Yaxın Şərqdəki Sovet “mirası” PKK: Öcalanın sonuncu çıxışı nədən BƏHS EDİR?
“Sovet Rusiyası inqilabı ixrac etmək məqsədilə dünyanın müxtəlif bölgələrində qurduğu təşkilatlar vasitəsilə ciddi siyasi, təşkilati və silahlı mübarizələr aparmışdı”.
Bunu Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.
Analitik PKK-nın qurucusu Abdullah Öcalanın terror təşkilatının ləğvi ilə bağlı yayımladığı videogörüntü və səsləndirdiyi fikirlərə münasibət bildirib.
Onun sözlərinə görə, 1991-ci ildə Sovetlər Birliyi dağıldıqdan sonra ruslar tərəfindən yaradılan PKK terror təşkilatı da sovetlərin bir proksisi olan Suriyada fəaliyyət göstərən BƏƏS rejiminə təhvil verilmişdi:
“2024-cü il dekabrın 8-də sonuncu BƏƏS-çi olan Bəşər Əsəd Rusiyaya qaçdıqdan sonra Yaxın Şərqdə Rusiyaya bağlı təşkilatların varlığını davam etdirməsinin mümkün olmadığı həqiqəti ortaya çıxmağa başladı. Eyni zamanda bölgədə İranın adından İsrailə qarşı mübarizə aparan muzdlu təşkilatların da ləğv prosesi paralel şəkildə başlandı. PKK-nın qurucusu Abdullah Öcalan bu prosesi yaxından izlədiyindən, artıq silahlı mübarizə ilə mövcudluq nümayiş etdirməyin mümkün olmadığını nəzərə alaraq təşkilatın silahı yerə qoyması ilə bağlı prosesi başlatdı. Türkiyə Cümhuriyyəti dövləti 40 ildir mübarizə apardığı terror problemini həll etmək üçün ciddi bir addım atmağa qərar verdi”.
H. Oktay əmindir ki, terror təşkilatının silahı yerə qoyarkən irəli sürdüyü şərtlər və Türkiyənin bu şərtlərə verəcəyi cavablar qarşıdakı günlərdə daha çox müzakirə olunacaq:
“PKK beynəlxalq dəstək yönündə bu istiqamətdə qərar verərkən, prosesi sabotaj etməyə çalışan marginal qrupların mövcudluğu da nəzərə alınaraq ehtiyatlı addımlar atılır. Təşkilat Öcalanın azadlığa buraxılmasını tələb etsə də, Öcalan bu prosesi daha ehtiyatlı şəkildə aparır, öz azadlığını deyil, cəmiyyətin gələcəyini əsas götürdüyünü son yayımladığı videoda ifadə edib. O bildirib ki, proses tam başa çatdıqdan sonra onunla bağlı mümkün güzəştlər müzakirə oluna bilər”.
Professorun fikrincə, iki gün əvvəl baş verən hadisədə 12 əsgərin şəhid olması Türkiyə cəmiyyətində ciddi reaksiya doğurdu:
“Nəticə etibarilə, bundan sonrakı mərhələdə baş verəcək ən kiçik təxribat hərəkəti Türk xalqının bu prosesə və hökumətin atdığı addımlara qarşı tənqidi münasibət göstərməsinə səbəb ola bilər. Türkiyə həm daxili, həm də beynəlxalq ictimaiyyətin reaksiyalarını nəzərə alaraq ehtiyatla hərəkət edir. Lakin prosesi pozmaq istəyən qüvvələr də meydana çıxacaq. Bundan sonrakı mərhələdə daha diqqətli və strateji addımlar atılacağı gözlənilir. Yaxın Şərqdə Türkiyəyə rol modeli təlqin etməyə çalışanlara qarşı Abdullah Öcalanın silahları yerə qoyma çağırışı ilə Türkiyənin əslində bölgə üçün rol model olmasının yolu açılmış oldu”.
Rafi Müslümov