız lokal deyil, qlobal informasiya nizamı kontekstində edir. Bu, modern informasiya siyasətinin Azərbaycan modelidir: diplomatik, texnoloji, ideoloji və media vasitələrinin birləşdiyi sinerji”.
V. Həmzəyevaya görə, forumun strukturlaşdırıcı sütunu Prezident İlham Əliyevin çıxışı oldu:
“Onun nitqində diqqətçəkən əsas nüans, informasiya təhlükəsizliyinin artıq klassik sərhədləri aşaraq milli təhlükəsizlik məsələsinə çevrildiyinin vurğulanması idi. Bu, əslində Qərbdə yeni formalaşmağa başlayan bir diskursdur: media suverenliyi və məlumat dövriyyəsinin geosiyasi idarəsi. Prezidentin çıxışı informasiya savaşına taktiki deyil, strateji baxış idi. O, təkcə reallıqları təqdim etmədi, həm də bu reallıqların necə təqdim olunmalı olduğunu göstərdi. Bu, postmünaqişə dönəmində medianın funksiyası ilə bağlı mühüm nəzəri siqnaldır: jurnalistika sadəcə faktlar toplusu deyil, həm də ictimai yaddaşın memarıdır axı”.
“Forumda müzakirə olunan əsas başlıqlar – “Süni intellekt və medianın gələcəyi”, “Dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq”, “Postmünaqişə bölgələrində medianın missiyası”, “İnformasiya diplomatiyası və yumşaq güc” bu sahədə çalışanlar üçün əsl düşüncə meydanı yaratdı. Süni intellektin informasiya istehsalına və paylaşımına təsiri artıq təkcə texnoloji məsələ deyil, bilik nəzəriyyəsi və etik məsələdir. Azərbaycan bu reallığı anlayaraq media forumunda AI texnologiyalarının medianın forması və fəlsəfəsinə təsirini ciddi şəkildə gündəmə gətirdi. Bu cür diskussiyalar, Azərbaycanda medianın yalnız nəqledici yox, həm də düşünən və təhlil edən mərhələyə qədəm qoyduğunu göstərir”, – deyə o, əlavə edib.
Forum ərzində bir çox müsahibələrə imza atmış müsahibimiz qeyd edib ki, xarici qonaqlar və jurnalistlər forum haqqında danışarkən təəccübünü gizlədə bilməyərək bu möhtəşəm tədbirdən ağız dolusu danışıblar:
“Forum çərçivəsində xarici jurnalistlərlə keçirdiyim söhbətlərdə və etdiyimiz müsahibələrdə bir ortaq fikrə rast gəldim: “burada gördüklərimiz mediada eşitdiklərimizdən çox fərqlidir.” Bu cümlə sadəcə emosiya yox, qlobal informasiya mühitində yaranan epistemoloji böhranın əlamətidir – media, həqiqət və təmsil arasındakı uçurum. Şuşa Forumu bu uçurumu göstərməklə yanaşı, onu aşmağa çalışdı. Müsahibə aldığım jurnalistlər qeyd etdilər ki, bu regionda artıq üçüncü və ya dördüncü dəfədir səfər edirlər. Onların müşahidəsi tamamilə obyektivdir: hər dəfə gəldiklərində yeni yollar, yeni infrastrukturlar, dirçələn mədəniyyət ocaqları və bərpa olunan şəhərlər görürlər. Yəni Azərbaycan informasiya ilə görüntü arasında uyğunluq yaradan nadir ölkələrdən biridir – burada reallıq PR deyil, bilavasitə faktdır. Forumun daha dərin qatında belə bir sual vardı: münaqişə sonrası media nə etməlidir? Sadəcə informasiyanı təqdim etməkmi, yoxsa kollektiv yaddaşı və informasiya ədalətini bərpa etməkmi? Məhz bu sual ətrafında yaranan intellektual diskurslar Forumun ciddi fərqini ortaya qoydu. Azərbaycan bu bölgələrdə təkcə torpaq deyil, narrativ bərpa edir. Bu isə yalnız jurnalistikanın deyil, siyasi kommunikasiya nəzəriyyəsinin də nüvəsini təşkil edir”.
Sonda V. Həmzəyeva forumun uğurlu alındığını, Şuşadan dünyaya Azərbaycan olaraq önəmli və qərəzsiz mesajlar verildiyini diqqətə çatdırıb:
“Bütün bu səbəblərə görə, hesab edirəm ki, forum Azərbaycanın informasiya doktrinasının açıq şəkildə təqdim olunduğu strateji platforma idi. Həm texniki baxımdan, həm də ideoloji cəhətdən bu forum yalnız jurnalistlərə deyil, media nəzəriyyəçilərinə, kommunikasiya strateqlərinə və siyasi analitiklərə yönəlik bir çağırış idi: Azərbaycanın informasiya reallığı yalnız yerli deyil, qlobal referans nöqtəsinə çevrilməlidir”.
“Bu gün informasiya resursları neft qədər dəyərlidir, bəzən daha çox. Şuşa və Xankəndidə keçirilən forum informasiya geopolitikasında Azərbaycanın rolunu təsdiqlədi. Azərbaycan bu oyunda sadəcə iştirakçı deyil, oyun qaydalarını formalaşdıran aktor olmağa doğru irəliləyir. Bunu yalnız dövlət səviyyəsində deyil, fərdi jurnalist təcrübəmdə də hiss edirəm. İllərlə fərqli münaqişə ölkələrində çəkdiyim reportajlar mənə öyrədib ki, həqiqət bəzən səsdən çox sükutda gizlidir. Şuşa isə bu sükutu qıran yerdir. Burada sözün gücü bərpa olunur. 3-cü Şuşa Qlobal Media Forumu təkcə medianın deyil, həqiqətin də qələbəsi idi. Biz təkcə danışmırıq – reallığı danışdırırıq” – deyə o, bəyan edib.
Həmsöhbətimiz yekunda onu da vurğulayıb ki, Azərbaycan bu forumla sübut etdi ki, yalnız torpaq üzərində deyil, məlumat axınında da suverenik, Qarabağ artıq “xəbər mövzusu” yox, xəbər mərkəzidir və iddia yox, reallıq danışır”.
Nurlan Cəfəri